Məhkəmə qərarları › İş №e-2(003)-2614/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2614/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2614/2024 08.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 342042-CNS-33183 saylı “nağd pul krediti” müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədi ilə illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 2100 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2024-cü il tarixdən icra edilməmiş və nəticədə cavabdehin banka xx.xx.2022-ci il tarixli 342042-CNS-33183 saylı müqavilə üzrə 262,30 manat məbləğində əsas borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bank tərəfindən cavabdehə pretenziya qaydasında müraciət edilmişdir. Ona görə də "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 342042-CNS-33183 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan əsas borca görə 262,30 manat, faiz borcuna görə 13,07 manat, cəriməyə görə 68 manat olmaqla ümumilikdə 343,37 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4.-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 342042-CNS-33183 saylı “nağd pul krediti” müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 24 ay müddətinə qaytarmaq, illik 28% ödəmək şərti ilə 2100 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və onu xx.xx.2024-cü il tarixədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. “Bank VTB (Azərbaycan) ” ASC-nin xx.xx.2022-ci il tarixli 342042-CNS-33183 saylı “nağd pul krediti” müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində hər ay 115,39 manat, xx.xx.2024-cü il tarixdə isə 112,38 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 11.1-ci bəndindən görünür ki, bank bu bəndin müvafiq yarımbəndlərində nəzərdə tutulmuş hallarda pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edə bilər. Müqaviləyə əsasən bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və “kredit alan” tərəfindən ödənilir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli 342042-CNS-33183 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə əsas borca görə 262,30 manat, faiz borcuna görə 13,07 manat, cəriməyə görə 68 manat olmaqla cəmi 343,37 manat borcu vardır. “Bank VTB (Azərbaycan) ” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli 1641P saylı pretenziyanın surətindən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün məhkəmədən kənar həll yolu təklif etmiş və borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli 342042-CNS-33183 saylı müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 262,30 manat, faiz borcuna görə 13,07 manat, cəriməyə görə 68 manat olmaqla cəmi 343,37 manat borcu yaranmışdır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2022-ci il tarixli 342042-CNS-33183 saylı müqaviləyə əsasən 15 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 342042-CNS-33183 saylı müqaviləyə əsasən əsas borca görə 262,30 manat, faiz borcuna görə 13,07 manat, cəriməyə görə 15 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 320,37 (üç yüz iyirmi manat, otuz yeddi qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar