Məhkəmə qərarları › İş №e-2(003)-2740/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2740/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2740/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 23.5% olmaqla 10200 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9356.16 manat məbləğində əsas borcun, 195.52 manat məbləğində faiz borcunun, cəmi 9551.68 manat borcun və 116 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinə uyğun qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış №CC/11971/86/22 saylı kredit müqaviləsinə əsasən bank borcluya, 48 ay müddətinə, illik 23,5% olmaqla 10200 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək İddiaçı ASC-yə 10200 manat əsas kredit borcu, 5633,17 manat faiz borcu olmaqla, cəmi 15833,17 manat məbləğində borcu ödəməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9356,16 manat əsas, 195,52 manat faiz borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, bank cavabdehi borc barədə xəbərdar edərək gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin sürətindən görünür ki, Cavabdeh 10200,0 manat pul vəsaiti verilmişdir. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, İddiaçı ASC hazırkı iddia üzrə 116,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən bank borcluya, 48 ay müddətinə, illik 23,50% olmaqla 10200 manat məbləğində kredit vermişdir. İş üzrə cavabdeh kredit müqaviləsinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbayca Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 116,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən almaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 9356,16 manat əsas borc, 195,52 manat faiz borcu, ödənilmiş 116,0 manat dövlət rüsumu olmaqla,olmaqla, cəmi 9667,68 (doqquz min altı yüz altmış yeddi manat, altmış səkkiz qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar