Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-250/2024 13.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İP965 saylı kredit müqaviləsinə əsasən 119,250.61 manat əsas borc, 18,742.80 manat faiz borcu, 3,192.31 manat cərimə borcu olmaqla, cəmi 141,185.72 (bir yüz qırx bir min yüz səksən beş manat yetmiş iki qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, 0.05828 ha torpaq sahəsində yerləşən 484.85 kv.m ümumi sahədən ibarət olan 79A saylı yaşayış sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 484.85 kv.m ümumi sahədən ibarət yaşayış sahəsinin ilkin satış qiymətinin 166,500 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 432 (dörd yüz otuz iki) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 29 iyul 2021-ci il tarixli İP965 nömrəli kredit müqaviləsi imzalanmış və Bank tərəfindən borcalana illik faiz dərəcəsi 7% olmaqla 300 ay müddətinə 120,000 (bir yüz iyirmi min) manat məbləğində ipoteka krediti verilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2021-ci il tarixli İP965 saylı ipoteka krediti ilə bağlı razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən ipoteka krediti ilə bağlı müqavilə əsasında borcalanın öhdəliyi Fond tərəfindən maliyyələşmədiyi və ya tələb hüququnun geri alınması tələb edildiyi halda razılaşma qüvvəyə minir, əsas kredit müqaviləsinin predmeti üzrə müəyyən olunan şərtlərin bu razılaşmada göstərilən şərtlərə dəyişdirilməsi barədə münasibətləri tənzimləyir. Bununla yanaşı, qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Borcalan arasında 29 iyul 2021-ci il tarixli İP965 nömrəli alqı-satqı və ipoteka müqaviləsi imzalanmış və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, 0.05828 ha torpaq sahəsində yerləşən 484.85 kv.m ümumi sahədən ibarət olan 79A saylı yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İP965 saylı alqı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********30-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2021) dövlət reyestrindən çıxarış verilmişdir. Lakin kredit alan həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallar yarandıqda, Borcalan ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizini ödənilməsini 90 gün və daha çox müddətə gecikdirdikdə Bank müqaviləyə vaxtından əvvəl xitam verə, kredit üzrə əsas borcun qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Buna görə də, Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin o cümlədən güzəştli ipoteka kreditinin verilməsi haqqında qaydaların tələblərinə əsasən, borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə, Fond müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb hüququnun geri alınmasını tələb edir, müvəkkil bank Fonddan ipoteka kreditini kredit üzrə əsas borcun ödənilməmiş qalığını və cərimə olduğu halda onların cəmini özündə əks etdirən məbləğdə geri alır. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanın Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə təqdim olunmuş və qeydiyyata alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin qeydiyyata alınması üçün 30 (otuz) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 432 (dörd yüz otuz iki) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, Cavabdeh 20 avqust 2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri İP965 saylı kredit müqaviləsinə əsasən 119,250.61 manat əsas borc, 18,742.80 manat faiz borcu, 3,192.31 manat cərimə borcu olmaqla, cəmi 141,185.72 (bir yüz qırx bir min yüz səksən beş manat yetmiş iki qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı: 562 gün. İddiaya baxılması zamanı iddiaçının nümayəndəsi Emin Əliyev iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İP965 saylı kredit müqaviləsinə əsasən 119,250.61 manat əsas borc, 22,042.62 manat faiz borcu, 5,241.46 manat cərimə borcu olmaqla, cəmi 146,534.69 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, 0.05828 ha torpaq sahəsində yerləşən 484.85 kv.m ümumi sahədən ibarət olan 79A saylı yaşayış sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 484.85 kv.m ümumi sahədən ibarət yaşayış sahəsinin ilkin satış qiymətinin 166,500 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, İpoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 437 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbi müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinin qismən etiraf edərək izahatında bildirdi ki, əsas borcun qəbul etdiyini, faiz və cərimə borcunun qəbul etmədiyini bildirdi. Belə ki, tələb olunan faiz və cərimə borcunun şişirdilmiş hesab edir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İP 965 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə bank tərəfindən Cavabdeh 300 ay müddətinə, illik 19% dərəcəsi ilə 120000 manat məbləğində kreditin, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınması məqsədilə verilməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 3.1.6-ci bəndinə əsasən borcalan ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsinin və onun faizinin ödənilməsini 90 gün və daha çox müddətə gecikdirdikdə kreditor bu müqaviləyə vaxtından əvvəl bir tərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığını bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. -xx.xx.2021-ci il tarixli İP 965 saylı kredit müqaviləsinə əlavədən (ödəniş qrafikindən) görünür ki, Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri xx.xx.2021-ci il tarixdən xx.xx.2046-cı il tarixədək hər ay 894,14 manat, sonuncu ayı isə 844,08 manat məbləğində pulu ödəməklə yerinə yetirməlidir. -notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, İP 965 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə mülkiyyətçi (satıcı) X3, ipoteka saxlayan İddiaçı ASC və alıcı (ipoteka qoyan) Cavabdeh arasında bağlanmışdır ondan ötrü ki, satıcı ünvan 1 ünvanında yerləşən ona məxsus əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə verir, daşınmaz əmlakın satış qiyməti 185000 manatın, 65000 manat hissəsini alıcı-ipoteka qoyanın özü tərəfindən 120000 manat hissəsi isə kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan/borcalan arasında bağlanmış xx.xx.2021-ci il tarixli İP 965 nömrəli kredit müqaviləsi əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Həmçinin həmin müqavilədən görünür ki, tərəflər ipoteka predmetinin 166500 manat dəyərində olan qiymətinin ipoteka predmetinin ilkin satış qiyməti olduğunu qəbul edirlər. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 79A (0.05828 ha torpaq sahəsindən və 484.85 kv.m yaşayış sahəsindən ibarət) Cavabdeh mülkiyyətində və İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli İP 965 nömrəli kredit müqaviləsi üzrə 119250,61 manat əsas, 18742,80 manat faiz, 3192,31 manat cərimə borclu olmaqla cəmi 141185,72 manat borcu vardır. - Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli, İP 965 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borc barədə məlumat verilmiş və kredit öhdəlikləri qısa zamanda icra edilmədiyi halda bu bildiriş ona göndərildiyi gündən 5 gün sonra ipoteka predmetinə qanunvericiliyin tələblərinə uyğun olaraq notariusun icra qeydi əsasında və ya məhkəmə qaydasında tutmanın yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. -iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli, İP 965 nömrəli kredit müqaviləsi üzrə 559 gün müddətində öhdəliklərin gecikdirildiyi və öhdəliklərin lazımınca icrasını həyata keçirilmsi üçün 7 iş günü müddətinə möhlət verildiyi bildirilmiş, əks təqdirdə gecikdirilmiş öhdəliklərin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin Bakı şəhər 1 saylı Ərazi İdarəsindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, bankın ********** saylı, xx.xx.2023-cü il tarixli elektron müraciətinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. -Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərdən görünür ki, yuxarıda qeyd olunan bildirişlərin qeydə alınması üçün iddiaçı tərəfindən cəmi 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. -elektron qaydada tərtib edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 432 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(003)-3329/2023 saylı qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/728-10/805 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iş üzrə ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, torpaq sahəsi ilə birlikdə bazar dəyəri təqribən 297000 manat, likvid dəyəri isə 268000 manat məbləğində müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İP 965 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında bank tərəfindən Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınması məqsədilə 300 ay müddətinə, illik 19% dərəcəsi ilə 120000 manat məbləğində kredit verilmişdir. Həmçinin mülkiyyətçi (satıcı) X3, ipoteka saxlayan İddiaçı ASC və alıcı (ipoteka qoyan) Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İP 965 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən əldə olunmuş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan hallar işin mübahisə edilməyən hallarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə kredit müqaviləsi bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. O, kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər ödənişlər iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımi qaydada icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin bu zaman məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 18742,80 manat məbləğində faiz borcunu və 3192,31 manat cəriməni tələb etməklə, daha sonra məhkəmədə iddia tələbini həmin hissədə artıraraq 22042,62 manat faiz borcun və 5241,46 manat cərimənin tutulmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, İP 965 nömrəli kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. İşin araşdırılmış hallarından, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 119250,61 manat əsas, 18742,80 manat faiz borcu vardır. Bu zaman məhkəmə qeyd edir ki, iş üzrə cavabdehin nümayəndəsi əsas borcu mübahisələndirməməklə faiz borcunun şişirdilmiş hesab etdiyini bildirsə də bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, yalnız şifahi qaydada mülahizə irəli sürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 119250,61 manat əsas, 18742,80 manat faiz borcu tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən 3192,31 manat cərimənin tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 500 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin borcun tutulması hissəsi qismən təmin edilməklə Cavabdeh 119250,61 manat əsas, 18742,80 manat faiz, 500 manat cərimə olmaqla cəmi 138493,41 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün çəkilmiş xərcə görə Cavabdeh 30 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması, kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3 və 34.1.4cü maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, öhdəliyin 90 təqvim günündən çox müddətdə gecikdirdiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən ipoteka predmetinə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddia həmin hissəsi iddia tələbi təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 79A saylı fərdi yaşayış evinə (0.05828 ha torpaq sahəsi və 484.85 kv.metr ev) yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qeyd olunana əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında mübahisə olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 79A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi əsasında məhkəmə tərəfindən 268000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Həmçinin məhkəmə iddia tələbinin daşınmaz əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Hazırda iddiaçı, cavabdehə qarşı daşınmaz əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi barədə iddia qaldırsa da məhkəmə hesab edir ki, iddiaçı bankın ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satışından sonra əldə etmiş mülkiyyətçinin əvəzinə iddia irəli sürməyə imkan verən suyektiv hüququ yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş üzrə dövlət rüsumunun tutulması və aparılmış ekspertiza tədqiqatının dəyərinin tutulması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdeh ödənilmiş dövlət rüsumuna görə 428,49 manat pul tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Həmçinin iş üzrə Cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək qarşısında qoymasını nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 119250,61 manat, faiz borcu üzrə 18742,80 manat, cərimə borcu üzrə 500 manat olmaqla cəmi 138493,41 manat məbləğində borc, bildirişin qeyd alınması üçün ödənilmiş 30 manat, 30 manat xidmət haqqı və dövlət rüsumu görə 428,49 manat, ümumilikdə 138981,9 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tələb, ipoteka predmeti olan Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 79A saylı fərdi yaşayış evinə (0.05828 ha torpaq sahəsi və 484.85 kv.metr fərdi yaşayış evi) yönəldilməli və həmin daşınmaz əmlak ilkin satış qiyməti (likvid qiyməti) 268000 manat olmaqla açıq hərracdan satılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh tərəfindən iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənməli olan ümumilikdə 138981,9 manat məbləğində borc ödənilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına borc məbləği qaytarıldıqdan sonra qalıq qalmış məbləğ Cavabdeh qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun 8,51 manat hissəsi iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 119250,61 manat, faiz borcu üzrə 18742,80 manat, cərimə borcu üzrə 500 manat olmaqla cəmi 138493,41 manat məbləğində borc, bildirişin qeyd alınması üçün ödənilmiş 30 manat, 30 manat xidmət haqqı və dövlət rüsumu görə 428,49 manat, ümumilikdə 138981,9 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb, ipoteka predmeti olan Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 79A saylı fərdi yaşayış evinə (0.05828 ha torpaq sahəsi və 484.85 kv.metr fərdi yaşayış evi) yönəldilsin və həmin daşınmaz əmlak ilkin satış qiyməti (likvid qiyməti) 268000 manat olmaqla açıq hərracdan satılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh tərəfindən iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənməli olan ümumilikdə 138981,9 manat məbləğində borc ödənilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına borc məbləği qaytarıldıqdan sonra qalıq qalmış məbləğ Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 8,51 manat hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-250/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-250/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver