Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2487/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair ərizə ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1645,71 manat məbləğində əsas borc, 223,71 manat məbləğində faiz borcu və 44 manat dəbbə borcu olmaqla, cəmi 1913,42 manat məbləğində pul vəsaitinin və 39,20 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC ilə Cavabdeh2 arasında bağlanmış 09 fevral 2024-cü il tarixli, BAKU1- 75344-24643 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 və Cavabdeh1 birgə məsuliyyətini müəyyən edən 09 fevral 2024-cü il tarixli, Baku1-75344-24643 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən edilmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 148 manat ödəniş etməli idi. Lakin borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətini və məbləğləri pozmuşdur. Beləliklə Cavabdeh2 25 aprel 2025-ci il tarixinə kredit müqaviləsi üzrə 1645,71 manat əsas, 223,71 manat faiz və 244,22 manat dəbbə borcu olmaqla, cəmi borcu 2113,64 manat təşkil edir. Cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, Cavabdeh2 göndərilmiş bildiriş poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “bu ünvanda yaşamır” qeydi ilə, Cavabdeh1 göndərilmiş bildiriş poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “ünvan tam deyil” qeydi ilə, Cavabdeh3 göndərilmiş bildiriş poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “ünvan tapılmadı” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə”) 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2). Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 742.5-ci maddəsinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 fevral 2024-cü il tarixli, BAKU1-75344-24643 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh2 24 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən, müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələbedə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditinödənilməli olan hissəsinin 1%-imiqdarında dəbbə pulu tətbiq edə bilər. İş materiallarında olan 09 fevral 2024-cü il tarixli, Baku1-75344-24643+Baku1-75427 saylı zaminlik müqaviləsinin 1-ci bəndindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 (zamin) kreditor qarşısında borclunun 09 fevral 2024-cü il tarixli, Baku1-75344-24643 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə görə borclu və zaminlər kreditor qarşısında öhdəliyin vaxtında icra edilməsinə görə birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 25 aprel 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh2 09 fevral 2024-cü il tarixli, Baku1-75344-24643 saylı kredit müqaviləsinə əsasən 25 aprel 2025-ci il tarixə "xxxx" MMC-yə 1645,71 manat məbləğində əsas, 223,71 manat məbləğində faiz borcu, 244,22 manat dəbbə borcu olmaqla, cəmi 2113,64 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış 25 aprel 2025-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Xəbərdarlıqdan və eyni tarixli poçt qəbzlərindən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə tam borc məbləğinin 02 may 2025-ci il tarixədək ödənilməsi tələb edilmiş, əks təqdirdə borc məbləğinin borclulardan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan hökümət ödəniş portalına ödənilmiş 12 may 2025-ci il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 39,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır və həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Belə ki, tərəflər arasında 09 fevral 2024-cü il tarixli, Baku1-75344-24643 saylı kredit müqaviləsi və Baku1-75344-24643+Baku1-75427 saylı zaminlik müqaviləsi bağlanılmış, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq "xxxx" MMC tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit borcu verilmişdir. İddiaçı tərəfindən həmin müqavilələrdə nəzərdə tutulan öhdəliklər icra edilsə də, cavabdehlər müqavilələrdən əmələ gələn öhdəliklərini yerinə yetirməmişdir. Bununla da cavabdehlər müqavilədə nəzərdə tutulmuş öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehlərin 1645,71 manat məbləğində əsas, 223,71 manat məbləğində faiz borcu, 244,20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2113.64 manat məbləğində borcu yaranmışdır. Cavabdehlər öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə də, iddiaçının əsas borcun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin və dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbini və iş materiallarını nəzərə alaraq hesab edir ki, cavabdehlərin hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq yaranmış borcu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1645,71 manat məbləğində əsas borc, 223,71 manat məbləğində faiz borcu və 44 manat dəbbə borcu olmaqla, cəmi 1913,42 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 39,20 manat dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1645,71 AZN (bir min altı yüz qırx beş manat yetmiş bir qəpik) məbləğində əsas borc, 223,71 AZN (iki yüz iyirmi üç manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 44 AZN (qırx dörd manat) dəbbə pulu olmaqla, cəmi 1913,42 AZN (bir min doqquz yüz on üç manat qırx iki qəpik) məbləğində pul vəsaiti və 39,20 AZN (otuz doqquz manat iyrmi qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq Əsgərov
Məhkəmə qərarları › İş №e-2(003)-2487/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2487/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver