Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-200/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdehnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi və debitor borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 tərəfindən İddiaçı İB-yə vurulmuş 4406.38 manatın, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 64.07 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 4870.45 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 03-13490 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X8 Departamenti tərəfindərl **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3 tələblərinə əməl etmək) və “X3 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2013-cü il tarixli 077480 saylı akt əsasında 100,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 853,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1018,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx.xx.2018-ci il tarixli 582706 saylı akt əsasında 370,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 183 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 532,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 157,40 manat, cəmi 5750,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Bildirirlər ki, cavabdehin ödənilməmiş 2012-ci ilin ayları üzrə 644 manat sərfiyyat borcu, 2020-ci ilin mart-dekabr ayları üzrə 136,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 310,50 manat sərfiyyat borcu, 2022ci ilin yanvar-dekabr ayları üzrə 295,32 manat sərfiyyat borcu və limitdən əlavə 5,28 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-mart ayları üzrə 99 manat sərfiyyat borcu, cəmi 1490,50 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2023-cü ilin aprel ayına qədər cavabdeh 714 manat məbləğində ödəniş etmişdir. Qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 776,50 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo və gazrep üzrə ümumi 6527,10 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə etməmiş, tərtib edilmiş aktlar əsassızdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdehin iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı etiraz ərizəsi ilə müraciət edərək iddianın əsassız olduğu və iddia müddəti ötürülməklə verildiyi üçün təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsində yerləşən fərdi yaşayış evində (abonent kodu: 1**********0000) əvvəllər abonent kimi mərhum atası X1 adına qeydiyyata alınmışdır. Atası xx.xx.2006-cı il tarixində vəfat etmişdir. Atası vəfat edəndən sonra uzun müddət həmin ünvanda daimi yaşayış olmamış, hərdən həmin ünvana gedərək həyətdə olan ağaclara qulluq etmiş, müəyyən təmizlik və abadlıq işləri aparmışlar. Təxminən 2020-ci ilin yay aylarından etibarən o ailəsi ilə birlikdə ata evinə köçərək həmin ünvanda yaşamağa başlamış, hazırda da həmin ünvanda yaşayır. O, həmin ünvana köçəndən sonra mütəmadi olaraq sayğac üzrə istifadə etdiyi təbii qazın pulunu ödəmişdir. 2023-cü ilin aprel ayında o, qeyd olunan ünvan üzrə qaz hesabını öz adına keçirmək istəyən zaman Azəriqazda ona bildirmişlər ki, atasının ölüm haqqında şəhadətnaməsi ilə yanaşı o, həmin ünvanda yaşamağına dair icra nümayəndəliyindən arayış təqdim etməlidir. O da icra nümayəndəliyindən qeyd olunan arayışı alaraq atasının ölüm haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi ilə birlikdə "Azəriqaz" İB-yə təqdim etmiş və qaz hesabının onun adına keçirilməsini xahiş etmişdir. Həmin vaxt ona bildirmişlər ki, o, bununla bağlı ərizə və müqavilə formasını imzalamalıdır. Ona bir hissəsi kompüterdə hazırlanmış, bir hissəsinin isə əllə doldurulması tələb olunan, lakin həmin hissələri boş olan ərizə forması və boş müqavilə blankı verərək imzalamağı tələb etmişlər. O qeyd olunan boş ərizə və müqavilə blankını imzaladıqdan sonra qaz hesabını onun adına keçirmişlər, lakin həmin vaxt ona hər hansı bir borcunun olması barədə məlumat verməmişlər. Sonradan onu məhkəməyə vermələri barədə poçt vasitəsilə məhkəmə bildirişi ona çatandan sonra o yenidən "Azəriqaz" İB-yə gedərək borcunun olmadığı halda nəyə görə onu məhkəməyə verdiklərini, əgər borc var idisə ad dəyişikliyi edilən zaman nə üçün ona borcun olması ilə bağlı heç bir məlumat verilmədiyini bildirən zaman onlar ona çoxsaylı aktlar təqdim edərək guya onlara məxsus ünvanda uzun müddət qazdan qeyri-qanuni istifadə olunduğunu və buna görə də ona cərimə hesablandığını bildirmişlər. Eyni zamanda ona bildirmişlər ki, guya o qeyd olunan borc məbləğini qəbul etməyinə dair ərizə ilə "Azəriqaz" İB-yə müraciət etmişdir. O bunun mümkün olmadığını və həmin ərizənin surətinin ona təqdim olunmasını tələb edəndən sonra ona məlum olmuşdur ki, Azəriqazın nümayəndələri onu aldadaraq həmin ərizəni imzalatdırmışlar. Belə ki, yuxarıda da qeyd etdiyi ki, qaz hesabının onun adına keçirilməsi üçün müraciət edən zaman onlar onun müvafiq sənədlərlə mütləq qaydada ərizə ilə müraciət etməli olduğunu bildirmişlər və vaxt getməməsi üçün ona boş ərizə forması təqdim edərək onu imzalamağını, ərizənin boş hissələrini sonra özləri dolduracağını qeyd etmişlər. O da onlara inanaraq oxumadan boş ərizə formasını və müqaviləni imzalamışdır. Ərizənin və müqavilənin tarixlərinə nəzər salanda da hər iki sənədin eyni tarixdə imzalandığı məlum olur. Bu da bir daha təsdiq edir ki, Azəriqazın nümayəndələri onu aldadaraq həmin ərizə formasını başqa adla ona imzalatdırmışlar. Ərizəyə nəzər yetirdikdə o da məlum olur ki, ərizənin digər hissələrindəki xətlə imza olunan xətt tamamilə fərqlənir. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2023-cü il tarixli ərizə onun iradə ifadəsini əks etdirmir və o, orada qeyd olunan borc məbləğinin 1 qəpiyini belə ödəməyə razı deyil. Çünki həmin məbləğ heç bir qanuni əsas olmadan hesablanmışdır və həqiqəti əks etdirmir. Onlara məxsus ünvanda guya qazdan qeyriqanuni istifadə edilməsi faktlarının aşkar edilməsi ilə bağlı bildirir ki, tərtib olunan aktlar tamamilə saxtadır və həqiqəti əks etdirmirlər. Belə ki, onlara məxsus ünvanda heç vaxt qazdan qeyri-qanuni istifadə halı olmamışdır. Tərtib edilmiş bütün aktlara eyni şəkil əlavə edilmişdir. Həmin şəkildə isə həqiqətən də qanunsuz birləşmənin olduğu görsənmir. Əgər həqiqətən orda qanunsuz birləşmə olmuş olsa idi əmindir ki, Azəriqazın nümayəndələri divarın əks tərəfinin də şəkilini çəkib akta əlavə edərdilər. Lakin qanunsuz birləşmə olmadığı üçün qaz itkisini azaltmaq məqsədilə Azəriqazın nümayəndələri bu vasitəyə əl atmış və ölmüş şəxsin adına çoxsaylı qanunsuz aktlar tərtib etmişlər. Aktlara əlavə edilmiş şəkildə əks olunan mənzərə isə hazırda da şəkildə olduğu kimidir və xx.xx.2023-cü il tarixində məhkəmə onlara məxsus ünvana yerli baxış keçirən zaman da həmin mənzərənin şahidi olmuşdur. Həmin şəkildə görsənən və divara daxil olan, hazırda da həmin formada mövcud olan borunu elə Azəriqazın nümayəndələri özləri uzun müddət əvvəl küçə qaz xətti çəkilən zaman həmin küçə xəttini havada saxlamaq üçün dirək (stoyak) məqsədilə oraya yerləşdirmişlər. Halbuki divara daxil olan borunun küçə qaz xəttinə birləşən hissəsi qaynaq vasitəsilə bağlı olmuşdur və həmin borunun divara daxil olan hissəsinin də davamı olmamışdır. Əvvəllər də bir neçə dəfə Azəriqazın fərqli idarələrindən gəlmiş nümayəndələr həmin xəttin qanunsuz birləşmə olduğunu zənn etmiş, buna görə də həyətə baxış keçirmiş, hətta həyət divarlarının həmin hissədən içəri tərəfdən sökərək (yerli baxış zamanı məhkəmə də bunun şahidi olmuşdur) həmin borunun davamının olmamasının və ümumiyyətlə həmin boruda təbii qazın olmamasının şahidi olmuşlar. Bundan əlavə qeyd etdiyi kimi qeyd olunan ünvanda mərhum atası İmamverdi Qasımov abonent kimi qeydiyyata alınmışdır. Atası xx.xx.2006-cı il tarixində vəfat etmişdir. Atası vəfat edəndən sonra qeyd olunan ünvanda uzun müddət daimi yaşayış olmamışdır. Buna baxmayaraq bütün cərimə aktları mərhum atasının adına yazılmış və aktlarda qeyd olunmuşdur ki, guya atası aktı imza etməkdən imtina etmişdir. Belə bir sual yaranır ki, 2006-cı ildə vəfat etmiş şəxs 2010-2020-ci illər ərzində tərtib edilmiş aktları imza etməkdən necə imtina edə bilər?! Bu da onu sübut edir ki, həmin aktlar onlara məxsus ünvanda deyil, Azəriqazın hansısa idarəsində birtərəfli qaydada tərtib edilmişdir. Əgər həqiqətən də Azəriqazın nümayəndələri onlara məxsus ünvana gəlsəydilər və akt tərtib edilən zaman onların iştiraklarını təmin etsəydilər bu zaman atasının uzun müddət əvvəl vəfat etdiyini öyrənmiş olardılar. İddiaçının məhkəməyə təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti istehlakçıya təqdim olunmamış və ya göndərilməmişdir. Həmçinin bütün aktlara eyni şəkil əlavə edilmişdir, lakin həmin şəkilin nə vaxt çəkildiyini də müəyyən etmək mümkün deyildir. Halbuki, "Qazdan istifadə Qaydaları"nm imperativ tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazm verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bu qazpaylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq eyniməzmunlu saxta yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyini şübhə altına alan digər məqamlardır. Bildirir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya onlara məxsus ünvanda 2013- 2020-ci illər ərzində təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunmuş və həmin dövrdə tərtib edilmiş aktlara əsasən cəmi 5750,60 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Bundan əlavə iddia ərizəsində göstərilmişdir ki, guya bizim 2012-ci il üzrə 644 manat sərfiyyat borcları da qalmışdır. Bununla bağlı məhkəmənin nəzərinə çatdırır ki, abonent saldosunun "Qalıq və aktlar" bölməsindən də məlum olduğu kimi iddiaçı qurumun əməkdaşları tərəfindən onlara məxsus ünvana 2010 - 2012-ci illər ərzində də 17 cərimə aktı tərtib edilmiş və həmin aktlara əsasən də 2010-cu il üçün 132,50 manat, 2011-ci il üçün 405 manat, 2012-ci il üçün isə 240 manat olmaqla cəmi 777,50 manat dəymiş ziyan məbləği hesablamışdır. Lakin iddiaçı həmin aktları, həmçinin də 2013-cü ildə tərtib edilmiş aktı da məhkəməyə təqdim etməmiş və məhkəməni yanıltmaq məqsədilə iddia ərizəsində qeyd etmişdir ki, guya 2012-ci il tarixinə olan borc sayğac üzrə sərfiyyata görə yaranmış borcdur. Halbuki qeyd etdiyi kimi 2012-ci ilə görə tələb olunan məbləğ də iddiaçı tərəfindən 2010-2012-ci illərdə tərtib edilmiş qanunsuz aktlara əsasən hesablanmışdır, lakin həmin aktlar ümumiyyətlə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərdən məlum olur ki, iddiaçının iddia tələbində göstərilən məbləğin 6394,60 manatlıq hissəsini 2010- 2020-ci illər ərzində tərtib edilmiş qanunsuz aktlara əsasən hesablanmış cərimə məbləği təşkil edir və həmin məbləğ qanunsuz hesablandığı üçün iddia həmin hissədə rədd edilməlidir. İddia tələbinin 132,50 manat hissəsini isə 2020-2023-cü illər ərzində sayğac vasitəsilə istifadə edilmiş təbii qazın dəyəri təşkil edir ki, həmin məbləği də ödəməyə hazırdır. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci və 373.3cü maddələrinə əsasən müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İş materiallarından da məlum olduğu kimi iddia tələbinin 644 manatlıq hissəsini 2012-ci il aprel ayına qədər tərtib edilmiş aktlara əsasən hesablanmış məbləğ, iddia tələbinin 5750.60 manatlıq hissəsini isə xx.xx.2013-cü il tarixindən xx.xx.2020-ci il tarixinə qədər tərtib edilmiş aktlara əsasən hesablanmış məbləğ təşkil edir. Göründüyü kimi sonuncu akt xx.xx.2020-ci il tarixində tərtib edilmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Deməli belə olan halda iddia tələbinin 6394.60 (5750,60 + 644) manatlıq hissəsinə münasibətdə həm də qanunvericilikdə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Həmçinin cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı İB-nin cavabdeh ona qarşı “cavabdeh tərəfindən iddiaçıya vurulmuş 5750,60 manat məbləğində zərərin, debitor borc manat və 85,28 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6612,38 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın bank hesabına ödənilməsi” tələbinə dair iddiasının 6394,60 manatlıq hissəsi həmin tələbin irəli sürülməsi üçün qanunla müəyyən olunmuş iddia müddəti keçdiyi üçün (iddia müddəti tətbiq edilməklə) təmin edilməməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, hesab edirik ki, iddiaçı iddia tələbi üçün qanunla müəyyən olunan iddia müddətini heç bir üzürlü səbəb olmadan ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İş materiallarından da məlum olduğu kimi iddia tələbinin 644 manatlıq hissəsini 2012-ci il aprel ayına qədər tərtib edilmiş aktlara əsasən hesablanmış məbləğ, iddia tələbinin 5750,60 manatlıq hissəsini isə xx.xx.2013-cü il tarixindən xx.xx.2020-ci il tarixinə qədər tərtib edilmiş aktlara əsasən hesablanmış məbləğ təşkil edir. Göründüyü kimi sonuncu akt xx.xx.2020-ci il tarixində tərtib edilmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Deməli belə olan halda iddia tələbinin 6394,60 (5750,60+ 644) manatlıq hissəsinə münasibətdə həm də qanunvericilikdə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə qanunvericiliyin tələbinə əsasən huququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 il ərzində deyil, həmin vaxtdan xeyli müddət keçdikdən sonra (iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixində daxil olmuşdur) müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə ərarı xarılanadək verdiyi Ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də, iddiaçının iddia tələbinin 6394,60 manatlıq hissəsi həmin tələbin əsassızlığına dair tərəfindən verilən etirazda göstərilən dəlillərlə yanaşı, həm də həmin tələbin irəli sürülməsi üçün qanunla müəyyən olunmuş iddia müddəti keçdiyi üçün də rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - qaz paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X8 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, 03-762 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. - cavabdehin adına olan abonent saldosundan (abonent kodu 1**********000) görünür ki, aktlar əsasında 2013-cü ilin dekabr ayından 2020-ci ilin mart ayınadək (mart ayı daxil olmaqla) cəmi 5750,60 manat məbləğində borc yazılmışdır. Həmçinin həmin abonent saldosundan görünür ki, 2020-ci ilin mart ayından dekabr ayınadək cəmi 136,40 manat, 2021-ci ilin yanvar ayından dekabr ayınadək cəmi 310,50 manat, 2022-ci ilin yanvar ayından dekabr ayınadək cəmi 295,32 manat + 5,28 manat (limitdən artıq istifadəyə görə) və 2023-cü ilin yanvar ayından aprel ayınadək cəmi 99 manat, ümumilikdə 846,5 manat məbləğində təbii qazdan istifdadə edilmişdir. Eyni zamanda həmin abonent saldosundan görünür ki, 2020-ci ildə cəmi 107 manat, 2021-ci ildə cəmi 200 manat, 2022-ci ildə cəmi 307 manat, 2023-cü ildə cəmi 100 manat olmaqla ümumilikdə 714 manat məbləğində qazdan istifadəyə görə ödənişlər aparılmışdır. İş üzrə cavabdehin yaşadığı ünvan 2 ünvanında yerində müayinə keçirilmiş və yerində müayinə zamanı cavabdehin ünvanına gedən qaz xətti hasarın yuxarı hissəsinə daxil edilməklə bərkidildiyi, həmin qaz xəttindən əlavə xətt aşağı enməklə ünvana quraşdırılmış sayğaca daxil olduğu və sayğacdan çıxan xəttin evə daxil olduğu, ünvanda hazırda hər hansı bir qeyri-qanuni xəttin mövcud olmadığı, həmçinin cavabdehin ünvanında bir ədəd dəmir peç və qeyri-standard su qızdırıcısının mövcud olduğu müəyyən edilmişdir. Yerində müayinədə iştirak edən İddiaçı İB Bakı RQSD Qazın balansı və satışı şöbəsinin qaz təsərrüfatının nəzarətçisi X6 bildirmişdir ki, cavabdeh, hasarına bərkidilmiş qaz xəttinə divarın içərisindən qoşulmaqla qeyri-qanuni qazdan istifadə etmişdir. Hazırda isə həmin xətt ləğv olunmuşdur. Qeyri-qanuni xətt aşkar edildiyi hallarda cavabdehin ünvanına baxış keçirilməmişdir. İş üzrə məhkəmə qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/198 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına və ona bərkidilmiş giriş-çıxış borsunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Elektron qaydada tərtib edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iş üzrə 85,28 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. “Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanunun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında haqqında” Azərbaycan Respublikasının Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və həmin maddəyə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (qeyd olunan maddə xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır. Həmin Qaydaların 6.5-2-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-4-cü maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə ilkin olaraq iddia tələbinin tərtib edilmiş aktlar əsassında tələb olunan dəymiş zərər hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddianın həmin hissəsi dəymiş zərərlə bağlı olduğunu və bu zərərinin əsasını iddiaçı tərəfindən tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş üzrə isə 2013-cü ilin yanvar ayından 2020-ci ilin mart ayınadək qazdan qeyriqanuni xətt vasitəsilə tərtib edilmiş 26 akt əsasında ümumilikdə 5750,60 manat məbləğində pulun tələb edilməsinə baxmayaraq aktlardan başqa bu halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İşin hallarından isə görünür ki, cavabdehin yaşadığı ünvana baxış keçirilən zaman onun və ya onun ailə üzvlərindən olan şəxsin iştirakı təmin olunmamış, aktlar mərhum şəxsin, yəni mərhum İmamverdi Qasımovun adına tərtib edilmiş, həmin aktların nüsxələri istehlakçıya (cavabdehə və ya onun ailə üzvlərindən olan şəxsə) təqdim edilməmişdir. Baxış keçirilən zaman ünvana daxil olmaqla ümumiyyətlə baxış keçirilməmiş, yalnız cavabdehin ünvanına gedən qaz xəttinin hasarın yuxarı hissəsinə daxil edilməklə bərkidilmiş hissəsinin, darvazanın və sayğacın fotoşəkilləri çəkilməklə aktlara əlavə edilmişdir. Eyni zamanda məhkəmə, həmin fotoşəkillər bütün aktlara əlavə edilməsini vurğulamaqla qeyd edir ki, divara daxil olan xəttin əks tərəfdən çıxmaqla davam etməsi barədə hər hansı bir sübut da məhkəməyə təqdim edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyindəndə görünür ki, qaz sayğacına və ona bərkidilmiş giriş-çıxış borsunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərtib edilmiş aktlar «Qazdan istifadə Qaydaları»nın tələblərinə riayət olunmaqla tərtib edilməmiş, həmin aktların tərtib edilməsinə əsas olmuş hallarla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən həmin aktların tərtib edilməsinə əsas olmuş halların mövcudduğu şübhə doğurur və həmin aktların etibarlı hesab edilməsinə əsaslar mövcud deyil. Bu səbəblərdən məhkəmə hesab edir ki, təbii X3 pozulması haqqında tərtib edilmiş aktlar əsasında cavabdehdən vurulmuş ziyana görə 5750,60 manat məbləğində pulun tələb edilməsi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 776,50 manat məbləğində debitor borcun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və cavabdehdən 68,12 manat məbləğində debitor borcu tutulmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia həmin hissədə 2012-ci il üzrə yaranmış 644 manat, 2020-2023-cü illər üzrə yaranmış cəmi 846,50 manat, ümumilikdə 1490,50 manat debitor borcdan ödənilmiş cəmi 714 manat ödəniş çıxılmaqla yerdə qalan 776,50 manat debitor borcun tutulması tələbini təşkil edir. Abonent saldosuna nəzər yetirdikdə isə müəyyən olunur ki, 2013-cü ilədək yaranmış 644 manat məbləğində borc məbləği cavabdehin abonent hesabına hər ay aktlar əsasında hesablanmış pul məbləğlərindən yaranır ki, həmin aktların nədən ibarət olması, hər ay 60 və 15 manat məbləğlərində borcun yazılmasına əsasın nədən ibarət olması barədə müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin 644 manat məbləğində borcun iddia ərizəsində qeyd edildiyi kimi 2012-ci ilin ayları üzrə yaranmış debitor borcu kimi qəbul edildiyi halda isə məhkəmə hesab edir ki, iddianın bu hissəsinə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, cavabdeh yaranmış borc məbləğlərinə dair iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1 və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli plenumun qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsin əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Məhkəmə, iddiaçı tərəfindən hazırki iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət olunmasını, yuxarıda sadalanan mülki qanunvericiliyin tələblərini, 644 manat məbləğində borcun 2012-ci ilin dekabr ayınadək yaranmış borcun (vaxtaşıra ödəmələrdən yaranan borc) olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı həmin borcun cavabdehdən tələb etməsi üçün iddia müddətini ötürmüşdür. Ona görə də həmin hissədə iddia təmin edilməməlidir. Lakin abonent saldosundan görünür ki, 2020-ci ilin mart ayından 2023-cü ilin aprel ayınadək (aprel ayı daxil olmaqla) ümumilikdə 841,22 manat məbləğində qazdan istifadə etmiş və həmin müddətdə ümumilikdə 714 manat ödəniş etməklə debitor borcuna görə 127,22 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin debitor borcuna görə qalıq qalmış 127,22 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadəyə görə 127,22 manat məbləğində debitor borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, təmin edilmiş pul məbləği və həmin məbləğə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə əsasən 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumunun ödənilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq cavabdehdən dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulmalı, 55,28 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Həmçinin iddia tələbinin dəymiş zərərin tutulması hissəsinn rədd edilməsini və iş üzrə həmin hissədə ekspertiza tədqiqatının aparılmasına zərurətinin yaranmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 127,22 manat məbləğində debitor borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 55,28 manat hissəsi İddiaçı özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manat İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi (elektron kabinet vasitəsilə) ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-200/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-200/2024
08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver