Məhkəmə qərarları › İş №e-2(003)-1777/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1777/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1777/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditə görə faiz borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2014-cü il tarixli, 4955F nömrəli kredit müqaviləsinə əsasən əsas borca illik 5 faizlə hesablanmış 101288,60 (bir yüz bir min iki yüz səksən səkkiz manat 60 qəpik) manat faiz borcunun, eləcə də iş üzrə ödənilmiş 391,29 (üç yüz doxsan bir manat 29 qəpik) manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, X1 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 1 ünvanında mülkiyyətində olan 0,02455 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin qeyd olunmuş faiz borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış 22 aprel 2014-cü il tarixli, 4955 F nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 17 (on yeddi) faiz dərəcəsi ilə 300000 (üç yüz min) manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit öhdəliklərinin təminatı qismində iddiaçı ilə digər Cavabdeh1 arasında 22 aprel 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 1 ünvanında mülkiyyətində olan 0.02455 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (torpaq sahəsi ilə birlikdə) bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və buna müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın yüklülüyünə dair Çıxarış verilmişdir. Kredit alan Cavabdeh2 kredit öhdəliklərini yerinə yetirmədiyindən cavabdehlərə qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində kredit borcunun geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qaldırılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(003)-2660/2016 nömrəli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdehler Cavabdeh2 və Cavabdeh1 300000 (üç yüz min) manat məbləğində əsas borc, 78319 (yetmiş səkkiz min üç yüz on doqquz) manat məbləğində faiz borcu, ümumilikdə 378319 (üç yüz yetmiş səkkiz min üç yüz on doqquz) manat məbləğində kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın önəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsum məbləğinin tutulub iddiaçının xeyrinə ödənilməsi, ödəmənin cavabdeh X2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 1 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binasına yönəldilməsi, həmin ipoteka predmetlərinin 600000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitlərinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Mahkamasinin Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli, 2(103)-1890/2018 nömrəli qətnaməsinə əsasən, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2660/2016 saylı, 22 dekabr 2016-cı il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə faiz borcunun tutulması hissəsində dəyişdirilərək, cavabdehlərdən iddiaçının xeyrinə ödənilməli olan faiz borcunun məbləğinin 66603,07 manat müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2(103)-1890/2018 nömrəli Qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli, 2(102)-4150/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2(103)-1890/2018 nömrəli qətnaməsində məhkəmənin hüquqi mövqeyinden aydın olur ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün asas borca illik 5 faizlə hesablanmış borcla bağlı bank ayrıca iddia qaldıra bilər. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi artıq qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. 29 mart 2023-cü il tarixli, **********739 nömrəli arayışdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 4955F nömreli kredit müqaviləsi üzrə cavabdehin banka xx.xx.2023-cü il tarixə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış borcu 101288,60 (bir yüz bir min iki üz səksən səkkiz manat 60 qəpik) manat təşkil edir. O cümlədən gecikmə günlərinin sayı 2485 gün olmaqla, her gecikdirilmiş gün üçün hesablanmış faiz 40,76 (qırx manat 76 qəpik) manatdır. Bununla yanaşı tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin 2.1-ci maddesinə əsasən, bu müqavilə üzrə ipoteka ilə təmin edilən tələb ipoteka saxlayanla kredit alan arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhərində bağlanmış 4955 F nömrəli kredit müqaviləsindən ona edilmiş əlavələrdən əmələ gələn mövcud, həm də ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn ipoteka saxlayanın kredit alana qarşı olan əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üzrə bütün tələbləridir. Bu o deməkdir ki, Cavabdeh2 iddiaçıya olan əsas kredit borcuna illik 5 faizlə hesablanmış borcunun kreditin təminatı olaraq bankın xeyrinə girov qoyulmuş ünvan 1 ünvanında mülkiyyətində olan 0,02455 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) yönəldilməsi müqavilədən irəli gələn və qanuni tələbdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehlərdən kredit borcunun tutulması barədə qəbul edilmiş məhkəmə aktı 2018-ci ildə qanuni qüvvəsini alaraq icraya yönəlsə də, cavabdehlər öhdəliklərini icra etməmişlər. Cavabdehlərlə borcun ödənilməsi barədə şifahi razılıq əldə edilsə də, həmin razılıq rəsmiləşdirilməmişdir. Belə olan halda Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən iddiaçı bankın hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə etiraz edərək izahatında əlavə olaraq bildirdi ki, iddiaçı banka olan kredit borcunu şifahi razılığa əsasən artıq 3 aydır ki, hər ay 5000 manat olmaqla ödəyir və bank iflasa uğradığı üçün məhkəmə qərarları ilə müəyyən edilmiş borcun konkret hara ödəməli olduğunu bilmədiyi üçün vaxtında ödəyə bilməmiş, ödəmənin gecikdirilməsində onun heç bir təqsiri olmasa da, bank ondan heç bir əsas olmadan iddia ərizəsində göstərilən məbləği tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 24 ay müddətinə 17% ödəmək şərti ilə 300.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,02455 ha torpaq sahəsi və həmin sahədə yerləşən qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2016-cı il tarixdə İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 300.000 manat məbləğində əsas borc, 148.938 manat məbləğində faiz borc olmaqla, ümumilikdə 448.938 manat məbləğində borcun tutulub onun xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus ünvan 2 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(003)-2660/2016) İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən 300.000 manat məbləğində əsas borc, 78.319 manat məbləğində faiz borcu, ümumilikdə 378.319 manat məbləğində borcun müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus ünvan 3 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 600.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra1ay müddətində boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1890/2018) Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlərdən iddiaçının xeyrinə ödənilməli olan faiz borcunun məbləğinin 66.803 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli, 2(102)-4150/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin 160168/2018 nömrəli icra işinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli, 2(102)-4150/2018 nömrəli qərarı ilə qanuni qüvvəsini almış və qətnamə üzrə 16 iyul 2018-ci il tarixdə icra vərəqəsi verilmişdir. Həmçinin 30 iyul 2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, qeyd olunan icra vərəqəsi üzrə icraata başlanılmış və bu barədə borclulara bildiriş göndərilmişdir. İş materiallarında olan 29 mart 2023-cü il tarixli, **********739 nömrəli arayışdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 4955F nömreli kredit müqaviləsi üzrə cavabdehin banka xx.xx.2023-cü il tarixə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış borcu 101288,60 (bir yüz bir min iki üz səksən səkkiz manat 60 qəpik) manat təşkil edir. O cümlədən gecikmə günlərinin sayı 2485 gün olmaqla, her gecikdirilmiş gün üçün hesablanmış faiz 40,76 (qırx manat 76 qəpik) manatdır. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(003)-2660/2016) İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən 300.000 manat məbləğində əsas borc, 78.319 manat məbləğində faiz borcu, ümumilikdə 378.319 manat məbləğində borcun müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus ünvan 3 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 600.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1890/2018) Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlərdən iddiaçının xeyrinə ödənilməli olan faiz borcunun məbləğinin 66.803 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almaqla icraya yönəldilmişdir. Hazırda iddiaçı qeyd edir ki, cavabdehin banka xx.xx.2023-cü il tarixə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış borcu 101288,60 (bir yüz bir min iki üz səksən səkkiz manat 60 qəpik) manat təşkil edir. O cümlədən gecikmə günlərinin sayı 2485 gün olmaqla, her gecikdirilmiş gün üçün hesablanmış faiz 40,76 (qırx manat 76 qəpik) manatdır. Həmçinin müqavilə üzrə ödənilməyən əsas borc 293500 manat təşkil edir. Cavabdeh tərəf isə iddia edir ki, banka olan borc tərəflərindən son 3 aydır ki, hər ay 5000 manat olmaqla ödənilir və bank iflasa uğradığı üçün məhkəmə qərarları ilə müəyyən edilmiş borcun konkret hara ödəməli olduğunu bilmədiyi üçün vaxtında ödəyə bilməmiş, ödəmənin gecikdirilməsində onun heç bir təqsiri yoxdur. Məhkəmə ilk olaraq cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh, bank iflasa uğradığı üçün məhkəmə qərarları ilə müəyyən edilmiş borcun konkret hara ödəməli olduğunu bilmədiyi üçün vaxtında ödəniş aparmadığını bildirsə də, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə müflis elan edilmiş, borcun tutulması barədə məhkəmə qətnaməsi isə 07 iyun 2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi işin faktiki hallarına əsasən qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə olan halda da iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bununla belə məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli qətnaməsi - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli, 2(102)-4150/2018 nömrəli qərarı ilə qanuni qüvvəsini almışdır. Hazırda isə cavabdehlər tərəfindən öhdəliyin gecikdirilməsi səbəbindən 17 mart 2023-cü il tarixə qədər iddiaçı tərəfindən 101288,60 (bir yüz bir min iki yüz səksən səkkiz manat 60 qəpik) manat faiz borcu hesablanmışdır. İşin faktiki hallarından da göründüyü kimi cavabdehlər üzərlərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişlər. Belə olan halda gecikdirilmiş müddət aralağı məhz 07 iyun 2018-ci il tarixdən (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarının tarixi) maliyyə arayışı verilən tarixə, yəni 17 mart 2023-cü il tarixə hesablanmalıdır. Həmin müddət isə 4 il 9 ay 10 gün olmaqla cəmi 1740 gün təşkil edir. Müqavilə üzrə əsas borcun məbləği isə 293500 manat təşkil etmişdir. Belə olan halda cavabdehdən tutulmalı olan məbləğ (293500/100*5=14675 manat; 14675 manat : 360 gün=40,76 manat (bir gün)) 40,76x1740 gün (gecikdirilmiş günlərin sayı) = 70922,4 manat müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi - tutmanın ipoteka ilə yüklü edilmiş, X1 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 1 ünvanında mülkiyyətində olan 0,02455 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) yönəldilməsi hissəsində əsaslı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin 2.1-ci maddəsinə əsasən, bu müqavilə üzrə ipoteka ilə təmin edilən tələb ipoteka saxlayanla kredit alan arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhərində bağlanmış 4955 F nömrəli kredit müqaviləsindən ona edilmiş əlavələrdən əmələ gələn mövcud, həm də ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn ipoteka saxlayanın kredit alana qarşı olan əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üzrə bütün tələbləridir. Eyni zamanda iş materialları ilə müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə - tutmanın Cavabdeh1 məxsus ünvan 2 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 600.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1ay müddətində boşaldılması qət edilmişdir. Hazırda isə cavabdehlər tərəfindən həmin qətnamə ilə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədiyindən, eləcə də ünvan 2 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası həmin kredit münasibətlərindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi ipoteka ilə yüklü edildiyindən, həmçinin qanuni qüvvəsini almış qətnamə ilə ipoteka predmetinə tutmanın qaydası müəyyən edildiyindən, məhkəmə hesab edir ki, hazırki borc üzrə tutma həmin əmlaka yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 195,6 (yüz doxsan beş manat, altımış qəpik) manat məbləğində pul tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 70922,4 (yetmiş min doqquz yüz iyirmi ki manat, qırx qəpik) manat faiz borcu və 195,6 (yüz doxsan beş manat, altımış qəpik) manat Cavabdeh2 tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə verilməli, həmin tutma Cavabdeh1 məxsus ünvan 2 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 70922,4 (yetmiş min doqquz yüz iyirmi ki manat, qırx qəpik) manat faiz borcu və 195,6 (yüz doxsan beş manat, altımış qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə verilsin. Həmin tutma Cavabdeh1 məxsus ünvan 2 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar