Məhkəmə qərarları › İş №e-2(003)-2331/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2331/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2331/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Hüseynli Hüseyn İnanc oğlu, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə əsasən mülki işə baxaraq, MÜƏYYƏN ETDİM İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4453,01 manat məbləğində əsas, 465,58 manat məbləğində faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 4968,59 manat məbləğində pul vəsaitinin və 69,70 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC ilə Cavabdeh2 arasında bağlanmış 12 iyun 2023-cü il tarixli, Baku1- 71930-22840 nömrəli kredit müqaviləsinə və onun tərkib hissəsi olan 12 iyun 2023-cü il tarixli, Baku1-71930-22840/1 saylı razılaşmaya əsasən Cavabdeh2 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 4500 manat məbləğində və 14 iyun 2023-cü il tarixli, Baku1-71930- 22840/2 saylı razılaşmaya 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 2900 manat məbləğində, cəmi 7400 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC, Cavabdeh2 və Cavabdeh1 arasında 12 iyun 2023-cü il tarixli, Baku1-71930-22840 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən edilmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 291 manat ödəniş etməli idi. Lakin borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətini və məbləğləri pozmuşdur. Beləliklə 28 aprel 2025-ci il tarixinə Cavabdeh2nın kredit üzrə 4453,01 manat əsas, 465,58 manat məbləğində faiz borcu və 441,65 manat cərimə borcu olmaqla, cəmi 5360,24 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, Cavabdeh2 və Cavabdeh1 göndərilmiş bildirişlər poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, kiçik mübahisələr üzrə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 iyun 2023-cü il tarixli, Baku1-71930-22840 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 12 iyun 2023-cü il tarixli, Baku1-71930- 22840/1 saylı razılaşmadan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli, Baku1-71930-22840 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 14 iyun 2023-cü il tarixli, Baku1-71930-22840/2 saylı razılaşmadan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 2900 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli, Baku1-71930-22840 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 (zamin) kreditor qarşısında borclunun 12 iyun 2023-cü il tarixli, Baku1-71930-22840 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh2 12 iyun 2023-cü il tarixli, Baku1-71930-22840 saylı kredit müqaviləsinə əsasən 24 yanvar 2025-ci il tarixə "xxxx" MMC-yə 4453,01 manat məbləğində əsas, 465,58 manat məbləğində faiz borcu, 441,65 manat dəbbə borcu olmaqla, cəmi 5360,24 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 11 mart 2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə tam borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan hökümət ödəniş portalına ödənilmiş 29 aprel 2025-ci il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 69,70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 12 iyun 2023-cü il tarixli, Baku1-71930-22840 saylı kredit müqaviləsi və 12 iyun 2023-cü il tarixli, Baku1- 71930-22840 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə uyğun olaraq "xxxx" MMC tərəfindən Cavabdeh2 6000 manat məbləğində kredit borcu verilmişdir. İddiaçı tərəfindən həmin müqavilələrdə nəzərdə tutulan öhdəliklər icra edilsə də, lakin cavabdehlər müqavilələrdən əmələ gələn öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin 4453,01 manat məbləğində əsas, 465,58 manat məbləğində faiz borcu, 50 manat dəbbə borcu olmaqla, cəmi 4968,59 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdehlər öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, cavabdehlər 12 iyun 2023-cü il tarixli, Baku1-71930-22840 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə yaranmış 4453,01 manat məbləğində əsas, 465,58 manat məbləğində faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 4968,59 manat məbləğində pul vəsaiti və ödənilmiş 69,70 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİM İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4453,01 (dörd min dörd yüz əlli üç manat bir qəpik) manat məbləğində əsas, 465,58 (dörd yüz altmış beş manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4968,59 (dörd min doqquz yüz altmış səkkiz manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti və 69,70 (altmış doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar