Məhkəmə qərarları › İş №e-2(003)-2253/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2253/2022

15.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2253/2022 15.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 noyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X9 və xx.xx.2012-ci il il tarixdə doğulmuş X8 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(003)-2878/2016 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş və 12 may 2016-cı il tarixindən X4 və X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay gəlirinin üçdə bir hissəsi miqdarında hər biri üçün müvafiq aliment məbləğinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Hal- hazırda 142 (yüz qırx iki manat) manat iki uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın saxlanılması xərcləri günü-gündən çoxalır, övladlarının normal həyat şəraitində saxlanılması üçün daha çox məbləğə ehtiyac duyulur. Aşağıda qeyd edilən hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X9 və xx.xx.2012-ci il il tarixdə doğulmuş X1 üçün tutulmuş aliment məbləği artırılaraq 200 manat (iki yüz) miqdarında sabit məbləğ kimi müəyyən edilməlidir. Ona görə də o, xx.xx.2010-cu il tarixdə doğulmuş X9 və xx.xx.2012-ci il il tarixdə doğulmuş X1 üçün alimentin məbləğinin artırılaraq hər ay hər uşağa 200,0 manat olmaqla, cəmi 400,0 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini dəqiqləşdirərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(003)- 2878/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə hər ay hər uşağa 200,0 manat olmaqla, cəmi 400,0 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh hal-hazırda ona hər ay 142 manat sabit pul məbləğində aliment ödəyir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, bildirdi ki, cavabdehin 600,0 manat civarında gəliri var. Cavabdeh hal-hazırda işləmir, lakin hər ay satabil olaraq iki uşağa görə 142,0 manat iddiaçıya sabit pul məbləğində aliment ödəyir. Cavabdeh ikinci dəfə ailə qurub və həmin nikahdan doğulmuş övladı autizm xəstəliyindən əziyyət çəkir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-2878/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Laçın rayon İHB-nin Hacılar kəndi üzrə nümayəndəliyində 02 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il tarixdə doğulmuş X9 və xx.xx.2012-ci il il tarixdə doğulmuş X2 anaları İddiaçı yanında qalması, xx.xx.2010-cu il tarixdə doğulmuş X9 və xx.xx.2012-ci il il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay cavabdehin gəlirinin üçdə bir hissəsi miqdarında aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh anası X5 olan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh X5 ilə olan rəsmi nikahı ləğv edilmiş və bu barədə xx.xx.2016-cı il tarixdə 195 sayla qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X10 ilə xx.xx.2016-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1527 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh anası X6 olan xx.xx.2017-ci il təvəllüdlü X11 doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektorunun 97/6 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Laçın rayonundan məcburi köçkün düşməklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, südçülük sovxozunda məskunlaşmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Xəzər Rayon Məhkəməsinin 2(003)-2878/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onların arasında olan rəsmi nikah qeydiyyatı pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmış və hər ay cavabdehin gəlirinin üçdə bir hissəsi miqdarında aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh hal hazırda iddiaçıya uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 71,0 manat olmaqla ümumilikdə 142,0 manat aliment ödəyir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici,uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə dəuşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlarının saxlanmaları üçün cavabdehdən hər ay tutulan alimentin artırılmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə əsaslı deyil. Beləki, İddiaçı cavabdehdən uşağın saxlanılması üçün 200,0 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləği ödəyə bilməsi üçün kifayət qədər gəlirinin olmasını sübuta yetirə bilmədi. Məhkəmə uşaqların mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-2878/2016 saylı qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 130,0 manat olmaqla cəmi 260,0 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-2878/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 130,0 manat olmaqla, cəmi 260,0 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar