Məhkəmə qərarları › İş №e-2(003)-1949/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1949/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1949/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8291,95 manat əsas, 1048,99 manat faiz olmaqla cəmi 9340,94 manat borcun və 113,41 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 21,5% ödəmək şərtilə 8400 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsədə, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2025-ci il tarixə 8291,95 manat əsas, 1048,99 manat faiz olmaqla cəmi 9340,94 manat borcu yaranmışdır. Cavabdeh dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılmasını təmin etməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, GTZK879784B117 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətində illik 21,5 faiz ödəmək şərtilə 8400 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarına əlavə olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək, hər ay 262,38 manat, sonuncu ay isə 267,15 manat ödəniş etməklə yerinə yetirməsi barədə məsuliyyət götürmüşdür. İş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 8400 manat məbləğində pul verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə İddiaçı ASC-yə 8291,95 manat əsas, 1048,99 manat faiz olmaqla cəmi 9340,94 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İşin araşdırılmış hallarından müəyyən olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş üzrə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətində illik 21,5 faiz ödəmək şərtilə 8400 manat məbləğində kredit verilmişdir. Cavabdeh, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək, hər ay 262,38 manat, sonuncu ay isə 267,15 manat ödəniş etməklə götürdüyü kreditin (əsas və faiz borcunun) qaytarması barədə üzərinə öhdəlik götürsə də, bu öhdəliklərini yerinə yetirməmişdir. Onun iddiaçı qarşısında maliyyə arayışında qeyd məbləğlərdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehən iddiaçının xeyrinə 8291,95 manat əsas, 1048,99 manat faiz olmaqla, cəmi 9340,94 manat məbləğində borc tutulmalıdır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 113,41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 113,41 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8291,95 manat əsas, 1048,99 manat faiz olmaqla cəmi 9340,94 manat (doqquz min üç yüz qırx manat doxsan dörd qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 113,41 manat alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar