Məhkəmə qərarları › İş №e-2(003)-2019/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2019/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2019/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 982,67 manat əsas borcun, 115,83 manat faiz borcun, 20 manat cərimə olmaqla cəmi 1118,50 manat borcun və dənilmiş dövlət rüsumuna görə 31,20 manatın "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 38 faiz olmaqla 18 ay müddətinə qaytarılması şərtilə 1500 manat kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədilə Cavabdeh1 və Cavabdeh2 birgə məsuliyyətini müəyyən edən xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Nəticədə kredit müqaviləsi üzrə 982,67 manat əsas borc, 115,83 manat faiz borcu və 20 manat dəbbə borcu olmaqla cəmi 1118,50 manat borcu yaranmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ACAM2-19840-3372 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 38 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. İş materialların əlavə olunan ödəniş qrafikindən görünür ki, cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 111 manat, sonuncu ay isə 103,25 manat məbləğində ödəniş etməklə yerinə yetirməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə yerinə yetirilməsi üçün zamin kimi "xxxx" MMC qarşısında üzərinə məsuliyyət götürmüşdür. İş materiallarına əlavə olunmuş arayışından görünür ki, Cavabdeh1 "xxxx" MMC-yə kredit müqavilə üzrə 982,67 manat əsas, 115,83 manat faiz, 205,83 manat dəbbə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən yaranmış borcun xx.xx.2025-ci il tarixədək ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən aralarında bağlanmış kredit müqailəsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 38 faiz olmaqla 18 ay müddətinə qaytarılması şərtilə 1500 manat kredit verilmişdir. Cavabdeh Nəsmi Hüseynov kredit müqaviləsi üzrə öhdəliklərini xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 111 manat, sonuncu ay isə 103,25 manat məbləğində ödəniş etməklə yerinə yetirməsi barədə üzərinə məsuliyyət götürməsinə baxmayaraq, o, öhdəlikləri lazımi qaydada icra etməmiş və kredit müqaviləsi şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Həmçinin iş üzrə digər Cavabdeh2 iddiaçı ilə zaminlik müqaviləsi bağlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə yerinə yetirilməsi üçün öz üzərinə zamin kimi məsuliyyət götürmüşdür. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehlərdən iddiaçının xeyrinə 982,67 manat əsas, 115,83 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişi vaxtında ödəmədikdə üzərinə dəbbə ödənilməsi öhdəliyini götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 20 manat məbləğində cərimə tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 31,20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə, 31,20 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olundan müştərək qaydada 982,67 manat əsas, 115,83 manat faiz, 20 manat cərimə olmaqla cəmi 1118,50 manat (bir min bir yüz on səkkiz manat əlli qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,20 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar