Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2079/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, İddiaçının Cavabdeh qarşı “kredit müqavilələri üzrə borc” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kredit müqavilələri üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31500 (otuz bir min beş yüz) manat və 184,5 manat dövlət rüsumunun, ümumilikdə 31.684 manat 50 qəpik məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, borc alan Cavabdeh onun inam və etibarından sui-istifadə edərək ayrı-ayrı vaxtlarda əvvəlcə 3500 manat, daha sonra 3500 manat, 18000 manat və 5000 manat olmaqla (dörd halda) ümumilikdə 30000 (otuz min) manat məbləğində pulu notarial qaydada kredit müqaviləsi əsasında ondan almış və geri qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulu qaytarmağını tələb etsə də, ona hər dəfə başqa vədlər verərək pulu qaytarmaqdan yayınmışdır. Bundan başqa cavabdeh ondan xx.xx.2022-ci il tarixdə “eManat” terminalı vasitəsi ilə 1500 manat məbləğində pul almış və geri qaytarmamışdır. Bununla bağlı qəbzi iddia ərizəsinə əlavə etmişdir. Yuxarıda qeyd olunanlardan bir daha sübut olunur ki, cavabdehin ona olan borcu 31500 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəməyə bütün sübutları təqdim etdiklərini, iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və məhkəməyə təqdim olunmuş sübutları tədqiq edərək iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 3500 manat məbləğində pul borc verməyi, borcalan isə krediti xx.xx.2022-ci il tarixədək borverənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 2017 saylı məktuba əsasən müqavilə üzrə 3500 manat xüsusi notarius X1 depozit hesabına köçürülmüşdür. Kredit müqaviləsinin 8-ci bəndindən müəyyən olunur ki, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 3500 manat məbləğində pul borc verməyi, borcalan isə krediti xx.xx.2022-ci il tarixədək borverənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 2650 saylı məktuba əsasən müqavilə üzrə 3500 manat xüsusi notarius Cəmaləddin Rüstəmovun depozit hesabına köçürülmüşdür. Kredit müqaviləsinin 8-ci bəndindən müəyyən olunur ki, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 18000 manat məbləğində pul borc verməyi, borcalan isə krediti xx.xx.2022-ci il tarixədək borverənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 2168 saylı məktuba əsasən müqavilə üzrə 18000 manat xüsusi notarius Rəşadət Sadıqovun depozit hesabına köçürülmüşdür. Kredit müqaviləsinin 8-ci bəndindən müəyyən olunur ki, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 5000 manat məbləğində pul borc verməyi, borcalan isə krediti xx.xx.2022-ci il tarixədək borverənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 2758 saylı məktuba əsasən müqavilə üzrə 5000 manat xüsusi notarius Cəmaləddin Rüstəmovun depozit hesabına köçürülmüşdür. Kredit müqaviləsinin 8-ci bəndindən müəyyən olunur ki, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş məktubdan görünür ki, borcluya öhdəliyi barədə məlumat verilmiş və öhdəliyin icra edilməməsi nəticəsində məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddia tələbinin “eManat” terminalı vasitəsi ilə verilən 1500 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi iş materialları ilə təsdiq edilmir. İş materiallarında olan “eManat” terminalının qəbzi vasitəsilə köçürmə edənin həqiqətən iddiaçı olmasını, məbləğin köçürüldüyü hesabın isə cavabdehə məxsus olması məhkəmə araşdırması zamanı təsdiq edilməmiş, iddia tələbinin bu hissəyə aid tələbi iddiaçı tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin təsdiq edilmiş kredit müqavilələri üzrə iddiaçıya borcu olması məhkəmə araşdırması zamanı təsdiq edilmişdir. Bu səbəbdən iddia tələbi qismən təmin olunmalı, notarial qaydada bağlanaraq təsdiq edilmiş kredit müqavilələri üzrə cavabdehdən iddiaçının xeyrinə əsas borca görə cəmi 30.000 manat borc pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumuna görə ödənilmiş məbləğ iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 3500 manat, xx.xx.2022ci il tarixli kredit müqaviləsinə əsasən 3500 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 18000 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5000 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 180 manat olmaqla, ümumilikdə 30180 (otuz min yüz səksən) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-2079/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2079/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver