Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2323/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1792 manat borcun, 179 manat faiz borcun, 94 manat cərimənin və 40 manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 02 dekabr 2021-ci il tarixli R0025602, 22 mart 2022-ci il tarixli R0036120 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilələrə əsasən alıcı olan Cavabdeh İddiaçı mağazasından ümumi nisyə dəyəri 1154 manat, 1253 manat olan Lenovo V150, Lenovo ideapad 5 markalı əşyalar almışdır. Müqavilələrin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2022-cı il tarixdən başlayaraq hər ayın 22-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 70 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri-1792 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin göndərilmiş zərf rabitə orqanı tərəfindən üzərində “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki: - İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə R0036120 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1253 manat olan “Lenovo İdeapad 5” markalı əşya nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 70 manat, sonuncu ayı isə 63 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə R0025602 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1154 manat olan “ Laptop Lenovo V150İİL” markalı əşya nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 65 manat, sonuncu ayı isə 49 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -malların təhvil-təslim aktlarının surətlərinə əsasən “Lenovo İdeapad 5” markalı və “ Laptop Lenovo V150İİL” markalı əşyalar Cavabdeh təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixli R0025602 saylı müqavilə üzrə 764 manat əsas, 76 manat faiz, 41 manat cərimə, xx.xx.2022-ci il tarixli R0036120 saylı müqavilə üzrə 1028 manat əsas, 103 manat faiz, 53 manat cərimə olmaqla 2065 manat borcu vardır. -xəbərdarlıq məktubuna əsasən iddiaçı tərəfindən müqavilələr üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi təklif olunmuş, borcun ödənilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görüləcəyi barədə xəbərdarqlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə və tədqiq edilmiş iş materialları ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə bağlanmış nisyə alqı-satqı müqavilələri əsasında yaranmış əsas borcun tələb etməsində haqlı olmuş və bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli R0025602 saylı müqavilə üzrə 764 manat əsas və xx.xx.2022-ci il tarixli R0036120 saylı müqavilə üzrə 1028 manat əsas borc məbləğləri tutulmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iş üzrə tərəflər arasında qeyd olunan nisyə alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən cavabdehə dəyəri 1253 manat olan “Lenovo İdeapad 5” markalı əşya nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 70 manat, sonuncu ayı isə 63 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş, həmçinin dəyəri 1154 manat olan “ Laptop Lenovo V150İİL” markalı əşya nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 65 manat, sonuncu ayı isə 49 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən nisyə alqı-satqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və cavabehin xx.xx.2021-ci il tarixli, R0025602 saylı müqavilə üzrə 764 manat və xx.xx.2022-ci il tarixli R0036120 saylı müqavilə üzrə 1028 manat məbləğlərində iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəlikləri qalmışdır. Bağlanmış müqavilələrin 2.3-cü bəndinə əsasən alıcı müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə, satıcı verilmiş əmtəə malın tam dəyərinin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Həmçinin məhkəmə, iddia tələbinin 179 manat faiz borcunun və 94 manat cərimənin cavabdehdən tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən müqavilələr üzrə faiz borcunun tutulmasını tələb etsə də, aralarından bağlanmış xx.xx.2021-ci il tarixli, R0025602 saylı və xx.xx.2022-ci il tarixli, R0036120 saylı nisyə alqı-satqı müqavilələrdə satılmış əşyaların qiymətlərinin üzərinə faizlərin hesablanması barədə hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Həmçinin tələb olunan faiz məbləğin hansı əsaslarla tələb olunması və ya qanunvericiliyin hansı normasına uyğun qaydada tələb olunması iddia ərizəsində göstərilməməklə tələbin bu hissəsi əsaslandırılmamışdır. Eyni zamanda cavabdehdən 94 manat məbləğində cərimə tələb olunsa da, bu barədə iddia ərizəsində əsaslar, həmin cərimənin yaranması qaydası və müddətləri göstərilməmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.3-cü bəndlərinə əsasən əşya alıcıya təhvil verildiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə “satıcı” tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Nəzərə alınsa ki, 94 manat cərimə, cavabdehlə aralarında bağlanmış müqavilələrin 1.3-cü bəndlərinə əsasən tələb olunur, bu zaman iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş hallarla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə, tələbin bu hissəsini də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, R0025602 saylı müqavilə üzrə 764 manat və xx.xx.2022-ci il tarixli, R0036120 saylı müqavilə üzrə 1028 manat, cəmi 1792 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 40,65 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, R0025602 saylı müqavilə üzrə 764 manat və xx.xx.2022-ci il tarixli, R0036120 saylı müqavilə üzrə 1028 manat, cəmi 1792 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 40,65 manat alınaraq İddiaçı MMCyə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-2323/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2323/2023
25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver