Məhkəmə qərarları › İş №e-2(003)-1749/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1749/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1749/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.04.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə 15000,0 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borclalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 05.04.2022-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 13986,13 əsas borc, 1482,51 manat faiz borcu olmaqla, cəmi 15468,64 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edillməsi barədə danışıqlar aparılmış (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququnundan istifadə etmək qərarına gəlmişdir. Ona görə də cavabdehdən iddiaçı cavabdehlə aralarında bağlanmış 19.04.2021-ci il tarixli, ******* saylı müqavilənin ləğv edilməsini və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13986,13 əsas borc, 1482,51 manat faiz borcu olmaqla, cəmi 15468,64 manat borcu və dövlət rüsumu olaraq ödənilmiş 136,81 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək “pul” tələbinə dair bütün məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinə uyğun qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o, bankdan kredit götürmüşdür. Lakin hazırda maddi vəziyyəti çətin olduğundan borcunu ödəyə bilmir. O, iddia ərizəsində tələb olunan 13986,13 manat əsas borc və 1482,51 manat faiz borcu ilə razıdır və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.04.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə ilik 20% ödəmək şərtilə 15000,0 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 19.04.2021-ci il tarixli ödəniş planından görünür ki, Cavabdeh 26.05.2021-ci il tarixdən 19.04.2025 il tarixədək İddiaçı ASC-yə cəmi 21992,45 manat ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş 05.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 19.04.2021-ci il tarixli kredit müqaviləsi üzrə 13986,13 əsas borc, 1482,51 manat faiz borcu və olmaqla, cəmi 15468,64 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 09.02.2022-ci il tarixli bildirişdən görünür ki, bank cavabdehi borc barədə xəbərdar edərək gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 136,81 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında 19.04.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış və cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə ilik 20% ödəmək şərtilə 15000,0 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmişdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 136,81 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 136,81 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.04.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 13986,13 əsas borc, 1482,51 manat faiz borcu və , ödənilmiş 136,81 manat dövlət rüsumu olmaqla, cəmi 15605,45 manat (on beş min altı yüz beş manat, qırx beş qəpik) manat borc pul və tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar