Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-266/2023 23.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh X4 qarşı pul tələbinə dair kiçik iddia qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3130 manat əsas məbləğin və ödənilmiş 58 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2022-ci il tarixli 623 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin təminatı kimi, “Hyundai Sonata” markalı ** UL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək günlük 60 manat, cəmi 3300 manat ödəmək şərtilə verilmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş, lazımınca icra edilməmişdir. Cavabdeh tərəfindən ödənilməli olan 3300 manat pul məbləği ödənilməmiş saxlanılmışdır. Cavabdeh 170 manat depozit məbləği ümumi borc məbləğindən çıxılmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsədə cavabdeh borcun ödənilməsi üçün heç bir səy göstərməmişdir. İş üzrə Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur. Onu aldadaraq boş kağıza imza etdirmişlər və adını icarə müqaviləsi qoyduqları kağız parçasından istifadə edərək əlavə pul qazanmaq istəmişlər. Qanunvericiliyin tələblərinin ciddi və kobud surətdə iddiaçı tərəfindən pozulması ilə tərtib edilmiş iddia ərizəsindən, faktiki olmuş şəraitdən, şahid ifadələrindən və s. görünür ki iddia əsassız və qanunsuzdur. Tərəfindən bir sutkası 50 manata icarəyə götürülmüş, əvvəlcədən yüz yetmiş manat pul ödəmiş, avtomobil götürüdüyü gündən iki gün sonra əlavə yetmiş manat pulla birlikdə iddiaçıya təhvil verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-3587/2022 saylı qərardadı ilə ərizəyə iddia icraat qaydasında baxılması qərara alınmışdır. İşin baxılması zamanı iddiaçının nümayəndəsi X2 iddia tələbinin həcmini azaldılması barədə ərizə ilə müraciət edərək cavabdehə iddiaçı tərəfindən 800 manat məbləğində pulun güzəşt edildiyini bildirərək iddiaçının xeyrinə cavabdehdən 2500 manat məbləğində pulun və ödənilmiş 53 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İzahatında əlavə olaraq bildirdi ki, iddiaçı avtomobili xx.xx.2022-ci il tarixdən cavabdehin istifadəsinə vermiş, cavabdeh tərəfindən avtomobil icarə müqaviləsində qeyd olunmuş tarixdə, yəni xx.xx.2022-ci il tarixdə iddiaçıya geri qaytarılmışdır. Cavabdeh tərəfindən icarə müqaviləsi üzrə heç bir ödəniş aparılmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 623 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin surətindən görünür ki, həmin müqavilə MMC-yə məxsus ** UL *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin cavabdehə icarəyə verilməsi barədə bağlanmışdır. Həmin müqavilənin 3.1 və 7.1-ci bəndlərindən görünür ki, icarəçi avtonəqliyyat vasitəsinin istifadəsinin hər 1 gün üçün 60 manat ödəməlidir. Toplam 3300 manat ödəməlidir. Müqavilənin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədəkdir. İş materiallarında olan 1 nömrəli təhvil-təslim aktının surətindən görünür ki, 170 manat depozitə yerləşdirilməklə avtonəqliyyat vasitəsi cavabdehin istifadəsinə təhvil verilmişdir. İş materiallarında olan 2 nömrəli təhvil-təslim aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ** UL *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobil cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. İş materiallarında olan 06.10.22-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 623 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə 3300 manat məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən 623 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə ödənilməli olan 3300 manat pul məbləğinin ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər arasında icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan avtonəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək günlük 60 manat, cəmi 3300 manat olmaqla cavabdehin istifadəsinə vermişdir. Nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə xx.xx.2022-ci il tarixdə iddiaçıya geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh icarə müqaviləsi əsasında iddiaçıdan nəqliyyat vasitəsini icarəyə götürərək istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda həmin müqavilə əsasında icarə haqqının da icarəyə verənə (iddiaçıya) qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh icarə müqaviləsi əsasında icarə haqqını ödəməyərək, iddiaçı qarşısında öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X3 2500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 53 manat alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh X3 2500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 53 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-266/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-266/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver