Məhkəmə qərarları › İş №e-2(003)-1683/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1683/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1683/2023 02.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh (Nahit oğluna) qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh (Nahit oğlu) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5800 manat məbləğində borcun, pul məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq əldən çıxmış fayda-700 manatın, vəkilin göstərdiyi hüquqi yardıma görə 580 manat xidmət haqqının, etibarnamənin təsdiq edilməsi üçün 17,25 manat rüsumun və 91 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 34-də yaşayan İddiaçı və Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, bina 74, mənzil 109-da yaşayan X1 müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı və X2, iş üzrə Cavabdeh Nahit oğluna qarşı pulun tələb edilməsi və ya xidmətin görülməsi, yəni başa çatdırılması tələbi ilə bağlı mülki qaydada Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Cavabdeh Nahit oğlunun borc götürdüyünü etiraf etməsi və borcu ödəyəcəyinə dair vəd verməsi Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında öz əksini tapmışdir. Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir: “Bildirmişdir ki, o, həqiqətən də həmin pulu İddiaçı qaytarmaq istəyir. Belə ki, o, İddiaçı borc kimi 4300 manat və işlərin görülməsi üçün 5000 manat olmaqla, ümumi olaraq 9300 manat pul almışdır. Buna görə də vəd vermişdir ki, o, İddiaçı 9300 manat pulun hamısını ödəyəcəkdir. Belə ki, o, hazırda yeni işə qəbul olunmuş, həmin şirkətdə 1500 manat maaş alacaqdır, həmin pulun 500 manat hissəsi onun aylıq ödənişləri üçün bəs edir, buna görə də aylıq 1000 manat olmaqla və bəlkədə daha tez müddətə İddiaçı pulunu ödəyəcəyinə vəd vermişdir.” Həmçinin, Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir: “Beləliklə aparılmış araşdırma materiallarından müəyyən edilmişdir ki, İddiaçı və X1 müraciətlərində göstərilən xüsusat, yəni Cavabdeh Nahit oğlunun ünvan 1 ünvanda yerləşən evin təmir-bərpa işlərini görməklə düzəldəcəyi adı ilə 4300 manat və 5000 manat olmaqla cəmi 9300 manat pul alması öz təsdiqini tapmış, lakin həmin xüsusatlar araşdırma zamanı yoxlanılaraq həmin xüsusatlarda cinayət tərkibi əlamətləri öz təsdiqini tapmamışdır. xx.xx.2022-ci il tarixindən sonra Cavabdeh Nahit oğlu tərəfindən 2020-ci ildə götürdüyü borcun ümumi məbləğindən (ümumi-9300 manatdan 3500 manat məbləğində pul İddiaçı ödənilmişdir. Lakin Cavabdeh Nahit oğlu tərəfindən 5800 manat məbləğində qalıq borc bugünədək ödənilməmişdir. İşə baxılması zamanı X3 müstəqil tələb irəli sürməyən şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iş üzrə iddiaçının yaşadığı evdə təmir işlərinin görülməsi üçün 5000 manat pul almış, lakin təmir işlərini görməmişdir. Cavabdeh həmçinin iddiaçıya məxsus başqa torpaq sahəsində ev tikməsi üçün əlavə 4300 manat pul almış lakin nə evin tikintisinə balamış, nə də pulu qaytarmışdır. İddiaçı məcbur olub polis orqanına müraciət etmiş, lakin cavabdehin əməlində cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iş üzrə Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, təmir işləri apardığı evin sahibi Tağı Qəniyev olmuş, lakin evdə İddiaçı yaşamış, təmir işlərinin görülməsi üçün pulu da ondan almışdır. Tağı evdə görülən təmir işlərindən əlavə işlərin görülməsini istəmiş, o da razılaşmışdır. Lakin, evdə İddiaçı yaşadığından müqaviləni Faizə ilə bağlamış və və evdə əlavə işlərin görülməsi üçün Faizədən 5000 manat pul almışdır. Lakin, sonradan səhətində olan problemlərə və digər səbəblərə görə razılaşdırılmış əlavə işləri görməmişdir. Həmçinin bildirmişdir ki, o, iddiaçıdan borc kimi 4300 manat pul almışdır. Faizədən cəmi 9300 manat pul almış və həmin puldan 3500 manat qaytarmışdır. İş üzrə müstəqil tələb irəli sürməyən şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin teleqram vasitəsilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə verildiyini və cavabdehin iddiaçıya 5800 manat borcunun olduğunu bildirmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1976cı il təvəllüdlü Cavabdeh sonuncu dəfə ünvan 2 ünvanına qeydiyyata alınmışdır. İş materiallarında olan Şamaxı rayon X5 Bölməsinin baş müstəntiqi, polis kapitanı Mirxalid Kazımovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı və X1 müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh Nahit oğlu tərəfindən dələduzluq cinayətinin tərkib əlamətlərini təsdiq edən hallar müəyyən edilməmiş, Cavabdeh Nahit oğlu tərəfindən törədilmiş hərəkətlərlə müşayiət olunan xüsusatlar mülki xarakterlidir. Araşdırma zamanı, toplanmış materiallara əsasən, Cavabdeh Nahit oğlu tərəfindən İddiaçı qızndan yaşadığı evdə müəyyən təmir-bərpa işlərinin, yəni xidmətin edilməsi üçün X2 məxsus 5000 manat və əlavə olaraq 4300 manat pulun alınması öz təsdiqini tapmış, bunun müqabilində Cavabdeh Nahit oğlu işi başa çatdırmamışdır. Eyni zamanda, İddiaçı da pulu qaytarmamışdır. Cavabdeh Nahit oğlu bunu xəstəliyi və müalicəsi ilə əlaqələndirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə Şamaxı rayonu sakini İddiaçı və hidroqazmada iş aparıcısı Cavabdeh tərəfindən bağlanmışdır. Həmin müqavilədən görünür ki, müqavilə, evdə tamamlanmış olan bərpa işlərindən kənar – evin köhnə giriş qapısından ayaqyoluna tərəf koridorun hörülməsi, koridorun döşəməsi ev ilə həmin hündürlükdə sona kimi aparılması, pilintus və kraska vurulması, koridorun, ayaqyolu və hamamın üstü profnastin dam örtüyü ilə qapanması, koridorun tavanı alçipan, hamam və ayaqyolunun tavanı isə lambirin olması, elektrik sistemi çəkilərək evdəki bütün elektrik yuvası və elektrik açarı qoyulması və sairə işlərin görülməsi haqqında bağlanmış və 5000 manat pul nağd olaraq ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun hesabına 580 manat pul ödənilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzin surətindən iddiaçı tərəfindən 91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında evdə təmir işlərin aparılması ilə bağlı müqavilə bağlanmış və həmin müqavilə əsasında cavabdeh tərəfindən görülməli olan təmir işlərinə görə iddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində pul verilmiş, həmçinin iddiaçı tərəfindən cavabdehə borc kimi 4300 manat pul verilmişdir. Verilmiş pul məbləğlərindən 3500 manat hissəsi qaytarılmış, pul məbləğlərinin qalan hissəsi qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, iş üzrə müəyyən olunmuş hallar, işin mübahisələndirilməyən hallarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh iddiaçı ilə aralarında bağlamış müqavilə əsasında əlavə təmir işlərinin görülməsi barədə öz üzərinə məsuliyyət götürdüyündən, buna görə iddiaçı tərəfindən ona 5000 manat məbləğində pul verildiyindən, lakin cavabdeh üzərinə götürdüyü işi icra etmədiyinə görə iddiaçıdan alınmış 5000 manat məbləğində pulu geri qaytarmalıdır. Bundan başqa işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 4300 manat məbləğində pul verilmiş, lakin həmin pulun verilməsi barədə tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq borc müqaviləsi bağlanmamışdır. Odur ki, məhkəmə hesab edir ki, həm pul məbləği iddiaçı tərəfindən cavabdehə verildiyindən, həmin pul məbləği cavabdeh tərəfindən iddiaçıya qaytarılmadığından və həmin pul məbləğinin cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlər qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, 4300 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Bütün sadalanlara əsasən və cavabdeh tərəfindən iddiaçıya qaytarılmış 3500 manat pul məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı, əlavə təmir işlərinin görülməsi və borc kimi verilmiş cəmi 9300 manat pul məbləğinin qaytarılmayan 5800 manat hissəsini tələb etməkdə haqlı olmuş və həmin məbləğdə pul cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə, iddia tələbinin pul məbləğinin gecikdirilməsi ilə əlaqədar olaraq əldən çıxmış fayda kimi 700 manatın cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı əldən çıxmış fayda kimi cavabdehdən 700 manat məbləğində pul tələb etsə də bununla bağlı iddia tələbini əsaslandırmamış və müvafiq sübutlar məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə, iddia tələbinin etibarnamənin təsdiq edilməsi üçün cavabdehdən 17.25 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan həmin hissədədə təmin edilməməlidir. Həmçinin məhkəmə, iddia tələbinin cavabdehdən vəkilin göstərdiyi hüquqi yardıma görə 580 manat xidmət haqqının tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan maddəyə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən ağlabatan məbləğdə, yəni 500 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehdan (Nahit oğlundan) 5800 manat məbləğində pul, vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat, cəmi 6300 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə, cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 91 manatın tutulması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən tutulmalı olan pula mütənasib olaraq ondan iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumuna görə 83 manat alınıb verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5800 manat məbləğində pul, vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat, cəmi 6300 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 83 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar