Məhkəmə qərarları › İş №e-2(003)-2945/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2945/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2945/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, iddiaçı ləğv prosesində olan “Dəmirbank» ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan “Dəmirbank» ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 738,37 manat əsas, 525,78 manat faiz, 617,78 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 107 manat faiz borcun və iş üzrə ödənilmiş 39,89 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh arasında bağlanmış 1199/14 saylı xx.xx.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə əsasında Bank cavabdehin nəfinə 24 ay müddətinə 800 manat məbləğində kredit xətti açmışdır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilmişdir. Həmin müqavilə əsasında tərəflər arasında bağlanmış 02 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” sözü “Kredit müqaviləsi” sözü ilə əvəz edilmişdir. Kredit xəttindən kreditə çevrilmiş borc Restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 790,73 manat hesablanmışdır. Restrukturizasiya edilmiş kredifin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Əlavə Saziş imzalandığı tarixdən etibarən cavabdeh banka illik 17% ödənilməli olmuşdur. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. xx.xx.2023-cü il tarixə Cavabdeh müqavilə üzrə cəmi borcu 1988,93 manat təşkil edir. Bundan 738,37 manat əsas, 525,79 manat faiz, 617,76 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəmsinin 24.122014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 107 manat faiz borcu təşkil edir. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin göndərilmiş zərf rabitə orqanı tərəfindən üzərində “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2014-cü il tarixli, 1199/14 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, həmin müqavilə “Dəmirbank» ASC ilə Cavabdeh arasında sonuncuya 24 ay müddətinə 800 manat kredit xəttin açılması haqqında bağlanmışdır. - “Dəmirbank» ASC ilə Cavabdeh arasında bağlanmış 497378 saylı xx.xx.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə 2 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə sazişdən görünür ki, həmin saziş “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilməsi, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 790,73 manat əsas borc təşkil edən qalığın kreditə çevirilməsi, kreditin müdətinin xx.xx.2020-ci il tarixədək (36 ay müddət) təşkil etməsi, kreditin istifadəsinə görə borcalan kreditora illik 17 faiz ödəməsi, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 34 faiz dəbbə pulunun hesablanması və borcalan tərəfindən kreditora ödənilməsi haqqında bağlanmışdır. -ödəniş cədvəlindən görünür ki, Cavabdeh yuxarıda qeyd olunan saziş üzrə öhdəliyini xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ayda 28,19 manat, sonuncu ayı isə 28,24 manat ödəniş etməklə yerinə yetirməlidir. - maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixə ləğv prosesində olan “Dəmirbank» ASC-yə 738,37 manat əsas, 525,78 manat faiz, 617,78 manat cərimə, gecikdirilmiş günlər üçün illik 5 faiz hesablanmış 107 manat faiz borcu olmaqla cəmi 1988,93 manat məbləğində borcu vardır. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən yaranmış borcun 3 gün müddətində ödənilməsinin təmin edilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən 39,89 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materialları ilə müəyyən edilir ki, iş üzrə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə iddiaçı tərəfindən 36 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 790,73 manat məbləğində kredit verilmişdir. Kreditalan (cavabdeh) kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş və kredit müqaviləsi şərtlərini pozmuşdur və kredit borcunu ödəməmişdir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən yaranmış əsas və faiz borcunun, eyni zamanda gecikdirilmiş günlər üçün illik 5 faiz hesablanmış borcun tələb etməkdə haqlı olmuşdur. Məhkəmə, iddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 738,37 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 617,78 manat cərimənin tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 738,37 manat əsas, 525,78 manat faiz, 50 manat cərimə və gecikdirilmiş günlər üçün illik 5 faiz hesablanmış 107 manat faiz borcu olmaqla cəmi 1421,15 manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 39,89 manat iddiaçı ləğv prosesində olan “Dəmirbank» ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-263,33, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 738,37 manat əsas, 525,78 manat faiz, 50 manat cərimə və gecikdirilmiş günlər üçün illik 5 faiz hesablanmış 107 manat faiz borcu olmaqla cəmi 1421,15 manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 39,89 manat alınaraq iddiaçı ləğv prosesində olan “Dəmirbank» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar