Məhkəmə qərarları › İş №e-2(003)-2378/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2378/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2378/2024 25.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı “X3” Bakı filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3” Bakı filialının Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı “X3” Bakı filialı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X3» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış «23» sentyabr 2022-ci il tarixli 897 №li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 14% olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X3» Bakı filialı ilə Cavabdeh2 arasında 1.009 saylı və Cavabdeh3 arasında 1.010 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1 – ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 239,24 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda « Bank » verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 30 aprel 2024-cü il tarixə «Bank»a kredit borcu üzrə 4545,56 manat ödəniş yerinə yetirməli idi. Lakin, xx.xx.2024-cü il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 3075 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 24% ödəməlidir. 30 aprel 2024-cü il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 5268,09 manat təşkil edir. Bundan 5059,83 manat əsas borc və 208,26 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1 ilə bağlanmış 23 sentyabr 2022-ci il tarixli 897 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 1.009 saylı və Cavabdeh3 arasında 1.010 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə «Borcalan» zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Məhkəmə iclasında iddiaçı “X3” Bakı filialının nümayəndəsi G.B.Bəşirov iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən “X3” Bakı filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 897 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana digər banklara olan borcun bağlanması məqsədilə 36 ay müddətinə qaytarmaq, illik 14 % ödəmək şərti ilə 7000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bankın verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 239,24 manat ödəyir. “X3” Bakı filialının xx.xx.2022-ci il tarixli məxaric orderinin surətindən müəyyən olunur ki, bank borcalan Cavabdeh1 ayrılmış kreditə görə 7000 manat vermişdir. xx.xx.2022-ci il tarixli 897 saylı kredit müqaviləsinə əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 239,24 manat, xx.xx.2025-ci il tarixdə isə 239,40 manat ödəməyi öhdəsinə götürmüşdür. Borcverən “X3” Bakı filialı və zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1.010 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin “X3” Bakı filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 897 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 7000 manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Borcverən “X3” Bakı filialı və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1.009 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin “X3” Bakı filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 897 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 7000 manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. “X3” Bakı filialının borclu Cavabdeh1 ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcluya həmin tarixə kredit müqaviləsi üzrə gecikdirilmiş borc məbləğini ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. “X3” Bakı filialının zamin Cavabdeh3 ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank zaminə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. “X3” Bakı filialının zamin Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank zaminə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. “X3” Bakı filialının xx.xx.2024-cü il tarixli 2024/366 saylı maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli 897 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh1 “X3” Bakı filialına əsas borca görə 5059,83 manat, faiz borcuna görə 208,26 manat olmaqla, cəmi 5268,09 manat borcu vardır. Borclu tərəfindən son ödəniş xx.xx.2024-cü il tarixdə 200 manat edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlərin “X3” Bakı filialı ilə bağladıqları müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmələri tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehlərdən xx.xx.2022-ci il tarixli 897 saylı kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 5059,83 manat, faiz borcuna görə 208,26 manat olmaqla cəmi 5268,09 manat borcun tutulmasına dair tələbləri əsaslıdır və ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli 897 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5059,83 manat, faiz borcuna görə 208,26 manat olmaqla, cəmi 5268,09 manat və dövlət rüsumuna görə 72,68 manat məbləğində pul “X3” Bakı filialının xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar