Məhkəmə qərarları › İş №e-2(003)-2814/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2814/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2814/2022 13.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi və kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 12375,61 manat əsas, 262,07 manat faiz, cəmi 12637,68 manat borcun, həmçinin ödənilmiş 128.31 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 20000 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixli 1031511/20370 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixinə əsas borcu 12375.61 manat, faiz borcu 262.07 manat, cəmi 12637.68 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf edərək izahatında bildirmişdir ki, Cavabdeh1 iddiaçıdan 36 ay müddətinə illik 21 % olmaqla 20000 manat məbləğində kredit götürmüşdür. O, həmin kredit müqaviləsi üzrə zamin olmuşdur. Lakin sonradan imkanı olmadığına görə Cavabdeh1 öhdəliklərini yerinə yetirə bilməmişdir. Hazırda borcu tam şəkildə qaytara bilmir. Cavabdeh1 digər banka da borcu var və aylıq 350 manat ödəniş edir. Ona görə də borcun aya hissə-hissə, cəmi 400 manat olmaqla tutulması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli ******* nömrəli fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, İddiaçı ASC ASC-nin Naxçıvan filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 21 % olmaqla 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1031511/20370 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, xx.xx.2020-ci il tarixli ******* kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı ASC götürdüyü 20000 manat məbləğində krediti xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 753,50 manat, sonuncu ay isə 753,80 manat ödəniş etməklə qaytarılması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçı ASC-yə 12375,61 manat əsas, 262,07 manat faiz borcu, cəmi 12637,68 manat məbləğində borcu vardır. İş materiallarında olan bank tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış borcun 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə banka olan borcun tam olaraq ödənilməsinin tələb edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 127,91 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı olaraq cəmi 128,31 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada İddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, sonuncu həmin kredit müqaviləsi üzrə bankdan 36 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 20000 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilə üzrə öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə məsuliyyəti borcalanla birgə qaydada Cavabdeh2, onunla bank arasında bağlanılmış zaminlik müqaviləsi əsasında öz üzərinə götürmüşdür. Kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməməklə müqavilə şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışında göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zamin də qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüyündən onunda iddiaçı qarşısında məsuliyyəti yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Həmçinin məhkəmə, iddia tələbinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından görünür ki, qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif edildiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən birgə qaydada 12375,61 manat əsas, 262,07 manat faiz borcu olmaqla cəmi 12637,68 manat məbləğində borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, cavabdehlərdən 128,31 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC-nin Naxçıvan filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 12375,61 manat əsas, 262,07 manat faiz borcu olmaqla cəmi 12637,68 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 128,31 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar