Məhkəmə qərarları › İş №e-2(003)-2102/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2102/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2102/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6771,75 manat məbləğində əsas borcun, 990,89 manat məbləğində faiz borcunun cəmi 7762,64 manat borcun və 97,63 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2021-ci il tarixli GTKR3563671A118 saylı kredit müqaviləsinə əsasən ona illik 28 faiz dərəcəsi ilə 48 ay müddətinə 13590 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 6771.75 manat əsas, 990.89 manat faiz borcu olmaqla cəmi 7762.64 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında əlavə olaraq bildirdi ki, "xxxx" ASC-dən illik 28% olmaqla 13590 manat məbləğində kredit götürmüşdür. Kredit götürdüyü ilk vaxtlar ödənişləri vaxtı-vaxtında etmişdir. Belə ki, təxmini 16-17000 manat ödəmiş etmişdir. Lakin sonradan maddi vəziyyətində yaranan problemlərlə əlaqədar ödəniş edə bilməmişdir. Faiz dərəcəsinin azaldılması ilə bağlı olaraq "xxxx" ASC-yə müraciət etsə də razılıq əldə olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə iddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2021-ci il tarixli, GTKR3563671A118 nömrəli kredit müqaviləsinə əsasən ona illik 28 faiz dərəcəsi ilə 48 ay müddətinə 13590 manat məbləğində “gündəlik tələbat” krediti verilmişdir. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh müqavilə üzrə 13590 manat kredit məbləğini qəbul etmişdir. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əlavədən (ödəniş qrafiki) görünür ki, tərəflər arasında qeyd olunan müqavilə üzrə aylıq ödənişlərin məbləği müəyyən edilmişdir. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 aprel 2021-ci il tarixli, GTKR3563671A118 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 6771,75 manat əsas, 990,89 manat faiz olmaqla cəmi 7762,64 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 18 mart 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh sözügedən kredit müqaviləsinə üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 6771,75 manat, faiz borc məbləği 990,89 manat olmaqla, 7762,64 manat məbləğində ümumi borc, gecikmə günü 124 gün olmaqla 2450,49 manat məbləğində gecikmə yaranmışdır. Həmçinin cavabdeh qrafikə uyğun ödəniş aparmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 02 aprel 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 97.63 (doxsan yeddi manat, altımış üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc m üqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunu İddiaçı ASC-yə ödəməlidir. Bununla yanaşı məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı ASC-nin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas kredit borcu hissəsində təmin edilməli, Cavabdeh 08 aprel 2021-ci il tarixli, GTKR3563671A118 nömrəli kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 6771,75 manat borc pul iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin - faiz borcu məbləğinə dair hissəsi ilə bağlı qeyd edir ki, hazırda cavabdehlə bağlanmış kredit müqaviləsinin müddəti bitməklə faiz borcu müqavilə müddəti daxilində hesablanmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırda cavabdehə ünvanlanmış bildirişdə əks edilən məbləğ cavabdehdən tələb edilir. Məhkəmə iddia tələbinin əsas və faiz borcuna münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh R.Abdullayev məhkəmə iclasında iddia tələbini qəbul etmiş, lakin tərəfindən 16-17000 manat məbləğində ödəniş edildiyini bildirmişdir. Bununla bağlı olaraq isə mötəbər sübut təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə işin müəyyən edilmiş halları arasında ziddiyyət olmamaqla həmin maliyyə arayışını şübhə altına alan hal müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə cavabdehin izahatına münasibətdə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi onun iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən 6771,75 manat əsas, 990,89 manat faiz borcu olmaqla, cəmi 7762,64 (yeddi min yeddi yüz altımış iki manat, altımış qəpik) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə isə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ASC tərəfindən ödənilmiş 97,63 (doxsan yeddi manat, altmış üç qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 08 aprel 2021-ci il tarixli, GTKR3563671A118 nömrəli kredit müqaviləsinə əsasən 6771,15 (altı min yeddi yüz yetmiş bir manat, on beş qəpik) manat əsas, 990,89 (doqquz yüz doxsan manat, yüz səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 7762,64 (yeddi min yeddiz yüz altımış iki manat, altımış dörd qəpik) manat məbləğində borc və ödənilmiş 97,63 (doxsan yeddi manat, altmış üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar