Məhkəmə qərarları › İş №e-2(003)-2549/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2549/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2549/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə qaytarmaq, illik 16,5% ödəmək şərti ilə 10900 manat kredit vermişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Ona görə də, Cavabdeh əsas borca görə 10381,23 manat, faiz borcuna görə 1294,72 manat, cəriməyə görə 274,59 manat olmaqla, cəmi 11950,54 manat borc, ödənilmiş dövlət rüsumuna görə 126 manatın İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının iştirakları olmadan baxılmasını və təqdim etdikləri sübutlar əsasında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İ.R.Ağamaliyev iddia tələbini qəbul edərək onun təmin edilməsinə etiraz etmədi və izahatında göstərdi ki, işdən çıxdığı üçün borcu ödəyə bilməmişdir. Təxminən bir ildir ki, ödəniş edə bilmir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli CC/61084/91/22 saylı kredit sazişindən müəyyən oluur ki, bank borcalana 48 ay müddətinə qaytarmaq, illik 16,5% ödəmək şərti ilə 10900 manat kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2027ci il tarixədək hər ay 311,71 manat, xx.xx.2027-ci il tarixdə isə 315,26 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli 3020 saylı kassa məxaric orderinin surətindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 10900 manatı Cavabdeh vermişdir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 10381,23 manat, faiz borcuna görə 1294,72 manat, cəriməyə görə 274,59 manat borcu vardır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalanla bağlanmış kredit müqaviləsini birtərəfli qaydada ləğv etmiş və kredit borcunun dərhal ödənilməsini tələb etmişdir. Müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin faiz hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdə faizin tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərərək müqaviləni birtərəfli qaydada ləğv etmiş və ondan müqavilə üzrə bütün borcları tələb etmişdir. Bununla da, iddiaçı tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz borcu cavabdeh tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Qeyd olunan Qərara əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli bildirişlə müqaviləni birtərəfli qaydada ləğv etdiyini bildirərək məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərmişdir. Bu səbəbdən də iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və həmin tarixədək yaranmış olan öhdəliklərin icrasını tələb etmək hüququ tanınmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli CC/61084/91/22 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində banka əsas borca görə 10381,23 manat, faiz borcuna görə 1218,56 manat və cəriməyə görə 274,59 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli CC/61084/91/22 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 10381,23 manat, faiz borcuna görə 1218,56 manat, cəriməyə görə 274,59 manat olmaqla, cəmi 11874,38 manat və dövlət rüsumuna görə 126 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar