Məhkəmə qərarları › İş №e-2(003)-2611/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2611/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2611/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması barədə” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.835,75 manat əsas, 1.014,28 manat faiz borcu olmaqla, cəmi 15.850,03 manat borcun və 137,55 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, GTKR0103285C117 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə illik 16,9 faiz dərəcəsi ilə 15.100 manat məbləğində kredit verilmiş, bank müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanan faizləri ödəmək öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamış, nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 14835,75 manat əsas borc, 1014,28 manat faiz borcu olmaqla, cəmi 15850,03 manat borcu yaranmışdır. Tərəflər arasında mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bütün sübutları məhkəməyə təqdim etdiklərini bildirib, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iştirak edib, iddianı tam şəkildə etiraf edərək, izahatında bildirmişdir ki, maşın almaq üçün bankdan kredit götürmüş, lakin işdən çıxdığı üçün ödəmək imkanı olmamışdır. O, hazırda işsiz olduğunu, maddi imkanın olmadığından ödəniş edə bilmədiyini, iş tapan kimi borcunu ödəyəcəyini və ona möhlət verilməsini istədiyini bildirdi. O, həmçinin məhkəməyə yazılı formada ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, 15850.03 manat məbləğində borcunun olduğunu qeyd etmişdir. O, çıxışında işə başlayan kimi borcunu ödəyəcəyini, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. xx.xx.2024-cü il tarixli, GTKR0103285C117 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 16,9% ödəmək şərti ilə, 15100 manat məbləğində kredit verilmişdir.

6. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək İddiaçı ASC-yə 15100 manat əsas borc, 5782,05 manat faiz borcu, cəmi 20882,05 manat ödəniş etməlidir.

7. xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 15100 manat pul vəsaitini bankdan almışdır.

8. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə İddiaçı ASC-yə 14835,75 manat əsas, 1014,28 manat faiz, cəmi 15850,03 manat məbləğində borcu vardır.

9. xx.xx.2025-ci il tarixli, 28-382-16/MH11458 saylı məktubdan və onun göndərilməsini təsdiq edən poçt reyestrindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xəbərdarlıq məktubu göndərilərək onun xx.xx.2025-ci il tarixinə əsas borc məbləği 14835,75 manat, faiz borc məbləği 1014,28 manat olmaqla, cəmi 15850,03 manat məbləğində ümumi borcunun, habelə müqavilə üzrə 146 gün müddətinə 1950,74 manat məbləğində gecikdirilmiş borcunun yarandığı bildirilmiş və ondan ödəniş qrafikinə uyğun ödəniş aparılmadığı üçün kredit müqaviləsi üzrə tam borc məbləğinin ödənilməsi tələb edilmişdir.

10. 20.05.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə məhkəməyə 137,55 manat məbləğində dövlət rüsumu ödəmişdir.

11. 18.06.2025-ci il tarixli ərizədən görünür ki, Cavabdeh məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini, 15850.03 manat məbləğində borcunun olduğunu etiraf edərək nəzərə alınmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

12. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə (əqd) olmalıdır. 13.423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

14. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

17. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur.

18. 447.2.2-ci maddəsinə əsasən, öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur.

19. 447.7-ci maddəsinə əsasən, müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər.

20. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.

22. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

23. 742.5-ci maddəsinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

25. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 26.52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

27. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi:

28. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir.

29. Məlum olduğu kimi Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı həm də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərən əmələ gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

30. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər (iddiaçı və cavabdeh) arasında xx.xx.2024-cü il tarixli, GTKR0103285C117 saylı kredit müqaviləsi bağlanmış və nəticədə onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmışdır. Həmin müqaviləyə əsasən də iddiaçı bank tərəfindən borcluya (cavabdehə) 48 ay müddətinə ilik 16,9% ödəmək şərti ilə 15100 manat məbləğində pul vəsaiti verilmişdir. (§ 5-8)

31. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar (kassa məxaric orderi, maliyyə arayışı, bildiriş məktubu (§ 7-9)) əsasında işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş (pul vəsaiti cavabdehə verilmiş), lakin cavabdeh tərəfindən əsas borc və ona hesablanmış faizlər ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində ödənilməmiş və nəticədə onun tərəfindən öhdəliyin icrası gecikdirilmişdir. (§ 9) İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu (pretenziya) göndərərək vaxtı çatmış borcun 146 gün müddətə gecikdirilidiyi üçün borcun tamamilə vaxtından əvvəl qaytarılmasını tələb etməklə sözügedən kredit müqaviləsindən imtina (ləğv) etmişdir. (§ 9, 13, 22). Cavabdeh məhkəmədə verdiyi izahatda və təqdim etdiyi ərizəsində qeyd olunan məbləğdə borcunun olduğunu etiraf etmişdir. (§ 11)

32. Məhkəmə MPM-in tələblərinə (§ 25-26) uyğun olaraq, cavabdehin məhkəməyə yazılı ərizə təqdim etməklə ona qarşı verilən hazırki iddianı tam etiraf etdiyini, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alıb bu etirafı qəbul edərək qeyd edir ki, məhkəmə iclasında tədqiq olunan sübutlarla və cavabdehin etirafı ilə Cavabdeh xx.xx.2024-cü il tarixli, GTKR0103285C117 saylı kredit müqaviləsi əsasında öhdəliyini lazımi şəkildə yerinə yetirməməsi və nəticədə onun İddiaçı ASC-yə 14835,75 manat əsas, 1014,28 manat faiz, cəmi 15850,03 manat məbləğində borcunun olduğu təsdiq olunduğundan iddia təmin edilməlidir.

33. Məhkəmə həmçinin iddianın ödənilmiş 137,55 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki,“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 137,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 35.Beləliklə, məhkəmə təl əb həddində iddiaya qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 14.835,75 manat əsas, 1.014,28 manat faiz olmaqla, cəmi 15.850,03 manat məbləğində borc məbləği və ödənilmiş 137,55 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilsin. Cavabdeh 14835,75 AZN (on dörd min səkkiz yüz otuz beş manat yetmiş beş qəpik) məbləğində əsas, 1014,28 AZN (bir min on dörd manat iyirmi səkkiz qəpik) faiz borcu olmaqla, cəmi 15850,03 AZN (on beş min səkkiz yüz əlli manat üç qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 137,55 AZN (bir yüz otuz yeddi manat əlli beş qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar