Məhkəmə qərarları › İş №e-2(003)-245/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-245/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-245/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 "xxxx" ASCnin xeyrinə 279,34 manat əsas, 2,23 manat faiz, cəmi 281,57 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra "xxxx" ASC xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək cavabdeh X1 256,57 manat əsas borc,3,31 manat faiz borcu olmaqla cəmi 259,88 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə borcalan Rəcəbov Vəlican arasında bağlanmış xx.xx.2019 il tariхli, 100821-181152/10 nömrəli Güzəştli krеdit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1.325,81 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə 256,57 manat əsas borc,3,31 manat faiz borcu olmaqla cəmi 259,88 manat məbləğində kredit bоrcu yaranmışdır. Güzəştli krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Ərizəsində mülki işin bankın nümayəndəsinin iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etiraz ərizəsindən görünür ki, cavabdeh X3 bank tərəfindən nə qədər borcunun olması haqqında məlumat verilmədiyini və iddia tələbini qəbul etmədiyini bildirmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(003)-3773/2024 saylı qərardadı ilə mülki işə sadələşdirilmiş qaydada deyil, iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019 il tariхli, 100821-181152/10 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1.325,81 manat məbləğində krеdit vеrilmişdir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-yə hər ay 28,19 manat (sonuncu ay 28,10 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nömrəli maliyyə arayışından görünür ki, X2 xx.xx.2019 il tariхli, 100821-181152/10 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 279,34 manat əsas, 2,23 manat faiz, cəmi 281,57 manat borcu yaranmışdır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 23 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizədən görünür ki, cavabdeh X1 256,57 manat əsas borc,3,31 manat faiz borcu olmaqla cəmi 259,88 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və qrafikı uyğun ödəniş aparmadığına görə borcun tam məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746-5.2 maddəsinə əsasən istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmədə müəyyən olundu ki, cavabdeh X4 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019 il tariхli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1.325,81 manat məbləğində krеdit vеrilmişdir. Lakin cavabdeh üzərinə düşən vəzifələri lazımi qaydada icra etmədiyinə görə 256,57 manat əsas borc,3,31 manat faiz borcu olmaqla cəmi 259,88 manat borcu yaranmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalıdır. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə edərək pul öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 256,57 manat əsas borc,3,31 manat faiz borcu olmaqla cəmi 259,88 manat borc tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i :p İddia təmin edilsin. Cavabdeh X1 256,57 manat əsas borc,3,31 manat faiz borcu olmaqla cəmi 259,88 manat (iki yüz əlli doqquz manat səksən səkkiz qəpik) borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar