Məhkəmə qərarları › İş №e-2(003)-2822/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2822/2025

01.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2822/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: İşin halları:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 330 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 360 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2024-cü il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə “Mercedes Benz” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz V220 CDİ” markalı, ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Həmin zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 330,00 (üç yüz otuz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ DYPŞ-nin Qərarına əsasən Yəhyayev X5 Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və Qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Sabunçu RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanına xx.xx.2025ci il tarixli, AS25/1049 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək ödənilməmişdir.

3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilən müddətdə iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir etiraz təqdim edilməmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

4. PAA********** saylı sığorta şəhdaətnaməsindən görünür ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2024-cü il tarixli “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi” bağlanmış, müqavilə əsasında “Mercedes Benz” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bir il müddətinə icbari sığorta etdirilmiş, müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2024-cü il, qüvvədən düşmə tarixi xx.xx.2025-ci ildir.

5. AB 330696 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz markalı, ** GH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 adına dövlət qeydiyyatına alınmışdır.

6. Avtomobil üçün yol vərəqindən görünür ki, Mercedes Benz markalı, ** GH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 01-31 mart 2025-ci il tarixlərində idarə edilməsi üçün Cavabdeh tapşırıq (icazə) verilmişdir.

7. xx.xx.2025-ci il tarixli, İXP 703989 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Mercedes Benz markalı, ** GH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində İXM-nin 327.1-ci, 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

8. xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh “Mercedes Benz” markalı, ** GH *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən 16 mart 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisndə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, hadisə yerindən yayınmış və bununla da o, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

9. 26.03.2025-ci il tarxili izahatdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixində etibarnamə əsasında idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini və polisə məlumat vermədən sürüb hadisə yerini tərk etdiyini qeyd etmişdir.

10. 07.04.2025-ci il tarixli, 384391 saylı “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabat”dan görünür ki, Mercedes Benz V220 CDİ markalı, ** GL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği 330 manat müəyyən olunmuşdur.

11. 14.04.2025-ci il tarixli saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2025-ci il tarixində X1 mülkiyyətində olan “Mercedes Benz V220 CDİ” markalı, ** GL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Mercedes Benz markalı, ** GH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən vurulmuş zərərə görə sığorta ödənişi 330 manat təşkil etmişdir.

12. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli A5-25/1049 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, onun xx.xx.2025-ci il tarixində "Mercedes Benz" markalı ** GH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi törətdiyi, "Mercedes Benz V220 CDİ" markalı, ** GL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurduğu, qeyd olunan sığorta hadisəsi üzrə "xxxx" ASC tərəfindən 330,00 manat məbləğində sığorta ödənişi həyata keçirildiyi, hadisə ilə bağlı Sabunçu RPİ DYPŞ-nin Arayışına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilindiyi və yol nəqliyyat hadisəsi yerindən yayındığı bildirilərək, "xxxx" ASC tərəfindən sözügedən zərərin aradan qaldırılması üçün ödənilmiş 330,00 manat sığorta ödənişi məbləğinin 5 (beş) gün müddətində "xxxx" ASC-yə ödəməyi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

13. 18.06.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

14. 936.1-ci maddəsinin tələbinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

15. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

18. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun:

19. 13.4-cü maddəsinə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.

20. 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

21. 25.1.3-cü maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.

22. 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur.

23. 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

24. 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

25. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

26. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

27. 24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

28. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmənin mövqeyi:

29. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 30.Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar (§ 4-12) əsasında müəyyən edilir ki, “Mercedes Benz” minik markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətində olmuş, onunla "xxxx" ASC arasında xx.xx.2024-cü il icbari sığorta müqaviləsi bağlanılaraq avtomobil bir il müddətinə (xx.xx.2024-xx.xx.2025-ci il) sığorta etdirilmiş, avtomobil yol vərəqi əsasında 01-31 mart 2025-ci il tarixlərində idarə edilməsi üçün Cavabdeh verilmiş, onun tərəfindən xx.xx.2025-ci il tarixində Sabunçu rayonu ərazisində yol nəqliyyat hadisəsi törədilmiş və o, hadisə yerindən yayınmış, bu səbəbdən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Cavabdeh İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmçinin iş materiallarına əsasən o da müəyyən edilir ki, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində etibarnamə əsasında idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətdiyi və polisə məlumat vermədən sürüb hadisə yerini tərk etdiyi etiraf edilmiş, hadisə nəticəsində “Mercedes Benz V220 CDİ” markalı, ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği və sığorta ödənişi 330 manat təşkil etmiş və iddiaçı tərəfindən cavabdehə sözügedən zərərin aradan qaldırılması üçün ödənilmiş 330 manat sığorta ödənişinin 5 (beş) gün müddətində "xxxx" ASC-yə ödənilməli olması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyəti təqsirsiz məsuliyyətdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Beləliklə, hüquqa zidd əməli törətmiş ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini tam həcmdə ödəməyə borcludur.

32. Göstərilən hüquqi mövqeyə əsaslanaraq və yuxarıda istinad olunan normaların (§ 15-18) tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından müəyyən edilir ki: - Cavabdeh etirafı (§ 9) və xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunur ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə müşayiət olunan hüquqa zidd əməl (yol-nəqliyyat hadisəsi) törədilmişdir. - Cavabdeh etirafı və iş materillarında olan digər sənədlərlə (§ 7-11) təsdiq olunur ki, cavabdeh tərəfindən qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsi ilə bağlı inzibati xətanın törədilməsi nəticəsində “Mercedes Benz V220 CDİ” markalı, ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuş və zərərin məbləği və sığorta ödənişi 330 manat təşkil etmişdir. - Avtomobilə vurulmuş zərər məhz cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, yəni zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə vardır. Bu hal tərəflərin izahatlar, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunur; - Yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyəti təqsirsiz məsuliyyət olduğundan, hazırki iş üzrə cavabdehin təqsirinin olub-olmamasının araşdırılmasına lüzum yoxdur. Bununla belə məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh hüquq zidd əməli (müvafiq inzibati xətanı) törətməkdə təqsirli bilinmişdir. Zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi isə hər hansı sübutla müəyyən edilmir.

33. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, idarə etmək hüququna dair yol vərəqi əsasında yüksək təhlükə mənbəyinə qanuni əsasla sahiblik edən Cavabdeh ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində üçüncü şəxsin əmlakına zərər vurulmasına səbəb olan mülki hüquq pozuntusu törətmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh törədilmiş mülki hüquq pozuntusu nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzini tam həcmdə ödəməyə borcludur.

34. Digər tərəfdən qanunvericiliyin tələbinə uyğun olaraq, avtomobilin istifadəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyət yaranması faktı olduğundan, ortada bir sığorta hadisəsi vardır. (§ 22) Hər nə qədər sığorta şəhadətnaməsi cavabdehin adına verilməsə də qanunun tələbinə əsasən (§ 17-19, 23), o, avtomobili qanuni əsaslarla istismar etdiyi üçün cavabdehin sığorta təminatından faydalanmaq hüququ var və törədilmiş mülki hüquq pozuntusu nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzini də tam həcmdə ödəməyə borcludur. Cavabdeh tərəfindən törədilən mülki hüquq pozuntusu (yol nəqliyyat hadisəsi) nəticəsində “Mercedes Benz V220 CDİ” markalı, ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə isə iddiaçı "xxxx" ASC tərəfindən üçüncü şəxsə (X2) 330 manat sığorta ödənişi həyata keçirilmişdir. Qanunun tələbinə uyğun olaraq (§ 14, 21, 24), cavabdeh sığorta hadisəsi zamanı hadisə yerindən yayındığı üçün sığortaçının cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır.

35. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı (sığortaçı) sığorta ödənişi məbləğinin ona geri qaytarılmasını tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, 330 AZN məbləğində sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Məhkəmə iddia tələbinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, həmin dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi, başqa sözlə xəbərdarlıq edilməsinə baxmayaraq sığorta ödənişini iddiaçıya (sığortaçıya) qaytarmaması səbəbindən iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənilmişdir və iddia tələbi təmin edildiyi üçün cavabdeh həmin məbləği də tələb etməkdə haqlıdır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan və hazırki iş üzrə iddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 38.Beləliklə, məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edilməli, 330 AZN (üç yüz otuz manat) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilsin. Cavabdeh 330 AZN (üç yüz otuz manat) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar