Məhkəmə qərarları › İş №e-2(003)-2086/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2086/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2086/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 17781,24 manat əsas, 2729,71 manat faiz borcunun, cəmi 21255,33 manat borcun və 154 məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 18 % olmaqla 19000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli CC/67700/79/22 nömrəli kredit sazişi müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 il müddətinə illik 18% olmaqla 19000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, 19000 manat məbləğində pul Cavabdeh tərəfindən alınmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı ASC götürdüyü 19000 manat məbləğində krediti xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 686,90 manat, sonuncu ay isə 694,72 manat ödəniş etməklə qaytarılması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə İddiaçı ASC-yə 17781,24 manat əsas, 2729,71 manat faiz borcu və 744,38 manat cərimə borcu vardır. İş materiallarında olan bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli “kredit müqaviləsini ləğv etməyə dair” bildirişdən görünür ki, aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda müvafiq borc məbləğinin tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmiş və bağlanılmış müqavilənin ləğv edilməsi barədə məlumat verilməklə bu barədə razılaşma bağlamaq istədiyi halda 3 gün müddətində banka yaxınlaşması bildirilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 154 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin araşdırılmış hallarından müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərin uyğun qaydada iş üzrə tərəflər arasında yazılı kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 18% olmaqla 19000 manat məbləğində kredit verilmiş, cavabdeh həmin pulu almış və xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 686,90 manat, sonuncu ay isə 694,72 manat ödəniş etməklə qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1 və 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanılmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun iddiaçı qarşısında həmin kredit müqaviləsi üzrə borcu yaranmış və iddiaçı məhkəməyə müraciət etməkdə haqlıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar cavabdehin 17781,24 manat əsas, 2729,71 manat faiz borcunun olmasını təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, həmin məbləğlərdə əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə cavabdehdən tutulmalı olan cərimə borcuna münasibətdə qeyd edir ki, həmin cərimə tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 744,38 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 100 manat cərimə pulu tutulmalıdır. Həmçinin məhkəmə, iddia tələbinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından görünür ki, qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif edildiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli CC/67700/79/22 nömrəli kredit sazişi müqaviləsi ləğv edilməli, cavabdehdən 17781,24 manat əsas, 2729,71 manat faiz borcu, 100 manat cərimə olmaqla cəmi 20610,95 manat məbləğində borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 154 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, təmin edilmiş məbləğə münasibətdə cavabdehdən ödənilmiş dövlət rüsumuna 149.33 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli CC/67700/79/22 nömrəli kredit sazişi müqaviləsi ləğv edilsin. Cavabdeh 17781,24 manat əsas, 2729,71 manat faiz borcu, 100 manat cərimə olmaqla cəmi 20610,95 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 149,33 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 4,67 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar