Məhkəmə qərarları › İş №e-2(003)-1668/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1668/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1668/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh 4322,76 manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 720,46 manat olmaqla hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh qeyd olunan borc öhdəliyini icra etməmişdir. Cavabdeh öhdəliyini tam olaraq yerinə yetirmədiyinə görə 1945,24 manat məbləğində cərimə öhdəliyi yaranmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixinə iddiaçıya 4322,76 manat əsas borc və 1945,24 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6268 manat ödənilməmiş borc öhdəliyi vardır. Ona görə də İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli borcun etirafı müqaviləsi üzrə əsas borca görə 4322,76 manatın, cəriməyə görə 1945,24 manat və ödənilmiş dövlət rüsumuna görə 82,68 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq əsas borcla razı olduğunu, lakin cərimə borcu ilə razı olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını və məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən İddiaçı MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən müəyyən olunur ki, borclu kreditora 4322,76 manat borcunun yarandığını tam etiraf edir. Müqavilənin 2.1-ci bəndindən görünür ki, borclu etiraf etdiyi 4322,76 manat məbləğində borcu 6 aya bölünməklə xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 720,46 manat ödəməklə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndindən görünür ki, ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0,5 faizi miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziyanın surətindən müəyyən olunur ki, borcalana xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC-nin arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borca görə 4322,76 manat və cəriməyə görə 1945,24 manat olmaqla cəmi 6268 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli borcun etiraf olunması haqqında müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehdən əsas borca görə 4322,76 manat tələbi əsaslıdır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin birgə borcluların borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qanunvericiliyin müddəaları baxımından dəbbə pulunun məbləği tərəflərin əmlak mənafelərinə uyğun, əsas borca mütənasib olmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, halhazırda dəbbə pulunun təmin olunmuş hissəsi tərəflərin əmlak mənafelərinə uyğun, əsas borca mütənasibdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 150 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumunun 65 manatı cavabdehə, 17,68 manatı isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli borcun etiraf olunması müqaviləsi üzrə əsas borca görə 4322,76 manat, cəriməyə görə 150 manat və ödənilmiş dövlət rüsumuna görə 65 manat olmaqla, cəmi 4537,76 (dörd min beş yüz otuz yeddi manat, yetmiş altı qəpik) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 17,68 manatı iddiaçının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar