Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-31/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14835 (on dörd min səkkiz yüz otuz beş) manat məbləğində maddi ziyan və 134,50 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 iyun 2022-ci il tarixdə idarə etdiyi “Hyundai Elantra” markalı, **-TK-*** dövlət nömrə nişanlı avtomobillə Xəzər rayonu, Qala qəsəbəsi, X1 dairəsindən çıxıb Türkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Cavabdeh оğlunun idarə etdiyi “Toyota Prius” markalı, **-SY-*** dövlət nömrə nişanlı avtomobil ilə tоqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı təqsiri müəyyən olunduğundan barəsində Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanaraq baxılması üçün Bakı şəhəri Xəzər Rayоn Məhkəməsinə göndərilmişdir. Cavabdeh оğlu isə yol-nəqliyyat hadisəsində təqsirli bilinərək Xəzər rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 manat məbləğində cərimə olunmuşdur. "xxxx" ASC tərəfindən vеrilmiş 03 oktyabr 2022-ci il tarixli akta əsasən İddiaçı avtоmоbilinə dəymiş ziyan ümumilikdə 14835 manat məbləğində qiymətləndirilmişdir. Bundan 6360 manat işçilərin əmək haqqı olmuş ki, işdə olan qəbzlərə əsasən tam olaraq ödənilmişdir. Ehtiyyat hissələri isə 8475 manat təşkil etmiş və həmin hissələr alınaraq avtomobil tam təmir olunmuşdur. Hal-hazıradək cavabdеh İddiaçı avtоmоbilinə dəymiş ziyanı ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, o, iddiaçıya ziyan vurmamışdır. Ziyan iddiaçı tərəfindən ona vurulmuşdur. Ona dəyən zərər ödənilməmişdir. Ona 10000 manat dəyərində zərər dəymişdir. İddiaçı həmin puldan 2000 manatını vermişdir. Sığorta şirkəti zərəri qarşı tərəfin ödəməli olduğunu bildirmişdir. Verdiyi yazılı izahatın da izahatı kimi qəbul edilməsini xahiş etdi. Cavabdeh yazılı izahat göndərərək bildirmişdir ki, bu günədək bir gün belə olsun araşdırma aparılmamış, tərəf olaraq mövqeyləri dinlənilməmişdir. İddiadan görünür ki, təqsirləndirilən şəxs zərərçəkəndən pul tələb edir, zərərçəkənə cəmi 7972 manat ziyan hesablandığı halda iddiaçı yeni nəqliyyat vasitəsi yığdıraraq 14385 manat pul tələb edir. Haqlı olaraq ekspert imtina etmişdir rəy verməkdən. İddianın əsasına baxılsa iddiaçı hesab edir ki, xx.xx.2023-cü il tarixli, TP 5573450 saylı qərara əsasən inzibati qaydada 10 manat cərimə edildikləri üçün iddiaçıya maddi ziyan ödəməlidirlər. xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, qeyd edilən qərara əsasən İXM-nin 328.1-ci maddəsinə əsasən hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə inzibati xəta törədilmişdir. İddiaçının işə əlavə etdiyi İttiham Aktı və həmin ittiham aktına artıq hüquqi qiymət verilərək qəbul edilən hökmlərə əsasən müəyyən olunur ki, - xx.xx.2022-ci il tarixli Ekspert Rəyinə əsasən müəyyən edilmişdir ki, faktiki hərəkət sürəti 60 km/saat (V(NV1)) olmuşdur. Ekspert sürət həddini 60 km/saat müəyyən etdiyi halda DYP sürət həddini aşmağa görə cərimə tətbiq edilməsinin bu inzibati orqanların peşəkarlığından xəbər verir. İddiaçı bu peşakarlıq nəticəsində qəbul edilən qərarı əldə edərək dərhal məhkəməyə üz tutmuş və özləri də inanırlar ki iddiları bu əsasla əsaslıdır. Cavabdeh olaraq hesab edir ki nə qədər ki xx.xx.2022-ci il tarixli Ekspert Rəyinə əsasən müəyyən edilmişdir ki hadisə vaxtı sürət həddini aşmamışlar və hadisənin törədilməsinə görə hər hansı məsuliyyət barədə barələrində inzibati, məhkəmə və ya digər qanuni qüvvəyə minmiş qərar yoxdursa cavadeh iddaya cavab verməli olan şəxs deyildir. Bu səbədən işi uzadıb ekspertizaya göndərməyin də hüquqi əhəmiyyəti yoxdur. xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərara əsasən inzibati qaydada 10 manat cərimə edildiyi hazırkı yol hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Cinayət işinin materiallarından görünür ki, ekspert müyyən edib ki, cavabdehin sürət həddini aşmayıb, əksinə bu qərarda isə deyilir ki sürət həddini aşıb. Bu səbəbdən də hesab edir ki, hazırkı qərar iddianın təmin edilməsi üçün əsas ola bilməz, iddia təmin edilməməlidir. İddiaçı tələm tələsik yeni ehtiyat hissələri alaraq bu qədər xərcə düşüb, əslində əvvəkiləri bərpa etsə idi daha ucuz ola bilərdi. Bundan başqa iddiaçı bu günədək cavabdehə vurduğu və hökmlə müəyəyn edilən maddi ziyanı ödəməkdən imtina edir ki, pulu yoxdur, ancaq 14380 manat maşınına pul xərcləmişdir. Qeyd edilən 14380 manat pulu olmadığndan hesab edir vurulan ziyan reallığı tam əks elətdirmir. Belə də ki, əgər iddiaçı və onunla razılaşaraq məhkəmə hesab edərsə ki, iddianın xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərardan görünür ki, qeyd edilən Qərara əsasən qəbul edilməsi mümkündür, bu da əsassızdır. xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərar yoxdur, ləğv edilib. İddiaçının başqa istinad edə biləcəyi Qərar varsa təqdim edə bilər. xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərar Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(003)-743/2023 saylı Qərarı ilə ləğv edilmişdir. Hətta həmin işə baxılarkən iddiaçı 3(003)-743/2023 saylı işə dair sənədlər təqdim edəcəyi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə, yəni məhkəmə iclasndan 7 gün əvvəldən müraciət etmişdir, hesab etmişdir ki, həmin işdə mühüm tərəf və mühüm sübutları olan şəxsdir, hətta məhkəmədən iclasa 7 gün qalmasına baxmayaraq iclasın təxirə salınmasını xahiş edir. Ərizə hazırda da iş materiallarda qalır itməsi mümkün deyidir, xatırladır ki, dəftərxana vasitəsi ilə təqdim edilmişdir. (əlavə olunur) Qeyd edilənlərə əsasən iddia tamamilə əsassız olduğundan qeyd şərtsiz təmin edilməməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Xəzər rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat cərimə edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-175/2023 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-452/2024 saylı qərarından görünür ki, hökm dəyişdirilərək hökmdən İddiaçı Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilmiş və həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(003)-743/2023 saylı qərarından görünür ki, Cavabdeh şikayəti təmin edilərək Xəzər rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarı inzibati xəta tərkibi olmaması əsası ilə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. -Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Fərəhnaz Hüseynova- Kamalzadə xx.xx.2024-cü il tarixli məlumat tərtib edərək orada bildirmişdir ki, 2(003)- 93/2024 No-li iş üzrə tərəfinizdən xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının aparılması və rǝy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Ekspert qarşısında qoyulmuş "1. İş materiallarına əsasən "Hyundai Elantra" markalı ** TK *** dövlət nömrə nişanlı avtomobilə dəymiş real maddi zərər işdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında göstərilən məbləğlərə uyğundurmu? 2. Əgər uyğun deyildirsə, avtomaşına dəymiş zərərin məbləği 2022-ci ilin iyun ayı üçün qiymətlər nəzərə alınmaqla nə qədər təşkil edir? 3. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında avtomaşının təmiri üçün tələb olunan xərclər siyahısında göstərilən ehtiyat hissələrinin və təmir xərclərinin dəyəri (2022ci ilin iyun ayı üçün) bazar qiymətlərinə uyğundurmu?" suallarının həll edilməsi üçün tədqiqat obyekti olan 2016-cı il buraxılışlı "Hyundai Elantra" markalı 10- TK-624 dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci il tarixə ehtiyyat hissələrinin satışına və qiymətinə məlumat olmadığından qiymətləndirilmə aparmaq mümkün olmadı. Göstərilənləri nəzərə alaraq, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.3-cü bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı təqsiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmişdir. Lakin, cavabdeh barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar sonradan məhkəmənin qərarı ilə ləğv edilmişdir. Belə olan halda, cavabdehin heç bir təqsiri olmadığına görə mülki hüquq pozuntusu törətməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması; 3) təqsir (qəsd və ya ehtiyatsızlıq); və 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə qeyd edir ki, Cavabdeh hüquqa zidd əməli (inzibati xəta törətməsi) törətməsi müəyyən edilmədiyinə görə dəymiş ziyanın ödənilməsi ilə bağlı məsuliyyəti də Cavabdeh daşımır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-31/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-31/2025
04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver