Məhkəmə qərarları › İş №e-2(003)-1918/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1918/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1918/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış, Bakı şəhəri 32 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3M-1090 reyestr nömrəli kredit müqaviləsinə əsasən cavabdehin məndən aldığı 17000 (on yeddi min) manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə, hüquqi yardım üçün vəkilə ödədiyi 750 (yeddi yüz əlli) manat haqqın və məhkəməyə ödənilmiş 141.71 (bir yüz qırx bir manat yetmiş bir qəpik) manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri 32 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3M-1090 reyestr nömrəli kredit müqaviləsinə əsasən 17000 (on yeddi min) manat pul borc vermişdir. Cavabdeh həmin borcu ona xx.xx.2026-cı il tarixinə kimi hər ay 500 manat olmaqla hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən "borc verən" "borc alana" bu müqavilənin bağlandığı gün, yəni xx.xx.2023 il tarixdə 17000 (on yeddi min) manat məbləğində pul borc verir, “borc verən" "borc alana" bu müqavilənin 1-ci bəndində göstərilən məbləği notariusun bankda açılan depozit hesabı vasitəsi ilə borc verir, "borc alan" krediti bu müqavilənin müddətinin bitdiyi tarixədək yəni, xx.xx.2026-cı il tarixinədək (hər ay 500 (beş yüz) manat ödəmək şərti ilə) "borc verənə" qaytarmağı öhdəsinə götürür, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3M-1090 reyestr nömrəli Kredit müqaviləsinə əsasən ondan borc aldığı 17000 (on yeddi min) manat məbləğində pul borcunu xx.xx.2026-cı il tarixinədək ona qaytarmağı öhdəsinə götürsə də, öz öhdəliyini yerinə yetirməmişdir. Buna görə də mən cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərərək, Bakı şəhəri 32 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 3M-1090 reyestr nömrəli kredit müqaviləsinə əsasən 17000 (on yeddi min) manat məbləğində pulu bu məktubu aldığı gündən 10 gün ərzində ona geri ödəməsini tələb etmişdir. Lakin həmin ünvanda yaşamadığı üçün pretenziya məktubu ona çatmamışdır. Ona görə də, məhkəməyə mürciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri 32 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3M-1090 reyestr nömrəli kredit müqaviləsinə əsasən 17000 (on yeddi min) manat məbləğində kreditin, hüquqi yardıma görə vəkilə ödənilmiş 750 manat haqqın və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olan 141.71 manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, 4220 manat ödəniş etmişdir. Belə ki, 6 ay 430 manat, 2 ay 320 manat, 2 ay isə 500 manat ödəniş etmişdir. Onun hazırda iddiaçıya 12780 manat borcu vardır. 17000 manatı isə hissə-hissə, 10000 manat və 7000 manat iddiaçı ona vermişdir. Pulları ona şəxsən vermiş, lakin qəbz almamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında sadə yazılı formada bağlanmış və notarial qaydada təsdiq edilmiş Bakı şəhəri 32 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3M-1090 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 17000 (on yeddi min) manat pul borc vermişdir. Həmin müqavilənin predmetindən görünür ki, cavabdeh həmin borcu ona xx.xx.2026-cı il tarixinə kimi hər ay 500 manat olmaqla hissə-hissə qaytarmağı öhdəsinə götürmüş, "borc verən" "borc alana" bu müqavilənin bağlandığı gün, yəni xx.xx.2023-cü il tarixdə 17000 (on yeddi min) manat məbləğində pul borc verməsi, “borc verən" "borc alana" bu müqavilənin 1-ci bəndində göstərilən məbləği notariusun bankda açılan depozit hesabı vasitəsi ilə borc verməsi, "borc alan" krediti bu müqavilənin müddətinin bitdiyi tarixədək yəni, xx.xx.2026-cı il tarixinədək (hər ay 500 (beş yüz) manat ödəmək şərti ilə) "borc verənə" qaytarmağı öhdəsinə götürməsi, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişdirlər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 17000 manat borc verməyi, sonuncu isə həmin borcu xx.xx.2026-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Sonuncu götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hazırda iddiaçı 17000 manat pulun cavabdehdən alınaraq ona verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iş üzrə iddiaçı ilə aralarında bağlanmış müqaviləyə etirazı olmadığını, lakin iddiaçıya olan borcunu hissə-hissə ödədiyini bildirsə də, həmin borcun ödənilməsini təsdiq edən hər hansı sübutu məhkməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə verdiyi krediti geri tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Buna görə də, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Ona görə ki, hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 750 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. İş materiallarına əlavə olunmuş hüquqi yardım göstərilməsi haqqında xx.xx.2025-ci il tarixdə İddiaçı və vəkil Nümayəndə arasında bağlanmış müqavilədən görünür ki, hüquqi yardıma görə tərəflər 750 manat məbləğ müəyyən etmişdirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı vəkil Nümayəndə 750 manat pul ödəmişdir. AR MPM-in 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə təmin edilməli olduğundan, göstərilən məbləğ, yəni 750 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 141,71 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 141,71 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 17000,0 manat məbləğində pul, 750 manat hüquqi xidmət haqqı və 141,71 manat dövlət rüsumu olmaqla, ümumilikdə 17 891,71 (on yeddi min səkkiz yüz doxsan bir manat, yetmiş bir qəpik) manat məbləğində puı tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar