Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3051/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "FİNCA Azerbaijan" MM QBKT iləcavabdeh X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0730 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 4439.90 AZN (dörd min dörd yüz otuz doqquz manat,doxsan qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3.82 AZN. dörd il müddətində isə hər ay 94.42 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh, X8 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Sonuncu olan məlumata əsasən X8 vəfat etmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən X6 və Cavabdeh kredit müqaviləsi üzrə borcun məbləği 4439,90 AZN əsas, faiz borcu üzrə 91,57 AZN, cərimə borcuna görə 0,00 AZN olmaqla cəmi 4531,47 (dörd min beş yüz otuz bir manat, qırx yeddi qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Göstərilənləri nəzərə alaraq, Cavabdeh borcun məbləği 4439,90 AZN əsas, faiz borcu üzrə 91,57 AZN, cərimə borcuna görə 0,00 AZN olmaqla cəmi 4531,47 AZN həmçinin, ödənilmiş 65.30 manat məbləğində dövlət rüsumunun "FİNCA Azerbaijan" MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh xx.xx.2022-ci il tarixdə həmin bildirişi qəbul etmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X5 ilə X8 arasında xx.xx.2019-cu il tarixli **********0730 saylı Kredit (restrukturizasiya) müqaviləsi bağlanmış, keçmiş kredit borcunun 4439,90 manat qalıq məbləği borcluya 1 il güzəşt müddəti ilə 5 il müddətinə illik 1% ödəmək şərtilə verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 4439,90 manat borcu banka odəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, X6 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 4439,90 manat əsas borc, 91,57 manat faiz borcu olmaqla, cəmi 4531,47 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən aydın olur ki, X6 öhdəliklərinin təminatı olaraq Cavabdeh zamin qismində məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 65,30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X5 ilə X8 arasında xx.xx.2019-cu il tarixli **********0730 saylı Kredit (restrukturizasiya) müqaviləsi bağlanmış, keçmiş kredit borcunun 4439,90 manat qalıq məbləği borcluya 1 il güzəşt müddəti ilə 5 il müddətinə illik 1% ödəmək şərtilə verilmişdir. Müqavilənin təminatı kimi X6 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh zamin kimi öhdəlik götürmüşdür. Borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə borcu yaranmışdır. İş üzrə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X5 kredit məbləğini X7 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin o, müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. X2 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, borclu müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, borclu müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işdən görünür ki, xx.xx.2019-cu il tarixli **********0730 saylı Kredit (restrukturizasiya) müqaviləsi üzrə X2 ölmüş, həmçinin müqavilənin təminatı kimi X6 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh zamin kimi öhdəlik götürmüşdür. Məhkəmə cavabdehin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, müqavilə üzrə alınmış öhdəliyə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faizlərin ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: birgə məsuliyyət, subsidiar məsuliyyət. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarından görünür ki, Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Həmin Qərardan görünür ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh digər cavabdeh X6 iddiaçı ilə olan xx.xx.2019-cu il tarixli **********0730 saylı Kredit (restrukturizasiya) müqaviləsi üzrə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan borclunun pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzər(lər)inə götürmüşdür(lər). Borclu vəfat etsə də, zaminliyə xitam verilməmiş, zaminin borclunun öhdəliklərinə görə kreditor qarşısında birgə məsuliyyəti müəyyən edilmişdir. Buna görə də borclu vəfat etdiyindən, həmçinin zaminliklə təmin edilmiş pul öhdəliyi icra edilmədiyindən, cavabdeh borcun ödənilməsi üçün İddiaçı Qeyri- Bank Kredit X1rşısında məsuliyyət daşıyır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 65,30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X5-nin xeyrinə Cavabdeh 4439,90 manat əsas borc, 91,57 manat faiz borcu, ödənilmiş 65,30 manat dövlət rüsumu olmaqla, cəmi 4596,77 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 xeyrinə Cavabdeh 4439,90 manat əsas borc, 91,57 manat faiz borcu, ödənilmiş 65,30 manat dövlət rüsumu olmaqla, cəmi 4596,77 manat (dörd min beş yüz doxsan altı manat, yetmiş yeddi qəpik) məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-3051/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3051/2022
04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver