Məhkəmə qərarları › İş №e-2(003)-2282/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2282/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2282/2022 29.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1495,9 manat məbləğində kredit borcu, 314,56 manat məbləğində faiz borcu və 362,45 manat məbləğində cərimə borcu olmaqla, ümumiliklə cəmi 2172,91 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41,73 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddiaçı QSC-nin iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,25% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000,0 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 021A**********S saylı, xx.xx.2020-ci il tarixli 021A**********Sa saylı, xx.xx.2020-ci il tarixli 021A**********SB saylı, xx.xx.2021-ci il tarixli 021A**********SC saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1504,1 manat ödəniş etmiş və onun iddiaçıya 1495,9 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 194 gün üçün hesablanmış faiz borcu 314,56 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 194 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 362,45 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildiri ki, onun həqiqətən iddiaçı banka borcu vardır. Müəyyən müddət maddi çətinliklər olduğundan borcunu ödəyə bilməmişdir. Borcunu qaytaracaqdır. İddia tələbini qəbul edərək, həmin müqavilə üzrə hesablanmış 1297,9 manat əsas borcu və 298,85 manat faiz borcunu qəbul etdiyini, lakin müqavilə üzrə hesablanmış cərimənin silinməsini məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim edərək iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 021A********** saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000,0 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş planından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı QSC-yə hər ay 289,0 manat (sonuncu ay 286,83 manat) məbləğində borcu ödəməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 021A**********S saylı sazişə əsasən qalıq qalmış 2090,85 manat məbləğində borc restrukturizasiya edilərək, yeni ödəniş cədvəli tərtib olunmuş və Cavabdeh1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı QSC-yə mövcüd olan borcu ödəməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 021A**********Sa saylı sazişə əsasən qalıq qalmış 2090,85 manat məbləğində borc restrukturizasiya edilərək, yeni ödəniş cədvəli tərtib olunmuş və Cavabdeh1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı QSC-yə mövcüd olan borcu ödəməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 021A**********SB saylı sazişə əsasən qalıq qalmış 2090,85 manat məbləğində borc restrukturizasiya edilərək, yeni ödəniş cədvəli tərtib olunmuş və Cavabdeh1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı QSC-yə mövcüd olan borcu ödəməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 021A**********SC saylı sazişə əsasən qalıq qalmış 2035,9 manat məbləğində borc restrukturizasiya edilərək, yeni ödəniş cədvəli tərtib olunmuş və Cavabdeh1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı QSC-yə mövcüd olan borcu ödəməli idi. İş materiallarında olan kreditin verilməsi barədə qəbzin surətindən aydın olur ki, Cavabdeh1 3000,0 manat məbləğində kredit götürmüşdür. Eyni zamanda, işə əlavə olunmuş 021G**********01 saylı zaminlik müqavilləsindən görünür ki, əsas borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh2nın zaminliyi ilə təmin edilmiş və o, bank qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 021G**********01S və 021G**********01SB saylı sazişlərin sürətindən görünür ki, 021G**********01 saylı zaminlik müqavilləsinə dəyişikliklər və əlavələr edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 1495,9 manat əsas kredit borcu, 314,56 manat faiz borcu, 362,45 manat cərimə borcu olmaqla, cəmi 2172,91 manat məbləğində borcu vardır. Daha sonra təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 1297,9 manat əsas borc, 314,56 manat faiz borcu, 251,58 manat cərimə borcu olmaqla cəmi 2034,12 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, İddiaçı QSC hazırkı iddia üzrə 41,73 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,25 olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000,0 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə zamin Cavabdeh2 “borclu” Cavabdeh1 kreditor bank qarşısında öhdəliklərinin icra edilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini üzərinə götürmüşdür. İş üzrə cavabdeh kredit müqaviləsinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki qanunvericiliyin qeyd olunan normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan tam təmin olunmalıdır. İddiaçı QSC cavabdehlərdən iddia əsas borc üzrə 1495,9 manat, faiz borcu üzrə 314,56 manat məbləğində pulun tutulmasına dair tələb irəli sürmüş, lakin iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında xx.xx.2022-ci il tarixə əsas borc 1297,9 manat, faiz borcu 298,85 manat miqdarında göstərilmişdir. Təqdim olunmuş maliyyə arayışına əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borc və faiz borcunun ödənilməsi hissəsində qismən təmin olunmalıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimələr əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 251,58 manat cərimə cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 50,0 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişlər. Buna görə də, digər Cavabdeh2 Cavabdeh1 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh1 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzərlərinə götürmüşlər. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 41,73 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən almaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə 1297,9 manat əsas borc, 298,85 manat faiz borcu, 50,0 manat cərimə olmaqla, cəmi 1646,75 (min altı yüz qırx altı manat, yetmiş beş qəpik) manat pul tutularaq "xxxx" QSC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada ödənilmiş dövlət rüsumu üzrə 41,73 (qırx bir manat yetmiş üç qəpik) manat tutularaq "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar