Məhkəmə qərarları › İş №e-2(003)-2331/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2331/2022

30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2331/2022 30.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 6816,16 manat məbləğində kredit borcu, 1252,90 manat faiz, 2484,1 manat məbləğində cərimə olmaqla, cəmi 10553,16 manat və dövlət rüsumu olaraq ödənilmiş 121,66 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.75% olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. O, götürdüyü kredit borcundan 1183,84 manat ödəniş etmiş və 6816,16 manat məbləğində kredit borcunu qaytarmamışdır. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iş tirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında aylıq 1.75 % olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarında olan ödəniş planından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsi üzrə krediti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 303 manat, sonuncu ay 294,48 manat olmaqla yerinə yetirməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan kreditin verilməsi barədə qəbzdən görünür ki, Cavabdeh cari hesabına 8000 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh həmin tarixə banka 6816,16 manat məbləğində əsas borc, 1252,90 manat məbləğində faiz borcu, 2484,1 manat cərimə, cəmi 10553,16 manat borcu yaranmışdır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 141,67 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, bank ona borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. Həmçinin borcun qaytarılmayacağı təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edildi ki, iş üzrə tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsi üzrə krediti cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 303 manat, sonuncu ay 294,48 manat ödəniş etməklə yerinə yetirməsi barədə öhdəlik götürmüşdür. Kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada (ödəniş planına uyğun) icra etməmiş, onun bankın qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, 6816,16 manat əsas borc, 1252,90 manat faiz borcu Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 6816,16 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 2484,1 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 200 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif edildyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 6816,16 manat əsas borc, 1252,90 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 8269,06 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq, təmin edilmiş məbləğə mütənasib olaraq cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 95,32 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun 26.34 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.1 və 114.2-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə artıq ödənilmiş hissə geri qaytarılır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 6816,16 manat əsas borc, 1252,90 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 8269,06 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 95,32 manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 26.34 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar