Məhkəmə qərarları › İş №e-2(003)-2286/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2286/2022

20.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2286/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 65000 manat maddi ziyan, 2000 manat mənəvi ziyan, tərəfindən ödənilmiş 292 manat dövlət rüsumu, vəkilə ödənilmiş 110 manat, cəmi 67230 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayəllər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilmişdir. Barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 2 il sınaq müddətinə şərti hesab edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü çıxarılmamışdan əvvəl onun azalığa buraxılmağı üçün qohumlarını məcbur etmişlər ki, “zərərçəkmiş” şəxsə 65000 manat pul ödənməlidir. Mərhum anası onun azad olunması üçün bütün əmlaklarını sataraq 65000 manat pul toplayaraq “zərərçəkmiş” cavabdehin anası X6 vermişlər. Bu barədə notarial qaydasında təsdiq edilmiş ərizə almış və məhkəməyə təqdim etmişlər. Bundan sonra onun barəsində AR CM-nin 70-ci maddəsi tətbiq olunmuş və həbsdən azad olunmuşdur. Həmin hökmlə təqsirli bilinmişdir ondan ötrü ki, guya o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X9 ilə əlbir olan bir qrup şəxs halında İ.K.Tağıyevin xalası oğlu X10 və onun nəyat yoldaşı X3 etibarından sui-istifadə edərək X7 məxsus Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən 0,0938 ha torpaq sahəsindən ibarət 986 saylı bağ sahəsini 40.000 manata və X12 məxsus Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən ümumi sahəsi 65,5 kv.m olan, yaşayış sahəsi 68,4 kv.m, köməkçi, sahəsi 17,1 kv.m olan 4 otaqlı 986 A saylı bağ evini və mülkiyyətində olan 0,12 ha torpaq sahəsini 80.000 manata, cəmi 120.000 manata satması barədə razılaşaraq həmin torpaq sahələrinə dair xx.xx.2008-ci il tarixdə və 02 avqust 2008-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu 46 saylı notariat kontorunda öz adına İ.K.Tağıyevlə birlikdə aldadaraq etibamamələr almasına nail olmuş, D.M.Əhmədovaya məxsus torpaq sahəsini 30.000 manata və A.M.Şuşalıya məxsus torpaq sahəsi üzərində olan tikililərlə birlikdə 47.000 manata X1 barədə xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Səbail rayonu 45 saylı notariat kontorunda bağlanılmış alqı-satqı müqaviləsinə əsasən rəsmiləşdirilməsinə baxmayaraq G.H.Əliyevaya 130.000 manata sataraq əldə etdikləri pulun 55.000 manatını D.M.Mehtiyevnaya vermiş qalan 65.000 manatı şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs D.M.Əhmədovanın etibarından sui-istifadə edərək ona məxsus külli miqdarda 65.000 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2016cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin CK-nın xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 ayqust 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin CK-nın xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 ayqust 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin CK-nın xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərar lağv edilərək iş yenidən baxılması üçün geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2020-ci il tarixli hökmü ilə ayellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cirayətlər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü ləğv edilmiş, haqqında bəraət hökmü çıxarılmışdır. Ali Məhkəmənin CK-nın qərarı ilə dövlət ittihamçısının verdiyi kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2020-ci il tarixli bəraət hökmündə ona verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə, təqsirsiz hesab edilmiş və ona bəraət verilmişdir. Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu T.H.Kərimova tərəfindən imzası təsdiq edilmiş X4 ərizəsindən görünür ki, İddiaçı tərəfindən ona dəymiş 65000 manat maddi ziyan ona ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona qarşı olunan ədalətziliyin əvəzini uca Allah vermişdir. Belə ki, eyni qaydada başqa bir nəfəri şərləmək istədikdə həmin şəxs X8 və onun əri X13 qətlə yetirmişdir Mərhumların yeganə oğlu sağ qaldığından mərhumların hüquq varisi kimi ona qarşı mülki iddia qaldırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Həmçinin əlavə olaraq bildirdi ki, cinayət işinin gedişatı zamanı 65000 manat məbləğində pul iddiaçının anasının yaxınları tərəfindən anasına verilmiş və anasının da qızı, yəni iddiaçının bacısı vasitəsilə idddiaçının əvəzində əvəzsiz olaraq zərərçəkmişə ödənilmişdir. Pul, iddiaçının anası tərəfindən iddiaçıya qarşı şikayət və tələbinin olmaması barədə ərizəsi rəsmiləşdirildiyi zaman notariat kontorunda verilmişdir. Həmin zaman iddiaçı özü həbsdə olmuşdur. Həmin zaman məcburi hal kimi pul depozitə qoyulmamışdır. Əlavə olaraq bildirmişdir ki, iddia müddətinin tətbiqinə dair ərizə əsassızdır. Belə ki, müddət keçməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, anasına pulu bacısı, X14 vermişdir. Həmin pul ona məxsus olmamış, pulun verilməsində o iştirak etməmişdir. Əvvəllər anası xəstə olmuş, bu səbəbdən başı qarışıq olmuşdur. Ona görə də hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, cavabdehin anasına 65000 manat məbləğində pul verilməmiş və bu barədə həmin pulun kimin tərəfindən verilməsi, ümumiyyətlə verilməsi barədə hər hansı bir mötəbər sübut da təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı özü pulun bacısı tərəfindən verilməsini bildirmiş, iddia ərizəsində isə anası tərəfindən verildiyi qeyd olunmuşdur. Bu hal barədə ziddiyyətlər vardır. Odur ki, iddia tələbini əsassız hesab edir. Lakin məhkəmə hesab etsə ki iddia tələbi əsaslıdır və iş üzrə cavabdeh əsassız varlanan şəxs kimi qəbul edilsə onda hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)-19/2020 saylı hökmün surətindən görünür ki, təqsirləndirilən İddiaçı müdafiəçisi Vəkil Novruz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı haqqındakı xx.xx.2016-cı il tarixli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilmiş və ona bəraət verilməsi hökm edilmişdir. Təqsirsiz hesab olunmuş İddiaçı cinayət prosesinin gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eynulla Vəliyevə ünvanlanmış X3 xx.xx.2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, həmin ərizə ilə bildirmişdir ki, təqsirləndirilən şəxs İddiaçı tərəfindən ona dəymiş 120000 manat maddi ziyandan qalmış 65000 manat pul İddiaçı qohumları tərəfindən ona ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsindən görünür ki, əgər məhkəmə cavabdehin irəli sürülən dəlillərini nəzərə almazsa və iddianın əsaslı olduğunu, iddiaçının iddiasında göstərilən iddianı irəli sürmək və cavabdehin iddiaya cavab vermək vəzifəsinin olması nəticəsinə gələrsə o zaman bildirmişdir ki, hətta iddiaçının iddiası əsaslı olsa belə onun tərəfindən iddia müdəti buraxılmışdır. Belə ki, AR MM-nin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Əgər İddiaçı tərəfindən 2016-cı ilin avqust ayının 5-də cavabdehin anasına 65000 manat pul ödənilmişdirsə ( bu hal iş materialları ilə sübuta yetirilmir, belə ki, bu barədə nə qəbz, nə müqavilə, nə də ərizə vardır) o zaman o, təqsirsiz olmuşsa bunu 2016-cı ildə də bildirmiş və həmin pulu ən geci 2018-ci ilin avqust ayının 5-nə qədər tələb edə bilərdi. İddiaçı özünün təqsirsiz olmasını, yəni pulun (onun ödəmədiyi) ona qaytarılmalı olmasını Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli bəraətverici hökmü qəbul edildiyi andan bilmişsə yenə də hazırki iddia üzrə tələbini (tələb əsaslı və qanuni olduğu halda belə) xx.xx.2022-ci ilə qədər irəli sürməlidir. İddiaçı isə iddiasını məhkəməyə 2022-ci ilin iyun ayının 8-də irəli sürmüşdür və məhkəmə iddianı əsaslı hesab edirsə o zaman iddia müddətini buraxmışdır.İddiaçının iddia müddətini buraxması iddianın rədd edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən (əgər məhkəmə mahiyyəti üzrə iddianı əsaslı hesab edərsə) iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçı barəsində olan cinayət işinin məhkəmə istintaqı zamanı cavabdehin anası tərəfindən əsassız olaraq iddiaçının anasından 65000 manat məbləğində pul alınmış və həmin pul iddiaçının anası öldüyündən və eyni zamanda cavabdehin anası öldüyündən hüquqi varis kimi cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. İddia tələbinə etiraz isə ondan ibarətdir ki, həmin məbləğdə pul ümumiyyətlə cavabdehin anasına verilməmiş, sonuncuun yalnız əvvəllər münasibətlərinin yaxşı olması səbəbindən ərizəni verdiyini qeyd etmiş, o cümlədən pulun kimin tərəfindən verilməsinin sübut olunmamsını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, ilk öncə 65000 manat məbləğində pulun verilməsi, kimin tərəfindən verilməsi barədə iddiaçının tələb etmək hüququnun olub-olmaması halları araşdırılmaqla iddia tələbinə qiymət verilməlidir. Belə ki, iddia ərizəsində 65000 manat məbləğində pulun iddiaçının mərhum anası tərəfindən cavabdehin anası X5 verildiyi qeyd olunsa da, iddiaçı məhkəmə iclasında həmin pulun bacısı X14 tərəfindən verildiyini, nümayəndəsi və vəkili Vəkil isə pulun anasının yaxınları tərəfindən anasına verildiyini və anasının da qızı, yəni iddiaçının bacısı vasitəsilə zərərçəkmişə ödənilməsini bildirmişdir. Bununla yanaşı, cavabdeh tərəf isə ümumiyyətlə pulun verilmədiyini, o cümlədən pulun kimin tərəfindən verilməsinin sübut olunmamasını bildirmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəf pulun ümumiyyətlə verilməməsini qeyd etsə də, cavabdehin mərhum anası tərəfindən notarial qaydada təsdiq edilməklə imzalanmış ərizədən də göründüyü kimi iddia tələbində qeyd edilən məbləğdə pulun alınması ərizədə öz əksini tapmışdır. Həmçinin, cavabdeh tərəf də həmin məbləğinin ümumiyyətlə ödənilməməsini qeyd etsə də, bunu sübuta yetirə bilməmiş, əksinə məhkəmə iclasında pulun kimin tərəfindən ödənilməsinin müəyyən edilməməsinə istinad etməklə dolayısı ilə məbləğin ödənilməsini qəbul etmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ödənilmiş pul məbləği iddiaçının anası vasitəsilə əldə edilməklə ödənilməsi üçün cavabdehin anasına göndərilmişdir. İddiaçı tərəfin izahatlarından da müəyyən edilir ki, iddiaçının ödəməli olduğu zərərlə bağlı ödənilmiş pul məbləği ona əvəzsiz olaraq verilmişdir. Bu mənada, mülki qanunvericiliyin tələbləri baxımından iddiaçının məhz həmin məbləği tələb etmə hüququ yaranmışdır. Eyni zamada işin araşdırılmış hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin anasına ziyanın vurulması ehtimal edilən cinayət əməlinin törədilməsində hazırki iş üzrə iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən təqsirsiz hesab edilərək ona bəraət verildiyindən iddiaçının ödənilmiş (iddia tələbində qeyd edilən məbləğdə) pul məbləğinin geri qaytarılmasının tələb etmək hüququ yaranmışdır. İddiaçı isə təqsirsiz hesab edildiyindən onun tərəfindən ehtimal edilən cinayət əməlinin törədilməsi səbəbindən vurulmuş maddi ziyanın əvəzi kimi cavabdehin anasına ödənilmiş 65000 manat məbləğində pul hüquqi əsas olmadan əldə edildiyindən mülki qanunvericiliyin tələblərinə əsasən əsassız varlanmış şəxs hesab edilir. Bununla da hazırki iş üzrə cavabdehdən, yəni (cinayət işi üzrə zərərçəmiş şəxs olan Dilarə Əhmədovanın varisi) Cavabdeh tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçının əsassız varlanma obyektini (65000 manat pul vəsaitini) qaytarmaq barədə tələb etmək hüququ qüvvədən düşmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qeyd olunun mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi əsassız varlanmadan irəli gələn münasibətlər üzrə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Çünki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti isə tələb hüququ üçün xarakterikdir. İş materiallarından olan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)-19/2020 saylı qanuni qüvvədə olan hökmü ilə İddiaçı cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməlinin törədilməsində təqsirsiz hesab edilmiş və ona baraət verilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun olması ona xx.xx.2020-ci il tarixdə məlum olmuşdur. İddiaçı isə xx.xx.2022-ci il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş müddətdən təxminən 5 ay sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ, iddiaçıya öz hüququnun məlum olduğu vaxtdan iki il keçdiyinə görə qüvvədən düşmüşdür. Yuxarıda qeyd olunan əsaslara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 65000 manat məbləğində maddi ziyanın tutulması hissəsində təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin 2000 manat mənəvi ziyan tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin maddi və mənəvi ziyanın tutulması hissəsində təmin edilmədiyindən ödənilmiş dövlət rüsumuna görə 292 manat pulun və vəkilə ödənilmiş 110 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi də təmin edilməməlidir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 65000 manat maddi ziyanın, 2000 manat mənəvi ziyanın, tərəfindən ödənilmiş 292 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 110 manatın, cəmi 67230 manat pulun alınaraq ona verilməsi tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar