Məhkəmə qərarları › İş №e-2(003)-2705/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2705/2025

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2705/2025 13.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması barədə” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 3.383,70 (üç min üç yüz səksən üç ABŞ dolları 70 sent) ABŞ dolları - bundan 680,77 (altı yüz səksən ABŞ dolları 77 sent) ABŞ dolları əsas, 440,13 (dörd yüz qırx ABŞ dolları 13 sent) ABŞ dolları faiz, 2.168,48 (iki min bir yüz altmış səkkiz ABŞ dolları 48 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 94,32 (doxsan dörd ABŞ dolları 32 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 77,53 (yetmiş yeddi manat 53 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 80003699 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 26 (iyirmi altı) faiz olmaqla 7.650 (yeddi min altı yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixli kredit müqaviləsinə 11 mart 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən 6.124,91 (altı min bir yüz iyirmi dörd ABŞ dolları 91 sent) ABŞ dolları təyin olunur. Kredit müqaviləsi xx.xx.2017-ci il tarixədək uzadılır. Həmin tarixli kredit müqaviləsinə 08 iyun 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5.219,18 (beş min iki yüz on doqquz ABŞ dolları 18 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3.126 (üç min bir yüz iyirmi altı) ABŞ dolları əsas borcu, 1.381,01 (bir min üç yüz səksən bir ABŞ dolları 01 sent) ABŞ dolları faiz borcu və 712,17 (yeddi yüz on iki ABŞ dolları 17 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) faiz ödənilir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Ə-41-6415/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 3.383,70 (üç min üç yüz səksən üç ABŞ dolları 70 sent) ABŞ dolları təşkil edir. Bundan 680,77 (altı yüz səksən ABŞ dolları 77 sent) ABŞ dolları əsas, 440,13 (dörd yüz qırxABŞ dolları 13 sent) ABŞ dolları faiz, 2.168,48 (iki min bir yüz altmış səkkiz ABŞ dolları 48 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 94,32 (doxsan dörd ABŞ dolları 32 sent) ABŞ dolları faiz borcu təşkil edir.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə cavabdehlə aralarında kredit müqaviləsinin bağlandığını, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyini, bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmək məcburiyyətində qalındığını bildirmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı ASC-dən qeyd olunan məbləğdə kredit götürdüyünü, krediti götürdüyü tarixdən etibarən müqavilə üzrə ödənişlərini həyata keçirdiyini, lakin sonradan bankın ləğv olunma prosesinə daxil olduğu üçün heç kəs ondan kredit ödənişi tələb etmədiyini, bank bağlandığı üçün ödənişləri necə həyata keçirmək lazım olduğu barədə xəbərsiz olduğunu, özünün dəfələrlə banka getməsinə baxmayaraq ona bu barədə məlumat verilmədiyini, hazırda yaranmış borcla əlaqədar özünün deyil bankın təqsirli olduğunu, hazırda maddi imkanın yaxşı olmadığını bildirmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 80003699 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə illik 26 % dərəcəsi ilə 7650 ABŞ dolları məbləğində kredit verilmişdir.

6. xx.xx.2014-cü il tarixli, 80003699 saylı kredit müqaviləsi üzrə 1 nömrəli, xx.xx.2015ci il tarixli əlavə sazişdən görünür ki, kredit müqaviləsi üzrə 6124.91 ABŞ dolları məbləğində təyin olunur və kredit müqaviləsi xx/xx/2017-ci il tarixədək uzadılır.

7. xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətinə əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 680.77 ABŞ dolları məbləğində əsas borc, 440.13 ABŞ dolları məbləğində faiz borcu və 2168.48 ABŞ dolları və hecikdiirlmiş vaxt üçün hesablanan 94.32 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 3383.70 ABŞ dolları məbləğində borcu vardır.

8. xx.xx.2014-cü il tarixli, 80003699 saylı kredit müqaviləsi üzrə Əlavə Saziş № 01-in xx.xx.2017-ci il tarixli restrukturizasiya müqaviləsindən görünür ki, restrukturizasiya edilmiş kredit məbləği 5219.18 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditinin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir və restrukturizasiya edilmiş kredit üzrə borcalantərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilir.

9. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildiriş məktubuna və onun göndərilməsini təsdiq edən poçt reyestrinə əsasən, iddiaçı cavabdehi xəbərdar edərək kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 680.77 ABŞ dolalrı əsas borc, 440.13 ABŞ dolları faiz borcu, 2168.48 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 94.32 ABŞ dolları faiz məbləği, ümumilikdə 3383.7 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə tam borc məbləğinin ödənilməsini tələb etmişdir. 10.05.06.2025-ci il tarixli, **********52 saylı mədaxil qəbzindən aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 77.53 ABŞ DOLLARİ məbləğində dövlət rüsumu ödəmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 oktyabr 2025-ci il tarixli, 9/3862 saylı ekspert rəyinə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 80003699 saylı saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixədək (müqavilənin bitdiyi tarix) borcu əsas borc 660.80 ABŞ dolları, faiz borcu 402.06 ABŞ dolları təşkil edir. Habelə qeyd olunmuşdur ki, xx.xx.2014-cü il tarixli, 80003699 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmamışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 12.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə (əqd) olmalıdır. 13.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 14.443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 15.445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 16.445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 17.447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 18.447.2.2-ci maddəsinə əsasən, öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur. 19.447.7-ci maddəsinə əsasən, müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. 20.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 22.743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 23.742.5-ci maddəsinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3; 399.4; 445 və 499-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarından görünür ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

Məhkəmənin mövqeyi:

26.Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 27.İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər (iddiaçı bank və cavabdeh) arasında xx.xx.2014-cü il tarixli, 80003699 saylı saylı kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 26% dərəcəsi ilə ödənilmək şərtilə 7650 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Daha sonra tərəflər arasında həmin kredit müqaviləsi əsasında xx.xx.2015-ci il tarixli 01 nömrəli əlavə saziş imzalanaraq kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli restrukturizasiya müqaviləsinə əsasən isə, restrukturizasiya edilmiş kredit məbləği 5219.18 ABŞ dolları təşkil etməklə, kreditinin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir və restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilir. 28.İşin mübahisləndirilən halları isə ondan ibarətdir ki, İddiaçı ASC xx.xx.2014-cü il tarixli, 80003699 saylı müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhədlikləri yerinə yetirmədiyinə görə iddia tələbində qeyd olunan məbləğdə vəsaitin iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak edərək, qeyd olunan məbləğdə kredit götürdüyünü etiraf etsə də, bankın bağlandığını, ödənişin necə həyata keçirilməli olmalı olduğu barədə ona məlumat verilmədiyini, hazırda qeyd olunna məbləğin iddiaçının təqsiri səbəbindən yarandığını bildirərək iddia tələbinə etiraz etmişdir. 29.Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar (kassa məxaric orderi, maliyyə arayışı, bildiriş məktubu əsasında işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş (pul vəsaiti cavabdehə verilmiş) lakin cavabdeh tərəfindən əsas borc və ona hesablanmış faizlər ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində ödənilməmiş və nəticədə öhdəliyin icrasını gecikdirilmişdir. İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixli bildiriş məktubu göndərərək vaxtı çatmış borcun gecikdirilidiyi üçün borcun tamamilə qaytarılmasını tələb etmişdir. Caavbdeh tərəfindən borc məbləğinə etiraz edildiyindən qeyd olunan halın araşdırılması ilə bağlı məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 22 oktyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, cavabdehin əsas borcunun məbləği 660.80 ABŞ dolları, faiz borcunun məbləği isə 402.06 ABŞ dolalrı təşkil edir. Habelə ekspert rəyində qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmamışdır. Ekspert rəyi müəyyən edilən halları ilə təsdiq edildiyi, onu şübhə altına alacaq və ya təkzib edəcək hər hansı hal müəyyən edilmədiyi üçün məhkəmə ekspert rəyini mümkün və mötəbər sübut kimi qəbul edir. 30.Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normaların tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, borclu (cavabdeh) pul öhdəliyinin icrasını lazımınca yerinə yetirmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddiaçı cavabdehdən əsas borc qismində 680.77 ABŞ dolları tələb etməsinə baxmayaraq, ekspert rəyində cavabdehin əsas borcunun 660.80 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. Qeyd olunan ekspert rəyinə nə İddiaçı ASC tərəfindən, nə də Cavabdeh tərəfindən etiraz olunmamışdır. Habelə ekspert rəyi iş materialları və tərəflərin izahatlarına əsasən işin müəyyən edilən halları ilə təsdiq edildiyi, onu şübhə altına alacaq və ya təkzib edəcək hər hansı hal müəyyən edilmədiyi üçün ekspert rəyi mümkün və mötəbər sübut kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borc məbləğinə münasibətdə ekspert rəyi ilə müəyyən edilən həcmdə təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə əsas borc olaraq 660.80 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır. 31.Məhkəmə iddia tələbinin faiz borcuna münasibətdə qeyd edir ki, iddiaçı cavabdehdən faiz borc qismində 440.13 ABŞ dolları tələb etməsinə baxmayaraq, ekspert rəyində cavabdehin əsas borcunun 402.06 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. Qeyd olunan ekspert rəyinə nə İddiaçı ASC tərəfindən, nə də Cavabdeh tərəfindən etiraz olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi faiz məbləğinə münasibətdə qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə faiz borcu olaraq 402.06 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır. 32.Məhkəmə iddia tələbinin cərimə borcuna münasibətdə qeyd edir ki, iddia ərizəsində və iddiaçının nümayəndəsinin izaahtında cərimə borcunun tərəflər arasında bağlanmış müqavilə əsasında hesalandığı və tələb edildiyi qeyd olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 80003699 saylı kredit müqaviləsində öhdəliyinin təmini üsulü kimi olaraq cərimə məbləğinin hesablanması ilə bağlı qeyd aşkar edilməmişdir. Habelə keçirilmiş məhkəmə mühasiatlıq ekspertizasının rəyinin nəticə hissəsində də hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcunun hesablanmadığı qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi caavbdehdən cərimə məbləğinin tutulması hissəsində əsassız olduğundan bu hissədə təmin edilməməlidir. 33.Məhkəmə iddia tələbinin gecikdirilmiş gün üçün hesablanmış faiz borcu hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan maliyyə arayışına əsasən gecikdirilmiş gün üçün faiz borcu mövcud əsas borc məbləğinə münaibətdə hesablanır. Qeyd olunmalıdır ki, iddia tələbi cavabdehdən əsas borc məbləğinin tutulması hissəsində əsaslı hesablı edilərək təmin olunmuşdur. Habelə qeyd olunmalıdır ki, Cavabdeh iddiaçı ilə aralarında mövcud olan kredit borcu üzrə ödənişlərini gecikdirməsi və öhdəliyini vaxtında icra etməməsi işin mübahisəsiz hallarını təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş gün üçün hesablanmış faiz borcu hissəsində əsaslı olduğundan təmin edilməli Cavabdeh iddiaçının xeyrinə 94.32 ABŞ dolları gecikdirilmiş müddət üçün hesablanmış faiz borcu tutulmalıdır. 34.Məhkəmə həmçinin iddianın ödənilmiş 77.53 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq (1157.18 ABŞ dollar x 1.7 manat = 1967.206 manat) 39.67 manat dövlət rüsumunun məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 35.Məhkəmə həmçinin hesab edir ki, işə baxılması ilə əlaqədar məhkəmə xərclərinə daxil olan iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat da Cavabdeh tutulmalıdır. Belə ki, MPM-in 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən də, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 36.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 37.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 660.80 ABŞ dolları məbləğində əsas, 402.06 ABŞ məbləğində faiz və 94.32 ABŞ dolları gecikdirilmiş müddət üçün hesablanmış faiz borcu olmaqla, cəmi 1157.18 ABŞ dolları (pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 39.67 AZN dövlət rüsumunun məbləği Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. 38.Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. Cavabdeh 660.80 ABŞ dolları (altı yüz altmış dollar səksən sent) əsas, 402.06 ABŞ dolları (dörd yüz iki dollar altı sent) faiz və 94.32 ABŞ dolları (doxsan dörd dollar otuz iki sent) gecikdirilmiş müddət üçün hesablanmış faiz borcu olmaqla, cəmi 1157.18 ABŞ dolları (bir min bir yüz əlli yeddi dollar on səkkiz sent) pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 39.67 AZN (otuz doqquz manat altmış yeddi qəpik) dövlət rüsumunun məbləği tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar