Məhkəmə qərarları › İş №e-2(003)-1679/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1679/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1679/2025 02.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3874,86 manat məbləğində əsas borc, 440,13 manat məbləğində faiz borcu, 746,30 manat məbləğində cərimə borcu olmaqla cəmi 5061,29 manat borcun və 70,61 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 329987-1-25748 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 21,90 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı banka cəmi 5061,29 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək, yalnız iddianın cərimə hissəsində göstərilən məbləğ ilə razılaşmadığını qeyd etmiş və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul eidlməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 329987-1-25748 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə ilik 21,90 % ödəmək şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qrafikindən görünür ki, Cavabdeh xx.xx.2021ci il tarixdən xx.xx.2026-cı il tarixədək İddiaçı ASC-yə 7000 manat məbləğində əsas borc, 4578,24 manat məbləğində faiz borcu olmaqla, cəmi 11578,24 manat ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 3874,86 manat məbləğində əsas, 440,13 manat məbləğində faiz, 746,30 manat məbləğində cərimə borcu olmaqla cəmi 5061,29 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixi pretenziyadan görünür ki, bank cavabdehi borc barədə xəbərdar edərək gecikdirilmiş borcun 3 iş günü ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan elektron portaldan çıxarışdan aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 70,61 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən bank borcluya, 60 ay müddətinə ilik 21,90 % ödəmək şərti ilə 7000 manat məbləğində kredit vermişdir. İş üzrə cavabdeh kredit müqaviləsinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. İddia tələbinin cərimə pulu hissəsinə münasibətdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Nəzərə almaq lazımdır ki, cərimə borcunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimə borcunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, cərimə borcu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 3874,86 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 746,30 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 150 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 108.2.-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçı hazırki işin məhkəmədə baxılması üçün dövlət büdcəsinə 70,61 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək təmin edilmiş pul məbləği və həmin məbləğə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumunun ödənilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq cavabdehdən dövlət rüsumuna görə 64,64 manat məbləğində pul tutulmalı, 5,97 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, cavabdeh xx.xx.2021-ci il tarixli, 329987-1- 25748 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə yaranmış 3874,86 manat məbləğində əsas borc, 440,13 manat məbləğində faiz borcu, 150 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4464,99 manat məbləğində pul vəsaiti və ödənilmiş 64,64 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh 3874,86 (üç min səkkiz yüz yetmiş dörd manat səksən altı qəpik) manat məbləğində əsas borc, 440,13 (dörd yüz qırx manat on üç qəpik) manat məbləğində faiz borcu, 150 (bir yüz əlli) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4464,99 (dörd min dörd yüz altmış dörd manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 64,64 (altmış dörd manat altmış dörd qəpik) manat dövlət rüsumu borcu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 5,97 (beş manat doxsan yeddi qəpik) manat hissəsi İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar