Məhkəmə qərarları › İş №e-2(003)-172/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-172/2025

05.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-172/2025 05.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh dəymiş zərərə görə 50038,22 manat pulun, servisə ödənilmiş 295 manat, evakuasiya xərci olaraq ödənilmiş 100 manat, vəkil xərcinə görə 1000 manat və 245 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında göstərdi ki, xx.xx.2024cü il tarixdə, təxminən saat 08:10 radələrində İddiaçı2 idarə etdiyi, İddiaçı1 mülkiyyətində olan “Audi A6” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforda dayanmışdır. Bu zaman “Kamaz” markalı, Cavabdeh mülkiyyətində olan avtomobil onu arxadan vurmuşdur. Toqquşma nəticəsində “Audi A6” minik markalı avtomobil sürüşüb ağaclıqlara dəymişdir. Buna görə İXM 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmiş, həmin protokola əsasən qərar qəbul edilmiş və Cavabdeh təqsirli bilinərək 40 AZN cərimə edilmişdir. "xxxx" MMC Audi Bakı mərkəzində avtomobilə dəymiş ziyan 54 063,20 manat hesablanmışdır. Sığorta şirkəti tərəfindən dəymiş zərər 13 210 manat məbləğində müəyyən edilib, əvəzi olaraq 4.024 manat ödəniş edilmişdir. Maşının müayinəsi üçün 295 manat, evakuasiya üçün 100 manat, vəkil üçün 1.000 manat xərc çəkilmişdir. Avtomobil hal-hazırda tam təmir olunmayıb. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında bildirdi ki, tələb ilə razılaşmır. Səbəbi isə hadisə baş vermişdir, lakin dəymiş ziyanın məbləği iki dəfədən çox şişirdilib, avtomobilin istehsal ili 2013-cü ildir. Audi Bakı mərkəzi və «Caspian Valuation” MMC avtomobilə baxış keçirilmədən sadəcə flash kartdakı görüntülərə əsasən rəy verilmişdi. Lakin sığorta şirkəti avtomobilə baxış keçirməklə rəy vermiş və real ziyana daha yaxın bir məbləğ müəyyən etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM 327.1-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağında manevr etmə) təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli zərər və sığorta ödənişinin məbləği ilə razılaşma barədə sığorta ödəniş aktına əlavədən görünür ki, Audi A6” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 9 adda ehtiyyat hissəsi olmaqla, 13 210 manat hesablanmışdır. Sığorta ödənişi 4024,98 manat hesablanmışdır. Bu razılaşma İddiaçı2 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 1-1059/24 nömrəli sığorta ödənişi aktından görünür ki, sığorta şirkəti tərəfindən 4024,98 manat İddiaçı1 ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli yekun aktın surətindən görünür ki, maşın üçün dəymiş ziyan sığorta şirkəti tərəfindən ümumi xərc 13210 manat hesablanmışdır. Sığorta şirkəti maşının orta bazar qiymətini 23000 manat müəyyən etmişdir. Akt avtomobilə baxış keçirməklə tərtib olunmuşdur. İş materiallarına əlavə olunan ”Dream Auto” MMC Audi Bakı mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Audi A6” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 54 adda ehtiyyat hissəsi 54063,20 manat hesablanmışdır. Akt avtomobilə baxış keçirməklə tərtib olunmuşdur. İş materiallarına əlavə edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8182 nömrəli ekspert rəyindən görünür ki, “Audi A6” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işləri 9 adda ehtiyyat hissəsi olmaqla, təxminən 750 manat təşkil edər. Ekspertiza təqdim olunan flash kartdakı şəkillər əsasında həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin qiymətləndiricimütəxəssis rəyindən görünür ki, Audi A6” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 59 adda ehtiyyat hissəsi 21100 manat təşkil etmişdir. Ekspertiza təqdim olunan flash kartdakı şəkillər əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmədə müəyyən olundu ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş akt avtomobilə baxış keçirməklə tərtib olunmuşdur. Digər ekspertiza rəyləri yol hərəkəti hadisəsi baş verəndən xeyli müddət sonra şəkillər əsasında verildiyi üçün məhkəmə hesab edir ki, bu rəylər real zərəri əks etmirlər. Həmçinin İddiaçı2 tərəfindən "xxxx" ASCnin xx.xx.2024-cü il tarixli zərər və sığorta ödənişinin məbləği ilə razılaşma imzalanmışdır. Həmin razılaşmada dəymiş zərər 13210 manat təşkil etmiş və ondan İddiaçı1 4024,98 manat sığorta ödənişi edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh dəymiş zərərə görə 9185,02 manat (13210-4024,98=9185,02) pul vəsaiti tutularaq avtomobilin mülkiyyətçisi olan İddiaçı1 ödənilməlidir. İş materiallarına əlavə olunmuş ********** nömrəli təmir kartının surətindən görünür ki, avtomobilin yoxlanışı üçün 295 manat xərc çəkilmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən avtomobilin yoxlanışı üçün 295 manat xərc tutularaq avtomobilin mülkiyyətçisi olan İddiaçı1 ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, “Audi A6” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin evkuasiya xərci olaraq 100 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən avtomobilin evkuasiya xərci olaraq 100 manat ödəniş tutularaq avtomobilin mülkiyyətçisi olan İddiaçı1 ödənilməlidir. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli 25111 saylı qəbzdən görünür ki, İddiaçı2 tərəfindən 19 saylı Vəkil Bürosuna 1000 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkil xərci kimi tələb olan 1000 manat çox yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən vəkil xərcinə görə 500 manat tutularaq İddiaçı2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 245 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarındakı qəbzi nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 245 manat cavabdehdən alınaraq avtomobilin mülkiyyətçisi olan İddiaçı1 ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertiza bildirişindən görünür ki, ekspertiza xərci 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci cavabdeh tərəfindən Məhkəmə Eksperiza Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ekspertiza bildirişindən görünür ki, ekspertiza xərci 300 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 300 manat məbləğində ekspertiza xərci cavabdeh tərəfindən "xxxx" MMC-nin hesabına ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 9185,02 manat, avtomobilin yoxlanışı üçün 295 manat xərc, 100 manat avtomobilin evkuasiya xərci, olmaqla, cəmi 9580,02 manat (doqquz min beş yüz səksən manat iki qəpik) tutularaq avtomobilin mülkiyyətçisi olan İddiaçı1 ödənilsin. Cavabdeh ödənilmiş 245 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. Ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən Məhkəmə Eksperiza Mərkəzinin hesabına (VÖEN: **********; Hesab: AZ34CTRE********************) ödənilsin. Ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən "xxxx" MMC-nin hesabına (VÖEN: **********; Hesab: AZ03NABZ013501**********2944) ödənilsin. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar