Məhkəmə qərarları › İş №e-2(003)-2462/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2462/2023

03.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2462/2023 03.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş məbləğin subroqasiya əsasında geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş məbləğin subroqasiya əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Mir X5 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 6 752,80 (altı min yeddi yüz əlli iki manat səksən qəpik) manat məbləğində vəsaitin, 87,53 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus olan, Cavabdeh2 tərəfindən idarə olunan ** GH *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PN *** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP 467967 saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Mir X5 təqsirli bilinmişdir. Sığortalı ** PN *** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PN *** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 11752,80 manat (on bir min yeddi yüzəlli iki manat, 80 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 11652,80 manat (on bir min altı yüz əlli iki manat, 80 qəpik) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 4 900,00 (dörd min doqquz yüz) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 6 752,80 (altı min yeddi yüz əlli iki manat səksən qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında göstərdi ki, ** GH *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtomobil onun mülkiyyətində olmuşdur. Hadisə baş verən gün tanışı Namik bir yerə getmək üçün ondan avtomobili istəmişdir. O, da vermişdir. Yorğun olduğundan avtomobili onun yanında olmaqla, Namik idarə etmişdir. Hadisəni Namik törətmişdir, onun təqsiri olmamışdır. Hadisə zamanı o, da Namiklə bir yerdə avtomobildə olmuşdur. Avtomobil onun adına olduğuna görə onu da cavabdeh qismində qeyd etmişlər. Avtomobili qanuni surətdə Namik idarə etdiyindən ziyan məbləği ondan deyil, Namikdən tutulmalıdır. Onun avtomobilinə də xeyli miqdarda maddi zjkyan dəymiş və öz vəsaiti hesabına həmin avtomobili təmir elətdirmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirərək iclasın onların iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 854208 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” yük markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2021-ci il tarixli arayışdan məlum olur ki, xx.xx.2021-ci il tarixində Cavabdeh1 məxsus avtomobillə sürücü Namik Mirfətəliyev tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində (hadisə zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmuş, sürücü ayıq olmuşdur) X7 idarə etdiyi Fiat-Doblo minik markalı avtomobilə ziyan dəymişdir. - Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı Rəfael Albabayev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, sürücü Mir X2 hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Lakin vurulmuş ziyan ödənildiyindən və tərəflər barışdığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və “Ford Transit” yük markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsi və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul edilmiş qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, hadisə zamanı dəymiş zərərin məbləği 11752,8 manat, azadolma məbləği 100 manat olmaqla sığorta ödənişi 11652,8 manatdır. -"xxxx" MMC avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli avtomobilin təmir aktından görünür ki, “Fiat Doblo” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələri də daxil olmaqla ümumi xərci 11752,8 manat təşkil edir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölkədaxili #001XOH********** saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 11752,8 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Həmin Qanunun 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan “Ford Transit” yük markalı avtomobili qanuni əsaslarla (sürücülük hüququ olmaqla, canlı etibarnamə əsasında) idarə etmiş və yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə ilə bağlı tərtib edilmiş TP seriyalı 467967 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 təqsirli bilinmişdir. Hadisə nəticəsində iddiaçı cəmiyyət tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası ilə sığortalanmış avtomobilə zərər dəymiş və iddiaçı tərəfindən 11652,8 manat avtomobilin təmiri üçün pul köçürülmüşdür. İcbari sığortası olan “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən iddiaçının hesabına 4900 manat pul köçürülmüşdür. Lakin, qalıq qalan 6752,8 manat pul ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması; 3) təqsir (qəsd və ya ehtiyatsızlıq); və 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə qeyd edir ki, hadisə baş verən zaman Cavabdeh2 avomobili qanuni əsasla sahiblik edərək qeyd edilən avtoqəzanı törətmişdir. Belə olan halda həmin əməli törətməyən Cavabdeh1 üzərinə vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyula bilməz. Beləliklə də məhkəmə bu qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh2 6752,80 manat məbləğində sığorta ödənişi və 87,93 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 6840,73 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməli və ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 6752,80 manat məbləğində sığorta ödənişi və 87,93 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 6840,73 (altı min səkkiz yüz qırx manat, yetmiş üç qəpik) manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar