Məhkəmə qərarları › İş №e-2(003)-2844/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2844/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2844/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranamış borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: İşin halları:

1. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti borclu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ərizə ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən 647 manat məbləğində əsas, 18 manat məbləğində faiz borcu, 0 manat komissiya, 801 manat məbləğində cərimə olmaqla, cəmi 1465 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********001 saylı mikrokredit müqaviləsinə əsasən cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 faiz ödəmək şərtilə 647 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məblği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərinin də (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etsə də, cavabdeh öhdəliyi vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin 647 manat məbləğində əsas, 18 manat məbləğində faiz borcu, 0 manat məbləğində komissiya borcu, 801 manat məbləğində cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı əlaqədar olaraq cavabdeh dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir.

3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilən müddətdə iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir etiraz təqdim edilməmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

4. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********001 saylı mikrokredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 30 gün müddətinə 60,85 faiz hesablanmaqla 647 manat kredit verilmişdir. Həmçinin həmin müqavilədən görünür ki, verilmiş kredit məbləğindən istifadəyə görə haqq: 64.95 manat, verilmiş kredit məbləğindən istifadəyə görə haqq, faizlə: 5.7 faiz, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 182.50 manat, illik faiz dərəcəsi: 60.85 faiz, ödəniləcək ümumi məbləğ: 764.45 manat, verilmiş kredit məbləğinin ödənilmə tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir.

5. 07.04.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixli, **********001 saylı mikrokredit müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 647 manat məbləğində əsas, 18 manat məbləğində faiz borcu, 0 manat məbləğində komissiya, 801 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1465 manat məbləğində borcu vardır.

6. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehdən mikrokredit müqaviləsi üzrə tam borc məbləğinin 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

7. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********28 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 34,65 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

8. Poçt qəbzindən görünür ki, məhkəmə tərəfindən MPM-in 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə göndərilmiş bildiriş cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

1. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

2. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

3. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

4. 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

5. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

6. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

7. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

8. 458.1-ci maddəsinə əsasən, kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.

9. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

10. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

11. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

12. 24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

13. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmənin mövqeyi:

9. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir.

10. Beləliklə, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır və həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, **********001 saylı mikrokredit müqaviləsi bağlanılmış, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh 30 gün müddətinə illik 60,85 faiz hesablanmaqla 647 manat kredit verilmişdir. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan öhdəliklər icra edilsə də, cavabdeh müqavilədən əmələ gələn öhdəliklərini yerinə yetirməmişdir. Bununla da cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 647 manat məbləğində əsas, 18 manat məbləğində faiz borcu yaranmışdır. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə də iddiaçının borcun qaytarılmasını və borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır.

11. İddia tələbinin cərimə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçının müqavilə üzrə cərimə ödənilməsini tələb etmək hüququ yaranmışdır. Lakin Mülki Məcəllənin tələbinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin davranışının zərərin artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır və kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Göründüyü kimi, cavabdehə xx.xx.2023-cü il tarixində sadəcə 30 gün müddətinə kredit verilmiş, iddiaçı isə həmin müddət bitdikdən sonra borcu tələb edə, ödənilmədiyi təqdirdə isə dərhal məhkəməyə müraciət edə biləcəyi halda 1,6 il (bir il altı ay) müddət ərzində bu hüquqlarından lazımınca istifadə etməyərək cərimə məbləğinin süni şəkildə artmasına səbəb olmuşdur. Digər tərəfdən, Mülki Məcəlləyə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. O da qeyd edilməlidir ki, cərimə borcu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 647 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 801 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan əsas borcun illik 5 (beş) faizi həddində müəyyən edilməsi ağlabatandır. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 48,52 manat məbləğində cərimə tutulmalıdır.

12. Məhkəmə iddianın ödənilmiş 34,65 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğdə dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənilmişdir və iddia tələbi tam təmin edildiyi üçün iddiaçı həmin məbləği də tam tələb etməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində iddianın təmin edilmiş hissəsinə (695,52 manata) mütənasib olaraq qismən təmin edilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

13. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 647 manat məbləğində əsas, 18 manat məbləğində faiz borcu, 48,52 manat məbləğində cərimə borcu olmaqla, cəmi 713,52 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun məbləği cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. Cavabdeh 647 AZN (altı yüz qırx yeddi manat) əsas borc, 18 AZN (on səkkiz manat) faiz borcu və 48,52 AZN (qırx səkkiz manat əlli iki qəpik) cərimə borcu olmaqla, cəmi 713,52 AZN (yeddi yüz on üç manat əlli iki qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar