Məhkəmə qərarları › İş №e-2(003)-2174/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2174/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2174/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9683,55 manat əsas, 1106,7 manat faiz, cəmi 10790,25 manat borcun, həmçinin ödənilmiş 123 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasn cavabdehə 48 ay müddətinə, illik 21 % olmaqla 9950 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh “Ödəniş cədvəlinə” əsasən ödəmli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kreditalan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək izahatında bildirdi ki, iddiaçıdan 9950 manat məbləğində kredit götürmüşdür. Əvvəllər ödənişləri vaxtı-vaxtında etmiş, lakin işdən çıxdıqdan sonra ödəniş edə bilməmişdir. Hazırda da işi olmadığından ödəniş edə bilmir. Həmçinin bildirdi ki, sonununcu dəfə 2022-ci ilin avqust ayında ödəniş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, CP/33690/86/3 nömrəli kredit sazişindən görünür ki, həmin saziş bank tərəfindən Cavabdeh 48 ay müddətinə illik 21 % dərəcəsi ilə 9950 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh 9950 manat məbləğində pul verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən götürdüyü 9950 manat məbləğində krediti xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 308.11 manat, sonuncu ay isə 314,25 manat ödəniş etməklə qaytarılması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçı ASC-yə 9683,55 manat əsas, 1106,7 manat faiz borcu vardır. İş materiallarında olan bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli “kredit müqaviləsini ləğv etməyə” dair bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin banka 9683,55 manat əsas, 976,75 manat faiz borcunun təşkil etdiyi bildirilmiş və bağlanmış müqavilənin ləğv edilməsi üçün 3 gün ərzində banka yaxınlaşması xahiş olunmuş, əks halda müqavilənin ləğv edilməsi və borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbrdarlıq edilmişdir. Elektron qaydada tərtib edilmiş iddia ərizəsindən görünür ki, ********* nömrəli qəbz əsasında iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 123 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş üzrə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 21 % dərəcəsi ilə 9950 manat məbləğində kredit verilmişdir. Cavabdeh, kredit müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 308.11 manat, sonuncu ay isə 314,25 manat ödəniş etməklə götürdüyü kreditin (əsas və faiz borcunun) qaytarması barədə üzərinə öhdəlik götürsə də, bu öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə “kredit müqaviləsini ləğv etməyə” dair bildiriş göndərilməklə kredit müqaviləsinə xitam verilməsi və borcun ödənilməsi cavabdehdən tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş üzrə müəyyən olunmuş halları və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı, xx.xx.2023-cü il tarixdə cavabdehə “kredit müqaviləsini ləğv etməyə” dair bildiriş göndərməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv edilməsini tələb etmişdir. Bununla da aralarında bağlanmış həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən birtərəfli qaydada ləğv edilmişdir. Eyni zamanda həmin bildirişdən görünür ki, kredit müqaviləsinin ləğv edildiyi vaxtı cavabdehin bank qarşısında əsas borcu üzrə 9683,55 manat, faiz borcu üzrə 976,75 manat ödənilməmiş öhdəliyi qalmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə birtərəfli qaydada ləğv edildiyindən həmin vaxta mövcud olmuş borc, yəni əsas borc üzrə 9683,55 manat, faiz borc üzrə 976,75 manat cavabdehdən tutulmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlar həmin borc məbləğlərində cavabdehin öhdəliklərinin qalmasını təsdiq edir, eyni zamanda cavabdehdə məhkəmə iclasında ondan tələb olunan borc (əsas və faiz borcu) məbləğlərini etiraf etməklə mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 9683,55 manat əsas, 976,75 manat faiz borcu olmaqla cəmi 10660,30 manat məbləğində borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 122 manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 1 manat hissəsi İddiaçı ASC-nin özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9683,55 manat əsas, 976,75 manat faiz borcu olmaqla cəmi 10660,30 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 122 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 1 manat hissəsi İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar