Məhkəmə qərarları › İş №e-2(003)-1719/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1719/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1719/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğvi, Cavabdeh 6063,38 manat əsas, 2266,69 manat faiz borcunun, cəmi 8330,07 manat borcun və 104 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 23 % olmaqla 7000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli CC/10198/74/13 nömrəli kredit sazişi müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 il müddətinə illik 23% olmaqla 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, 21000 manat məbləğində pul Cavabdeh tərəfindən alınmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı ASC götürdüyü 7000 manat məbləğində krediti xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 270,97 manat, sonuncu ay isə 273,83 manat ödəniş etməklə qaytarılması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə İddiaçı ASC-yə 6063,38 manat əsas, 2266,69 manat faiz borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv etməyə dair bildirişdən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə yaranmış borcun ödənilməsi təlbə edilmiş və aralarında bağlanmış müqavilənin ləğvi üçün 3 gün ərzində banka yaxınlaşması təklif edilmişdir. İş keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4543 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli CC/10198/74/13 nömrəli kredit sazişi müqaviləsinin şərtləri nəzərə alınmaqla iş üzrə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə əsas borcu 6062,98 manat, faiz borcu isə 2269,91 manat təşkil edir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 104 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin araşdırılmış hallarından müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərin uyğun qaydada iş üzrə tərəflər arasında yazılı kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 23% olmaqla 7000 manat məbləğində kredit verilmiş, cavabdeh həmin pulu almış və xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 270,97 manat, sonuncu ay isə 273,83 manat ödəniş etməklə qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. İş üzrə keçirilmiş ekspert rəyindən görünür ki, cavabdehin iddiaçıya 6062,98 manat əsas, faiz borcu isə 2269,91 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəm hesab edir ki, iddia tələbi qismən əsaslıdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 427, 439, 442, 445, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq, iş üzrə keçirilmiş ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 6062,98 manat əsas, 2266,69 manat faiz, cəmi 8329,67 manat məbləğində borc tutulmalıdır. Həmçinin məhkəmə, iddia tələbinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından görünür ki, qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə, həmçinin hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş pul əvəzi kimi 104 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməli, həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli CC/10198/74/13 nömrəli kredit sazişi müqaviləsi ləğv edilməli, Cavabdeh 6062,98 manat əsas, 2266,69 manat faiz, cəmi 8329,67 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 104 manat tutularaq İddiaçı ASC-yə ödənilməli, idda tələbi qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli CC/10198/74/13 nömrəli kredit sazişi müqaviləsi ləğv edilsin. Cavabdeh 6062,98 manat əsas, 2266,69 manat faiz, cəmi 8329,67 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 104 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar