Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2744/2023 24.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 6655.88 manat məbləğində əsas borcun, 915.9 manat məbləğində faiz borcunun, 393.9 manat məbləğində cərimə borcunun, cəmi 7965.68 manat borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 23% olmaqla 9000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli kredit nüqaviləsinə əsasən 6655,88 manat əsas, 915,8 manat faiz və 393,9 manat cərimə yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Həmçinin göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 həmin zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək 2023-cü ilin iyul ayından banka ödəniş edilmədiyini bildirərək, iddianın həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İddiaçı və digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin iddiaçının nümayəndəsi Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər, Cavabdeh1 məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli nağd pul layihəsi müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik faiz dərəcəsi 23% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqaviləyə 1 saylı əlavədən ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-yə hər ay 348,39 (sonuncu ay 352,92 manat) ödəməli idi. İş materiallarında olan kreditin verilməsi barədə qəbzin surətindən aydın olur ki, Cavabdeh2 9000 manat məbləğində kredit götürmüşdür. Eyni zamanda, işə əlavə olunmuş zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh1 zaminliyi ilə təmin edilmiş və o, bank qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 31 may 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borcu 6655,88 manat, faiz borcu 745,5 manat faiz borcu, 393,9 manat cərimə borcu təşkil edir. Həmin bildirişə əsasən cavabdeh borc barədə xəbərdar edilmiş, gecikdirilmiş borcun dərhal ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi və qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcu 6655,88 manat, faiz borcu 915,9 manat, cərimə borcu isə 393,9 manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, İddiaçı ASC hazırkı iddia üzrə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur. Həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Belə ki, cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kredit müqaviləsini, həmin müqaviləyə 1 saylı əlavədən - ödəniş cədvəlini, cavabdehə göndərilmiş xəbərdarlıq bildirişini, eləcə də maliyyə arayışını işin müəyyən edilmiş halları ilə birlikdə araşdıraraq hesab edir ki, əsas kredit borcu 6655,88 manat müəyyən edilməlidir. Çünki cavabdeh tərəf əsas kredit borcu ilə bağlı ödəniş edilməsi barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, faiz borcu 745,5 manat müəyyən edilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı tərəf faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli nağd pul layihəsi müqaviləsi üzrə yaranmış borcu xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən tələb etmişdir. Halbuki iddiaçı tərəfindən borcalana ünvanlanmış 31 may 2023-cü il tarixli bildirişdə kredit müqaviləsi üzrə cavabdehin əsas borcu 6655,88 manat, faiz borcu 745,5 manat faiz borcu, 393,9 manat təşkil etməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar)”. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışını, eləcə də cavabdehə göndərilmiş bildirişi işin faktiki halları baxımından araşdıraraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə verilən borc illik 23 faizlə verilmişdir, lakin cavabdehə göndərilmiş bildirişin üzərindən 1 ayda çox vaxt keçdikdən sonra tərtib edilmiş maliyyə arayışında tələb edilən faiz borcu məbləğləri arasında nəzərə çarpan fərqlər mövcud olmuşdur ki, iddiaçı tərəf də həmin fərqin hansı qaydada hesablanması barədə mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına istinad etməklə hesab edir ki, iddiaçı tərəf cavabdehə bildiriş göndərməklə müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) niyyətini göstərmişdir, çünki digər tərəf, yəni borcalan müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə müqavilənin müddəti bitmədiyindən, eləcə də iddiaçı tərəf cavabdehə bildiriş göndərməklə müqavilənin birtərəfli qaydada ləvği barədə niyyətini göstərdiyindən, faiz borcu məhz cavabdehə göndərilmiş bildirişdə hesablanmış məbləğdə müəyyən edilməlidir. Digər tərəfdən Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə eyni zamanda digər cavabdehin araşdıraraq hesab edir ki, digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun, cərimənin ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Digər Cavabdeh1 isə Cavabdeh2 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzərinə götürmüşdür. Göründüyü kimi müqavilə azadlığı prinsipinə uyğun olaraq Cavabdeh2 qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kredit müqaviləsi üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. Eləcə də zamin – Cavabdeh1 zamin qismində üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tələb edilən kredit borcu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 6655,88 (altı min altı yüz əlli beş manat səksən səkkiz qəpik) manat əsas borc, 745,5 (yeddi yüz qırx beş manat əlli qəpik) manat faiz borcu, 393,9 (üç yüz doxsan üç manat doxsan qəpik) manat cərimə olmaqla, cəmi 7795,28 (yeddi min yeddi yüz doxsan beş manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №e-2(003)-2744/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2744/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver