Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1878/2024 23.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi və həmçinin mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-3039/2021 saylı qətnaməsinə əsasən onunla Cavabdeh arasındakı nikah pozulmuş, eləcə də birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150,0 manat olmaqla, cəmi 300,0 (üç yüz) manat məbləğində sabit pul şəklində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bundan sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 1814/2022 saylı qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilmiş və hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340,0 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1745/2023 saylı qətnaməsi ilə aliment artırılaraq bir uşaq üçün 200 (iki yüz ) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Belə ki, uşağın saxlanılması xərcləri günü-gündən çoxalır, onların saxlanılması üçün daha çox məbləğə ehtiyac duyulur və danılmaz reallıqdır ki, 2023-cü il ilə hazırki dövrün bazar qiymətləri arasında kifayət qədər fərq vardır. Həmçinin təhsili ilə əlaqədar hər hansısa bir sektorda davamlı işlə təmin oluna bilmir. Üstəlik 2024-cü il yaşayış minimumu bir uşaq üçün 235 manat müəyyən olunmuşdur. Cavabdeh övladının saxlanılması üçün əlavə məbləğ tələb etdikdə etiraz edir, yalnız məhkəmənin müəyyən etdiyi məbləği ödəyə biləcəyini, artıq köməklik göstərməyəcəyini bildirir. Hər dəfə aliment məbləğinin artırılmasına etiraz edir. Hesab edir ki, Cavabdeh tutulan aliment məbləği artırılmalı və xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması qət edilməlidir. Hal-hazırda uşaqlarla birlikdə kirayəçi olaraq yaşayırlar. Gün keçdikcə həyat standartları çətinləşir, xərclər artır. Cavabdeh uşaqların maddi və mənəvi ehtiyacları ilə maraqlanmır. Təxminən iki ilə yaxındır ki, atası uşaqları görmür. Bir aydır ki, işləyir və həmçinin qiyabi olaraq ali təhsil alır. Əmək haqqı çox aşağıdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək “Cavabdeh sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması və ondan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin onun xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçının bu tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)- 3039/2021 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanılmış nikah pozulmuş, eləcədə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı təkrar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək aliment məbləğinin artırılmasını xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1745/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı təkrar-3-cü dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin onun xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. O, xx.xx.2023-cü il tarixdə yenidən rəsmi nikaha daxil olmuş və həmin nikahdan X5 adlı övladı doğulmuşdur. Bundan əlavə ailədə arvadı işləmir, ailənin yeganə işləyəni odur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(003)-1745/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş 400 manat sabit pul məbləğində aliment də tərəfindən hər ay iddiaçıya ödənilir. İddiaçının tələb etdiyi 470 manat məbləğində alimentin tutulması onun yeni doğulmuş uşağının mənafeyini pozur. İddiaçı iddia ərizəsində hər ay hər uşağa görə 235 manat olmaqla alimentin tutulmasını xahiş edən zaman, uşaqlar üçün yaşayış minimumuna istinad etmişdir ki, bununla bağlı bildirir ki, həmin yaşayış minimumunu təmin etmək hər iki valideynin vəzifəsidir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi H.S.Nağıyev iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və bildirdi ki, oğlu ikinci dəfə ailə həyatı qurmuşdur. Həmin evlilikdən də bir uşağı vardır. Oğlu fəhlədir, fərdi əməklə məşğul olur. Onun rəsmi iş yeri yoxdur. Oğlu evdə həm ona, həm də anasına baxır. Oğlunun gəliri çox azdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1745/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1814/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. -11 mart 2023-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasiaya dair xərci ödəmişdir (Mediator: N.E.Mahmudova). -“Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “Azneft” İstehsalat Birliyində “qaldırıcı qurğu maşinisti” vəzifəsində işləyir və aylıq əmək haqqı 987,69 manat təşkil edir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və sair dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal, cavabdehin övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və s. dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Məhkəmə həmçinin cavabdehin ikinci dəfə ailə qurmasını və məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladının olmasını nəzərə alır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «X6» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə ki, iddiaçı tərəfindən iddia tələbində tələb edilən alimentin cəmi məcmusu 840 manat təşkil edir (470-400=70 manat, 70x12=840 manat). Bu halda “X6” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumu 30 manat təşkil edir. Bu səbəbdən cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1745/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi tarixdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1878/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1878/2024
23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver