Məhkəmə qərarları › İş №e-2(003)-1991/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1991/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1991/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" QBKT MMM-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: "xxxx" QBKT MMM cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 971.21 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" QBKT MMM-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QBKT MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5057 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.76% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 50 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam səkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********5057 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1400.00 ABŞ dolları, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Eyni tarixli.**********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdehlər müvafiq qaydada və müddətdə iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli **********5057 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MM QBKT ilə Cavabdeh2 arasında kredit alana 24 ay müddətinə, 23.76 faiz dərəcəsi ilə 1500 ABŞ dolları məbləğində kredit verilməsi barədə bağlanmışdır. İş materiallarında olan "xxxx" MM QBKT ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli **********5057 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişdən görünür ki, qalıq qalmış əsas borc 1400 ABŞ dolları məblğində təşkil etməsi, həmin borcun illik 26 faiz olmaqla 24 ay müddətinə tam ödənilməsi barədə tərəflər arasında razılıq əldə edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli sazişə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh2 1400 ABŞ dolları məbləğində borcu birinci ayı 12 ABŞ dolları, ikinci ayı 30 ABŞ dolları, digər ayları 81 ABŞ dolları olmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ödəməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan "xxxx" MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1, kreditalan Cavabdeh2 xx.xx.2015-ci il tarixli **********5057 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli saziş üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi barədə iddiaçı qarşı zamin durmaqla, kreditalanla birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh2 iddiaçıya 971.21 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. O, kredit müqaviləsi əsasında bankdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə (saziş) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, o kredit müqaviləsi əsasında kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı ona qarşı hazırki tələblə çıxış etməkdə haqlı olmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının eyni zamanda iddia tələbində borcun həmçinin zamin Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsini tələb edilməsində haqlı olmamışdır və ona aid hissədə iddi tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İşin araşdırılmış hallarından görünür ki, kreditor "xxxx" MM QBKT ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə ona qarşı iddia irəli sürülməmişdir. Qeyd olunan hallar isə Cavabdeh1 zaminliyə xitam verilməsi üçün əsasdır. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi zamin Cavabdeh1 hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 3 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 971.21 ABŞ dolları məbləğində borc ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı "xxxx" MM QBKT-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 971.21 ABŞ dolları məbləğində borc ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı "xxxx" MM QBKT-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar