Məhkəmə qərarları › İş №e-2(003)-2075/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2075/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2075/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Hüseynli Hüseyn İnanc oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə əsasən mülki işə baxaraq, MÜƏYYƏN ETDİM İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1309 manat məbləğində əsas, 349 manat məbləğində faiz borcu olmaqla, 92,62 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1605,56 manat məbləğində pul vəsaitinin və 37,51 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli, **********0113 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 30 ay müddətinə illik 27 faiz ödəmək şərtilə 1700 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 79 manat olmaqla bərabər hissələrə ödəniş edilməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğində hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 18 mart 2025-ci il tarixinə İddiaçı X1-Bank Kredit Təşkilatına 1309 manat əsas borc, 349 manat faiz borcu, 92,62 manat cərimə borcu olmaqla cəmi 1750,62 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh xx.xx.2025-ci il tarixdə həmin bildirişi qəbul etmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, kiçik mübahisələr üzrə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0113 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh 30 ay müddətinə, illik 27 faiz ilə 1700 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixli, **********0113 saylı kredit müqaviləsinə əsasən tələbkara 1309 manat əsas borc, 349 manat faiz borcu, 92,62 manat cərimə borcu olmaqla cəmi 1750,62 manat borcu yaranmışdır. İş materiallarında olan Asan ödəniş sisteminə ödənilmiş 08 aprel 2025-ci il tarixli, **********62 saylı qəbzin surətindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 37,51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 30 ay müddətinə illk 27 faiz olmaqla 1700 manat kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə borcu yaranmışdır. İş üzrə İddiaçı X1-Bank Kredit Təşkilatı qeyd olunan kredit məbləğini Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu, faizləri və cəriməni tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 1309 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 92,62 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 45 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 108.2.-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir. İşə əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı hazırki işin məhkəmədə baxılması üçün dövlət büdcəsinə 37,51 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək təmin edilmiş pul məbləği və həmin məbləğə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumunun ödənilməli olmasını nəzərə alaraq hesab ediəmr ki, cavabdehdən iddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq cavabdehdən dövlət rüsumuna görə 37,03 manat məbləğində pul tutulmalı, 0,48 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, cavabdeh xx.xx.2023-cü il tarixli, **********0113 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə yaranmış 1309 manat məbləğində əsas, 349 manat məbləğində faiz borcu, 45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1703 manat məbləğində pul vəsaiti və ödənilmiş 37,03 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-237,51, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİM İddia qismən təmin edilsin. Cavabdeh 1309 (bir min üç yüz doqquz) manat məbləğində əsas borc, 349 (üç yüz qırx doqquz) manat məbləğində faiz borcu, 45 (qırx beş) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1703 (bir min yeddi yüz üç) manat məbləğində pul vəsaiti və 37,04 (otuz yeddi manat dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 0,48 (qırx səkkiz qəpik) manat hissəsi İddiaçı X1-Bank Kredit Təşkilatının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar