Məhkəmə qərarları › İş №e-2(003)-2774/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2774/2022

27.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2774/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Xurşudov (Xurduşov) İqor Cahangir oğluna qarşı dərmiş maddi zərərin əvəzinin və debitor borcun tutulması barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Xurşudov (Xurduşov) İqor Cahangir oğluna qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən vurulmuş 404,40 manat məbləğində zərərin, debitor borc üzrə 268 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 702,40 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-00552xx/xx-2018 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01590 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istfadə qaydalarının tələblərinə əməl etmək) və "X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş aktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 426,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Həmin zərərdən cavabdeh 22.20 manat ödəniş etmişdir. Beləliklə hesablanmış dəymiş maddi zərər üzrə qalıq məbləği 404.40 manat təşkil edir. Bildirilmişdir ki, cavabdehin ödənilməmiş 2021-ci ilin mart-dekabr ayları üzrə 261.90 manat sərfiyyat borcu və limitdən əlavə 18,80 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-aprel ayları üzrə 212,28 manat sərfiyyat borcu və limitdən əlavə 21,12 manat sərfiyyat borcu, rəyə əsasən 12,10 manat, cəmi 526,20 manat məbləğində sərfiyyat borcu qalmışdır. 2021-ci ilin mart ayından 2022-ci ilin iyul ayına qədər cavabdeh cəmi 258,20 manat məbləğində ödəniş etmişdir. Qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 268 manat borcu (debitor borc) da qalmışdr. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 672.40 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş heyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, onun ünvanına quraşdırılmış sayğac dəyişdirilmiş mexaniki sayğac yerləşdirilmişdir. Həmin sayğac isə günə 16 manat yazıdığına görə dəyişdirilmiş və smart tipli sayğac qoyulmuşdur. O, heç vaxt sayğaca müdaxilə etməmiş və ünvanına yerləşdirilmiş sayğacın müdaxilə olunması barədə heç vaxt məlumatı olmamışdır. Belə ki, onun istifadə etdiyi qazın dəyərini hər zaman ödəmiş, borcu yaranmamış və sayğacın istifadə etdiyi qazın sərfiyyatının düzgün qeydə almaması barədə şübhəsi olmamışdır. Onun istifadə etdiyi qaza görə hər zaman ödənişlər etdiyinə görə iddiaçıya borcu yoxdur. Ona görə də iddia tələbini əsassız hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2018-ci il tarixli AKX-00552xx/xx-2018 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə, paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan “Gasrep” hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh adına olan **********01590 nömrəli abonent hesabına 2020-ci ilin noyabr ayında 426,60 manat borc hesablanmışdır. İstehlakçı tərəfindən aparılan ödənişlərdən həmin borcun 22,2 manat hissəsi silinmişdir. Hazırda cavabehin borcu 404 manat (hesablanmış borc məbləğinin qalan hissəsi) təşkil edir. İş materiallarında olan təbii X2 pozulması haqqında ******* nömrəli xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, həmin tarixdə iddiaçının ünvanına baxış keçirilmiş və İddiaçı İB-nin 29/1710-00329/1-9 saylı rəyinə əsasən 1202AQ**********8 nömrəli sayğacın çıxış plasmas borusunun deşildiyi müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin qaz sayğacının yoxlanılması barədə 29/1710- 00329/1-9 saylı rəyinin surətindən görünür ki, iddiaçın ünvanında quraşdırılmış 1202AQ**********8 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli xx.xx.2019-cu il tarixli akt əsasında 4266 m3 həcmində dəymiş ziyan hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasını, istehlakçının təqsiri nəticəsində zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) onun vəsaiti hesabına həyata keçirilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin ünvanına quraşdırılmış sayğacın zədələnməsi onun təqsiri nəticəsində baş verməsi sübuta yetirilmədiyinə görə həmin sayğaca müdaxilə səbəbi ilə dəymiş ziyanın əvəzinin tələb edilməsi əsassızdır. Belə ki, işin araşdırılmış halları ilə (iş materiallarında olan “Gasrep” hesabından çıxarışdan görünür ki) müəyyən edilir ki, cavabdeh tərəfindən istifadə etdiyi qazın sərfiyyatına uyğun göstəriciləri hər ay onun abonent hesabında öz əksini tapmış və dəyəri həmin göstəricilərinə əsasən tam olaraq hər ay ödənilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, fiziki şəxs olan iddiaçının ünvanına quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımaqla yanaşı, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları (aktın və hesablanmış dəymiş zərərin doğruluğunu) sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırda isə istehlakçının iştirakı olmadan iddiaçı tərəfindən tərtib edilmiş aktdan başqa cavabdeh tərəfindən ünvanına quraşdırılmış sayğaca onun tərəfindən müdaxilə edilməsi barədə hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin ünvanına quraşdırılmış sayğaca edilmiş müdaxilə onun hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən edilmədiyindən (sübut edilmədiyindən) və bu hal barədə tərtib edilmiş akt əsasında hesablanmış zərərin cavabdehdən tələb edilməsi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 404 manat məbləğində vurulmuş ziyanın cavabdehdən tutulması hissəsi əsassız olduğundan təmin edilməməlidir. Həmçinin məhkəmə iddia tələbinin debitor borc üzrə 268 manat pulun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, debitor borcun mövcüd olmasına sübut kimi məhkəməyə təqdim edilən abonent saldosundan və “Gasrep” hesabdan çıxarışdan görünür ki, 2021-ci ilin aprel ayına kimi cavabdeh tərəfindən istifadə edilmiş (sərf edilmiş) qazın dəyərinə uyğun ödənişlər aparılmış və borcu qalmamışdır. Eyni zamanda iddia ərizəsində tələb olunan debitor borcunun 2022-ci ilin iyul ayına kimi yaranmış borcdan ibarət olması ilə əsaslandırılsa da bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş və iş üzrə əlavə sübutlar məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırda cavabdehin hər hansı bir məbləğdə debitor borcunun olması müəyyən edilmədiyindən ondan debitor borc kimi göstərilən borcunun tutulması əsassızdır və iddia tələbinin bu hissədə də təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu tam şəkildə onun özünə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumuna görə pul tutulmamalıdır. Beləliklə qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Cavabdeh Xurşudov (Xurduşov) İqor Cahangir oğlundan vurulmuş 404,40 manat məbləğində zərərin, debitor borc üzrə 268 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 702,40 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar