Məhkəmə qərarları › İş №e-2(003)-3033/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3033/2023

23.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3033/2023 23.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödnilməmiş 1943 manat 88 qəpik və mediasiya xərci üçün ödənilmiş 55 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixində İddiaçı MMC-nin -OBA Qala 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3491 manat 26 qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1943 manat 88 qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1943 manat 88 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndəiddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışına hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, o, İddiaçı MMC-də bir il satıcı, 3 il isə administrator vəzifəsində işləmişdir. İşlədiyi müddətdə hər 15 gündən bir marketdə tərfiş olmuş və hər bir mala baxılmışdır. O, yaxşı işçi olmuş və iclaslarda həmişə onun adı yaxşı işçi kimi səsləndirilmişdir. O, iddiaçıya ziyan vurmamışdır. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan -xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, həmin tarixdə "xxxx" MMC ("xxxx" MMC) ilə Cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanılmış və ona hər ay 153 manat məbləğində əmək haqqı ödənilməklə satıcı-kassir vəzifəsinə işə götürülmüşdür. -tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, yuxarıda qeyd olunan müqaviləyə dəyişiklik və əlavələr edilərək Cavabdeh administrator vəsifəsinə keçirilmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli X1 haqqında müqavilədən görünür ki, Cavabdeh, ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə öhdəliklər götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Həmin müqavilənin 3.3-ci bəndinə əsasən işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla yanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. -xx.xx.2022-ci il tarixli 093 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2022ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən xitam verilmişdir. -xx.xx.2022-ci il tarixli aktivlər üzrə invertarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, mağazanın maddi-məsul şəxsi Cavabdeh olan Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi G178 ünvanında yerləşən OBA-QALA 2 mağazada malların inventarizasiyası həyata keçirilmiş və nəticədə 3491,27 manat məbləğində əskikgəlmə müəyyən edilmişdir. -xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, İddiaçı MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən OBA-QALA 2 mağazasında maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2022-ci il tarixi vəziyyətinə invertarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazılıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh invertarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (3491,27 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. - mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 4 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, cavabdeh mediasiya sesiyasında iştirak etməməsi səbəbindən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh ilə "OBA MARKET” MMC arasında 1xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2018-ci il tarixdən "OBA Market” MMC-də satıcı-kassir vəzifəsində işləməyə başlamış, xx.xx.2019-cu il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə əlavəyə əsaəsn həmin tarixdən administrator vəzifəsinə keçirilmişdir. Eyni zamanda tərəflər arasında X1 haqqında müqavilə bağlanılmışdır. İşlədiyi dövrdə İddiaçı MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən OBA-QALA 2 mağazasında (maddiməsul şəxs olduğu mağazada) xx.xx.2022-ci il tarixdə invertarizasiya keçirilmiş, inventarizasiya nəticəsində 3491,27 manat məbləğində əksikgəlmələr müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs ( borclu ) başqa şəxsin ( kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə Olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu mədəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X1 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdeh iddiaçı, yəni işəgötürən şəxs qarşısında öz üzərinə X1 götürdüyündən onun administrator vəzifəsində işlədiyi mağazada yaranmış əksikgəlmənin ondan tələb edilməsi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1943,88 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 55 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1943,88 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 55 manat alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar