Məhkəmə qərarları › İş №e-2(003)-1639/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1639/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1639/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 215000 manat məbləğində pulun və 757,50 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanılmış 18 iyun 2020-ci il tarixli kredit müqaviləsi əsasında cavabdehə 235000 manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən 20000 manat məbləği xx.xx.2020-ci il tarixdə, qalan 215000 manatı isə xx.xx.2021-ci il tarixdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh öz öhdəliyinə əməl etmədiyi üçün 20.000 manat hissədə qanunvericiliyə uyğun olaraq icra qeydi verilmiş, 215000 manat hissədə isə müqavilə üzrə tələb müddəti başa çatsada, yenə öz öhdəliyinə əməl etməmişdir. Bildirmişdir ki, cavabdeh iddiaçıya ünvan 1 ünvanında 4 otaqdan ibarət mənzilinin olduğunu və çoxsayda dəyəri yüksək olan antikvar avtomobillərinin olduğunu bildirmiş və mənzilə dair çıxarışı, avtomobillərə dair texniki pasportların surətini təqdim etmişdir. Cavabdeh borcu qaytarmaq imkanı olduğunu göstərərək iddiaçını aldatmışdır. İddiaçı dəfələrlə cavabdehdən öhdəliyinə əməl edilməsini və pullarını tələb etsədə, cavabdeh həmin pulları verməmişdir Hətda bu barədə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya göndərilmiş və 3 gün ərzində borcunu tam şəkildə ödəməsi tələb olunmuş, lakin cavabdeh yenə də öz öhdəliyini tam icra etməmişdir. Ona görə də borc müqaviləsinə əsasən 215000 manat hissədə iddia qaldırılmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İzahatında həmçinin bildirdi ki, cavabdeh tərəfindən götürülmüş 215000 manat məbləğində pulun heç bir hissəsi qaytarılmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən cavabdeh X1 235000 manat məbləğində pul borca verilmiş, cavabdeh həmin kreditin 20000 manat məbləğini xx.xx.2020-ci il tarixdə, qalan 215000 manat məbləğini isə xx.xx.2021-ci il tarixdə qaytarması barədə öhdəlik götürmüş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən aralarında bağlanılmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzərinə götürdüyü öhdəliklərin 3 gün müddətində tam şəkildə yerinə yetirilməsi tələb edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 215000 manat məbləğində pulun verilməsi barədə aralarında müvafiq kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən cavabdeh həmin pul məbləğini xx.xx.2021-ci il tarixdə qaytarması barədə öhdəlik götürmüş, lakin həmin öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməmişdir. Borca alınmış pulun qaytarılması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, müqavilə əsasında üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və şərtləndirilmiş vaxtda yetirməmiş və borca aldığı 215000 manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 215000 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddəsinə əsasən 505 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə, iddia tələbinin cavabdehdən 757,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli və ödənilmiş dövlət rüsumuna görə cavabdehdən 505 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 215000 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 505 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 215000 (iki yüz on beş min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 505 (beş yüz beş) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar