Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1804/2023 07.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11998,21 manat əsas, 1142,37 manat faiz, cəmi 13140,58 manat borcun, həmçinin ödənilmiş 129,82 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 13000 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ******* saylı kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixinə əsas borcu 11998,21 manat, faiz borcu 1142,37 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdeh, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını işə iştirakları olmadan keçirilməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X1 məlumat verilməsinə (bildiriş və sms göndərilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin “Rəqəmsal 2” filialı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, həmin müqavilə bank tərəfindən Cavabdeh 48 ay müddətinə illik 16 % dərəcəsi ilə 13000 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 1.1.3-cü bəndindən görünür ki, xidmət üzrə birdəfəlik bank komissiyası 2 % təşkil edir. İş materiallarında olan xx.xx.2022-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 260 manat komisiya haqqı çıxılmaqla iddiaçı bank tərəfindən Cavabdeh 12740 manat məbləğində pul verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı ASC götürdüyü 13000 manat məbləğində krediti xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 368,42 manat, sonuncu ay isə 368,66 manat ödəniş etməklə qaytarılması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 11998,21 manat əsas, 1142,37 manat faiz borcu, cəmi 13140,58 manat məbləğində borcu vardır. İş materiallarında olan bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə gecikdirilmiş borcun 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə banka olan borcun tam olaraq ödənilməsinin tələb edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü nömrəli qəbzdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 129,82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş üzrə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 16 % dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. Cavabdeh, kredit müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 368,42 manat, sonuncu ay isə 368,66 manat ödəniş etməklə götürdüyü kreditin (əsas və faiz borcunun) qaytarması barədə üzərinə öhdəlik götürsə də, bu öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı, xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərməklə kredit müqaviləsinə xitam verilməklə, yaranmış borcun məhkəmədə qaydasında tələb olunacağı barədə iradə ifadəsini cavabdehə bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş üzrə müəyyən olunmuş halları və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı, cavabdehə pretenziya məktubu göndərməklə gecikdirilmiş borcun ödənilməyəcəyi təqdirdə aralarında bağlanmış kredit müqaviləsinə xitam veriləcəyi barədə iradə ifadəsini bildirdiyindən onunla cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli “fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi” yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən birtərəfli olaraq məhkəmədən kənar qaydada ləğv edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, kredit müqaviləsinin ləğv edilməsi, həmin müddətə yaranmış öhdəliklərin xitamına səbəb olmur. Bu barədə əsaslar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında da əks olunmuşdur. Belə ki, həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. İş materiallarından görünür ki, cavabdehin iddiaçı qarşısında 11998,21 manat əsas, 1142,37 manat faiz borcu, cəmi 13140,58 manat məbləğində yerində yetirilməmiş öhdəlikləri mövcuddur. Məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş sənədlər həmin məbləğdə cavabdehin yerində yetirilməmiş öhdəliklərinin mövcud olmasını təsdiq etdiyindən iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 11998,21 manat əsas, 1142,37 manat faiz borcu olmaqla cəmi 13140,58 manat məbləğində borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilməli və cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 129,82 manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11998,21 manat əsas, 1142,37 manat faiz borcu olmaqla cəmi 13140,58 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 129,82 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-1804/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1804/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver