Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2123/2023 03.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızı, iddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 592-EHX-0403-22 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 1033 manat cavabdehə istehlak məqsədləri üçün kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilə üzrə aylıq kredit ödənişləri razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda kreditorun müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini Borclanandan tələb etmək hüququ vardır. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixinə BOKT "xxxx" QSC–yə xx.xx.2022-ci il tarixli 592-EHX-0403-22 saylı kredit müqaviləsinə əsasən 722,88 manat əsas borc, 122,73 manat faiz borcu, 108,43 manat cərimə olmaqla, cəmi 954,04 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor BOKT "xxxx" QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə 722,88 manat əsas borc, 122,73 manat faiz borcu, 108,43 manat cərimə olmaqla ümumilikdə 954,04 manat borcu və ödənilmiş 30,0 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 592-EHX-0403-22 saylı kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə 32% illik dərəcə ilə 1033 manat istehlak məqsədləri üçün kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 592-EHX-0403-22 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ilk BOKT "xxxx" QSC-yə hər ay 102 manat (sonuncu ay 98,33 manat) ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın banka xx.xx.2022-ci il tarixli, 592-EHX-0403-22 saylı kredit müqaviləsinə əsasən 722,88 manat əsas borc, 122,73 manat faiz borcu və 108,43 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan BOKT "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 5 iş günü müddətində borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh ilə BOKT "xxxx" QSC arasında bağlanmış müqaviləyə əsasən cavabdeh faizsiz 12 ay müddətinə 1033 manat məbləğində krediti ödəməsini öhdəsinə götürmüşdür. İş üzrə iddiaçı BOKT "xxxx" QSC qeyd olunan müqavilələrə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 722,88 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 108,43 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 35 manat cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə Cavabdeh 722,88 manat əsas borc, 122,73 manat faiz borcu, 35,0 manat cərimə, ödənilmiş 30,0 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 911,01 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə Cavabdeh 722,88 manat əsas borc, 122,73 manat faiz borcu, 35 manat cərimə, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 911,01 (doqquz yüz on bir manat, bir qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-2123/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2123/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver