Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2870/2025 09.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması barədə” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi
1. İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 140.74 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmiş, bu səbəbdən iddiaçı tərəfindən borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmiş, “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. "xxxx" QSC ilə “Lider Legal“ MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən cəmi 938.3 manat məbləğində ödənilən borc məbləği “Lider Legal“ MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 140.74 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 140.74 manat məbləğində xidmət haqqı ödəmişdir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixində etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin icraatında olan e-2(003)-2870 saylı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş mülki işin iddia icraatı qaydasında araşdırılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2870/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı “X1 Azərbaycan” QSC (nümayəndəsi) məhkəmə iclaslarında iştirak etməmişdir. Bununla belə, iddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək, iclasların onların iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, məhkəmə qərarının icra şöbəsi tərəfindən icra olunduğunu, banka olan borcunu tam ödəyib qurtardığını, hətta icra şöbəsinə icra tədbirləri üçün əlavə olaraq 7% icra ödənişi də etdiyini, iş üzrə icraata xitam verildiyini, lakin sonradan bank tərəfindən ona məktub göndərilərək yenidən pul tələb edildiyini, həmin məktubu aldıqdan sonra bununla əlaqədar banka müraciət etdiyini, icra şöbəsindən borcu tam ödədiyi barədə məktub aldığını, həmin məktubları məhkəməyə təqdim etdiyini bildirmişdir. O, həmçinin, indiyədək "xxxx" MMC barədə heç bir məlumatının olmadığını, həmin şirkət tərəfindən ümumiyyətlə ona müraciət edilmədiyini, barəsində çıxmış məhkəmə qətnaməsinin icrasının şirkət yox, icra şöbəsinin əməkdaşları tərəfindən icra etdirildiyini, ona görə tələbin əsassız olduğunu qeyd edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
7. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
8. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh qarşı "borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Xəzər Rayon Məhkəməsinin e- 2(003)-723/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı “X2 Azərbaycan” QSCnin xeyrinə Cavabdeh 904,23 manat məbləğində əsas borc, 3,66 manat məbləğində faiz borcu, 0,41 manat cərimə və 30,0 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 938,3 manat (doqquz yüz otuz səkkiz manat, otuz qəpik) məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Daha sonra məhkəmə tərəfindən həmin iş üzrə icra vərəqəsi verilmiş, icra sənədinin icrası Xəzər rayon İcra şöbəsinə həvalə edilmiş, Xəzər rayon İcra şöbəsi tərəfindən həmin icra sənədi əsasında icraat başlanılmış, cavabdeh tərəfindən icra sənədi üzrə borc tam şəkildə icra olunmuş və nəticədə İcra şöbəsi tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “X2 Azərbaycan” QSC xx.xx.2023-cü il tarixli ərizə ilə Xəzər rayon İcra şöbəsinə müraciət edərək, Cavabdeh tərəfindən Xəzər Rayon Məhkəməsinin e-2(003)-723/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ödənilməsi tələb olunan məbləğ ödənildiyi üçün qanunvericilikdən irəli gələn tələblərin həyata keçirilməsi xahiş edilmiş və Xəzər rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərar ilə Xəzər Rayon Məhkəməsinin e-2(003)-723/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir.
9. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı “X2 Azərbaycan” QSC sözügedən qətnamənin icrasının tərəfindən Cavabdeh "xxxx" MMC-ə göstərilmiş xidmətlər qarşılığında 140.74 manat məbləğində ödəniş həyata keçirilməsi barədə məlumat verilmiş, lakin həmin məbləğ pretenziya məktubunda qeyd olunan müddət ərzində ödənilmədiyindən deliktlərdən əmələ gələn öhdəliklər üzrə maddi ziyanın ödənilməsi iddiası ilə məhkəməyə müraciət olunmuşdur.
10. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı “X2 Azərbaycan” QSC məhkəmənin sözügedən xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan borcun icrasının "xxxx" MMC tərəfindən təmin etdirildiyini və bu xidmətə görə iddiaçı tərəfindən həmin quruma müvafiq ödəniş edildiyi üçün həmin ödənişin iddiaçıya vurulmuş zərər qismində cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Belə ki, iddia ərizəsində qeyd olunur ki, iddiaçı “X2 Azərbaycan” QSC "Hüquqi xidmət haqqında" xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmiş, “Lider Legal MMC” də borcun geri ödətdirilməsi üçün aidiyyəti orqanlara müraciət etmiş, nəticədə Cavabdeh tərəfindən 938.3 manat məbləğində borcun ödənilməsi “Lider Legal“ MMC tərəfindən təmin edilmiş və müqavilənin şərtlərinə uyğun olaraq bu ödənişlərə görə iddiaçı tərəfindən "xxxx" MMC-yə 140.74 manat məbləğində xidmət haqqı ödənilmişdir. Cavabdeh isə bu tələbə etiraz edərək, sözügedən borc barəsində məhkəmə qərarının olduğunu və həmin məhkəmə qərarının Xəzər rayon İcra şöbəsi tərəfindən icra etdirildiyini, "xxxx" MMC barədə heç bir məlumatının olmadığını və həmin şirkət tərəfindən ümumiyyətlə ona müraciət edilmədiyini, ona görə tələb əsassız olduğundan rədd edilməli olduğunu bildirir.
11. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün fiziki və hüquqi şəxslər, dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların icrasına məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Bu imperativ tələb Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir, qanuni qüvvəyə minmiş bu qərarlar bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2 və 3-cü maddələrinə əsasən də, məhkəmə qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir və həmin qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri bütün orqanlar, hüquqi və fiziki şəxslər üçün məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
12. Habelə Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. (“İcra haqqında” AR Qanununun 20-ci maddəsinin şərh ediləsinə dair” xx.xx.2017-ci il tarixli Qərarı; “İcra haqqında” AR Qanununun 1, 10, 24 və 26-cı maddələrinin şərh ediləsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı, “Mülki Prosessual Məcəllənin 232-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2025ci il tarixli Qərarı və s.) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilmişdir.
13. Göründüyü kimi, məhkəmə qərarlarının icrası bütün orqanlar, hüquqi və fiziki şəxslər üçün məcburidir və onların icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməli, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin etməli, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməli, o cümlədən məcburi icra tədbirləri görməlidir.
14. Məhkəmə tərəfindən araşdırılan sübutlar əsasında müəyyən olunur ki, cavabdehdən borcun tutulması üçün məhkəməyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddiaçı bankın özü müraciət etmiş, həmin tələb üzrə müvafiq məhkəmə qətnaməsi çıxarılmış, daha sonra məhkəmə tərəfindən həmin iş üzrə icra sənədi verilmiş, icra sənədi əsasında icra şöbəsi tərəfindən icraat başalnılaraq icra sənədi icra etdirilmiş və nəticədə icra şöbəsi tərəfindən iddiaçının müraciətinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə qətnaməsinin məhz icra məmurları tərəfindən icra etdirilməli olduğu barədə qanunvericiliyin tələbini və məhkəmə araşdırması ilə sözügedən məhkəmə qətnaməsinin məhz Xəzər rayon İcra şöbəsi tərəfindən icra olunduğu müəyyən edildiyi üçün məhkəmə hsab edir ki, hazırki tələbin hüquqi əsası yoxdur.
15. Habelə, mülki qanunvericilik hüquqdan sui-istifadə edilməsini qadağan edir. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560-cı maddəsinə əsasən də, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Lakin iddiaçının hüquqi şəxs (Bank) olması, kredit borclarının alınması üçün müvafiq qurumlarının olması və məhkəmə qətnamələrinin məcburi icrasının təmin etdirilməsinin icra məmurlarının müstəsna səlahiyyətində olduğunu nəzərə alaraq, iddiaçının qüvvədə olan məhkəmə qətnaməsinin icra etdirilməsi üçün qanunvericiliyin tələbinə uyğun olmayaraq icra məmuruna deyil, başqa şəxslərə müraciət etməsi və nəticədə zərərin yaranmasına səbəb olmaqla, bu zərərin (ödənişin) borcludan tələb edilməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
16. Digər tərəfdən, mülki qanunvericiliyə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (Mülki Məcəllənin 21, 448.1, 448.2, 443.1, 443.2-ci maddələri.)
17. Habelə Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə, zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Lakin nəzərə alınmalıdır ki, Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (“Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərar)
18. Göründüyü kimi, qanunverici zərərin ödənilməsini 1. zərərin mövcud olması, 2. zərərin öhdəliyin pozulması nəticəsində vurulması, 3. zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və 4. zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Mülki prosessual qanunvericiliyə əsasən də, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM 14.2, 77-ci maddələri) Ona görə də hazırda iddia tələbinin (zərərin) qeyd olunanlar çərçivəsində sübuta yetirilməsi iddiaçının öhdəliyidir. Ancaq məhkəmə iclası dəfələrlə təxirə salınmasına baxmayaraq, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbi ilə əlaqədar bütün sübutları elektron kabinet vasitəsilə təqdim etdiklərini, iclaslarda iştirak etməyəcəklərini bildirərək, həmin sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə qeyd edir ki, əvvəla iddiaçı iddia ərizəsinin əsaslandırıcı hissəsində hər nə qədər cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin müddəalarına istinad etsə də, həmin müqaviləni ümumiyyətlə məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı hər nə qədər “X2 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli müqaviləyə istinad edərək həmin müqaviləni təqdim etsə də (həmin müqaviləyə əsasən "xxxx" MMC iddiaçıya müvafiq xidmətlər göstərməyi, iddiaçı isə bunun əvəzində qarşı tərəfə müəyyənləşdirilmiş haqq ödəməyi öhdəsinə götürmüşdür), "xxxx" MMC tərəfindən həqiqətən də sözügedən məhkəmə qətnaməsinin icrası çərçivəsində hansısa xidmətlər göstərilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, məhkəmə qətnaməsinin icrasının təmin etdirilməsi də icra məmurlarının müstəsna səlahiyyətindədir. İş üzrə cavabdeh də izahatlarında "xxxx" MMC barəsində məlumatlı olmadığını, barəsində qəbul edilmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar yalnız icra şöbəsinin icra məmuru ilə əlaqədə olduğunu və icra şöbəsi tərəfindən icranın təmin etdirildiyini bildirmişdir. Eləcə də zərərin ümumiyyətlə mövcudluğu, yəni tələb edilən məbləğin həqiqətən də "xxxx" MMC-yə ödənilməsini təsdiq edən hər hansı həqiqi, mümkün və mötəbər sübut da məhkəməyə təqdim edilməmişdir. Qeyd edək ki, həmin məbləğin iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilməsi barədə sadəcə iddiaçının özü tərəfindən tərtib edilən maliyyə arayış təqdim olunmuşdur ki, həmin sənəd də birtərəfli xarakter daşımaqla, təzibedilməzlik və şübhədənkənar sübut meyarlarına uyğun deyil. Halbuki həmin müqavilənin hər iki tərəfinin hüquqi şəxs (Bank və MMC) olması nəzərə alındığında, onlar arasında müvafiq ödənişlərin yalnız qanunvericiliyin tələbinə uyğun həyata keçirilməli olduğu və bunun müvafiq qəbz və ya başqa bir təsdiqedici sənədlə təsdiq edilməli olması nəzərə alınmalıdır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları isə başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunanlardan göründüyü kimi, tələb olunan zərərin mövcudluğu da işin məhkəmə tərəfindən araşdırılan halları ilə sübut olunmur.
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
21. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması barədə” iddia tələbi təmin edilməməlidir.
22. Məhkəmə həmçinin iddia tələbinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcinə aid olan dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinedən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Natiq Əsgərov