Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-186/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 70013678 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 10700,0 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 8904.50 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi və xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə saziş bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Ona görə də cavabdehlərdən müştərək qaydada 2006,78 manat məbləğində əsas borc, 1311,41 manat faiz borcu, 3136,90 manat məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 286,72 manat faiz borcu və 87,42 manat dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmişdir, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçı Bank ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə 2019-cu ilin yay aylarına kimi vaxtı-vaxtında ödənişlər etmiş, sonradan bank bağlandığından ödənişi hara etmək lazım olduğunu bilmədiyindən ödəniş etməmişdir. Lakin həmin borc ondan tələb olunan miqdarda deyil. Məhkəmənin iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, Cavabdeh2 arvadıdır və ona bank qarşısında zamin durmuşdur. Onlar vaxtı-vaxtında ödənişlər etmişlər. Lakin buna baxmayaraq onlardan şişirdilmiş məbləğdə borc tələb olunur. Məhkəmənin iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X3 Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 70013678 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 20 faiz dərəcəsi ilə 10700,0 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 8904.50 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borclu Cavabdeh2 kreditor qarşısında olan öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti üzərinə götürmüş və kredit müqaviləsinə əsasən Cavabdeh2 götürdüyü kredit borcu və faizlərin vaxtında qaytarılmasına təminat vermişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə eyni məzmunlu əlavə saziş bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun xx.xx.2022-ci il tarixə banka xx.xx.2017-ci il tarixli müqavilə üzrə 2006,78 manat məbləğində əsas borc, 1311,41 manat faiz borcu, 3136,90 manat məbləğində cərimə, 286,72 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 6741,81 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, cavabdehə yaranmış borcun qaytarılması haqqında bildiriş göndərilmiş və 3 gün ərzində borcun ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7431 saylı rəyi ilə müəyyən edilmişdir ki, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə cavabdeh Məmmədov Əlisəfa oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 70013678 saylı Kredit Müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixli əlavə saziş 01 nömrəliMüqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 müqavilə bitən müddətə hesablanmış əsas borcu (xx.xx.2019-cu il tarixinə) 2238,40 manat, müqavilə bitən müddət üçün hesablanmış faiz borcu (xx.xx.2019-cu il tarixinə) 385,13 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu (xx.xx.2022-ci il tarixinədək illik 5 %-lə) 314,0 manat müəyyən olunur. İş materiallarından görünür ki, iddia ərizəsi üçün iddiaçı tərəfindən 87,42 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən, ləğvetmə komissiyasının təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası ləğv edilən hüquqi şəxsin adından məhkəmədə çıxış edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit üzrə əsas borcu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə əsas borcla və gecikdirilmiş vaxt üçün hesablanmış faizlərin tutulması bağlı qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7431 saylı rəyindən görünür ki, Cavabdeh2 müqavilə müddətinədək, yəni xx.xx.2019-cu il tarixinədək (müqavilənin bitmə müddəti) banka 2238,40 manat əsas borcu və xx.xx.2022-ci il tarixinədək illik 5 %-lə gecikdirilmiş vaxt üçün hesablanmış 314,0 manat faiz borcu vardır. Məhkəmə ekspertiza rəyi ilə müəyyən edilən əsas borcun və gecikdirilmiş vaxt üçün hesablanmış faizlərin iddia tələbindən çox olduğunu nəzərə alaraq hesab edir ki, iddiada tələb edilən 2006,78 manat məbləğində əsas borc və müqavilənin bitdiyi tarixdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 286,72 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən pulun tutulmasına münasibətdə iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, faiz borcuna görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan qeyd olunan ekspert rəyindən görünür ki, Cavabdeh2 müqavilə bitən müddət üçün hesablanmış faiz borcu (xx.xx.2019-cu il tarixinə) 385,13 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh hesablanmalı olan faiz borcu müqavilə müddətinin sonuna, yəni xx.xx.2019-cu il tarixədək hesablanmalı olduğundan, həmin tarixdən sonra hesablanmış faiz borcu nəzərə alınmamalı və ekspertiza rəyi ilə müəyyən edilən 385,13 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi xx.xx.2022-ci il tarixli 9/7431 saylı rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulu 3136,90 manat məbləğində deyil, 100,0 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə həmçinin iddianın 87,42 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 35,0 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin tələbdə qeyd edilən məbləğin həmçinin müştərək qaydada Cavabdeh1 tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi və ona 1 saylı əlavə sazişdə kreditin müddəti xx.xx.2019-cu il tarixədək zaminlik verilmiş və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Yuxarıda qeyd edildiyi kimi Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əlavə sazişə əsasən borcalan aldığı krediti xx.xx.2019-cu il tarixədək qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminə qarşı xx.xx.2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə rədd edilməlidir. Digər tərəfdən, iş materiallarında olan rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, aparılmış ekspertiza tədqiqatının dəyərindən 40,0 manat pul Cavabdeh2, 60,0 manat pul iddiaçı ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı ləğv prosesində olan "xxxx" ASC xeyrinə Cavabdeh2 2006,78 manat əsas, 385,13 manat faiz, 100,0 manat cərimə, 286,72 manat məbləğində müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış faiz və ödənilmiş 35,0 manat dövlət rüsumu olmaqla, cəmi 2813,63 manat məbləğində pul vəsaiti tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ət etdi: İddia qismən təmin edilsin. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə Cavabdeh2 2006,78 manat əsas, 385,13 manat faiz, 100,0 manat cərimə, 286,72 manat məbləğində müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış faiz və ödənilmiş 35,0 manat dövlət rüsumu olmaqla, cəmi 2813,63 manat pul vəsaiti tutulsun. Ekspertiza xərci kimi 40,0 manat pul Cavabdeh2, 60,0 manat pul iddiaçı ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-186/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-186/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver