Məhkəmə qərarları › İş №e-2(003)-3188/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3188/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3188/2025 24.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı "xxxx" ASC cavabdeh X7 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 7289.56 manat əsas borc, vəfat etdiyi tarixə faiz borcu 138.74 manat olmaqla, cəmi 7428.3 manat, kart krediti zrə 700 manat əsas, 15.79 manat faiz borcu olmaqla, 715.79 manat kredit borcunun və ödənilmiş 101.45 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış BPM**********90 nömrəli xx.xx.2023-ci il tarixli tam kart müqaviləsinə əsasən müştəriyə 35 ay müddətinə 700 manat məbləğində, BPM**********83 nömrəli xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən müştəriyə 59 ay müddətinə 7800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2024-cu il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş nağd kredit üzrə 7289.56 manat əsas, 138.74 manat faiz borcu olmaqla, cəmi 7428.3 manat, kart krediti üzrə 700 manat əsas, 15.79 manat faiz borcu olmaqla, 715.79 manat kredit borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-cü il tarixində 6-2-22/2-21207/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 101.45 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, həmçinin izahatında cavabdehin kredit müqavilələri üzrə borclu (mərhum) X3 vərəsəsi olduğunu, onun anasından qalan miras əmlakı tam həcmdə qəbul etdiyini, vərəsəlik şəhadətnaməsində hansısa əmlakın qeyd olunması vərəsəyə yalnız həmin miqdarda əmlakın vərəsəliklə keçdiyini sübut etmədiyini, notarius tərəfindən miras əmlakın siyahıya alınmadığını, cavabdehin özünün izahatı ilə anasında miras qalan daşınmaz əmlaka, yəni evə də faktiki sahiblik etdiyini, mirasın yalnız ödəniş və əşyalardan ibarət olmadığını, mirasın həmçinin hüquq və öhdəliklərdən ibarət olduğunu, bu səbəbdən cavabdehdən hazırkı iddia tələbi üzrə müvafiq bütün borcların tutulmalı olduğunu qeyd etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbinə etiraz etdiyini, vərəsəlik haqqında şəhadətnamədə anasından qalmış bütün miras əmlakın qeyd olunduğunu, miras əmlakın yalnız DSMF tərəfindən ona ödəniləcək 1191.15 manat məbləğdən və son haqq hesabı olaraq 23.56 manat ödənişdən ibarət olduğunu, ona anasının vəfatı ilə əlaqədar veriləcək əmək haqqının üç misli miqdarında müavinətin (1287.1 manat) isə miras əmlaka aid olmadığını, ona görə həmin məbləğdən borcun tutulmalı olmadığını, özünün əvvəldən vərəsəlik məsələləri ilə bağlı heç bir məlumatının olmadığını, anasının iş yerindən ona bu barədə məlumat verildiyini və müavinətlə bağlı ödənişi almaq üçün notariusa müraciət etdiyini, anasından ona başqa miras əmlakın qalmadığını, hazırda özünün ana və atasının birgə nikah dövründə Qala qəsəbəsində tikdikləri evdə yaşadığını, həmin evin heç bir sənədinin olmadığını qeyd etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. "xxxx" Açıq Səhmdar Cəmiyyət ilə X5 arasında bağlanmış BPM**********90 nömrəli xx.xx.2023-ci il tarixli tam kart müqaviləsindən görünür ki, bank tərəfindən X4 illik 24 faizlə, 35 ay müddətinə 700 manat məbləğində kredit verilmişdir.

6. "xxxx" Açıq Səhmdar Cəmiyyət ilə X5 arasında bağlanmış BPM**********83 nömrəli xx.xx.2024-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X4 illik 22.9 faizlə, 59 ay müddətinə 7800 manat məbləğində kredit verilmişdir.

7. 20 iyun 2025-ci il tarixli "xxxx" ASC-nin Sabunçu filialının maliyyə arayışından görünür ki, BPM**********90 nömrəli xx.xx.2023-ci il tarixli tam kart müqaviləsi üzrə X3 vəfat etdiyi tarixə banka 700 AZN məbləğində əsas və 15.79 AZN faiz borcu olmaqla, cəmi 715.79 AZN (yeddi yüz on beş manat yetmiş doqquz qəpik) məbləğində borcu yaranmışdır.

8. 20 iyun 2025-ci il tarixli "xxxx" ASC-nin Sabunçu filialının maliyyə arayışından görünür ki, BPM**********83 nömrəli xx.xx.2024-cü il tarixli nağd kredit müqaviləsi üzrə X3 vəfat etdiyi tarixə banka 7289.56 AZN məbləğində əsas və 138.74 AZN faiz borcu olmaqla, cəmi 7428.3 AZN (yeddi min dörd yüz iyirmi səkkiz manat otuz qəpik) məbləğində borcu yaranmışdır.

9. AZ-İİ seriyalı, 438584 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

10. 2475480005395 nömrəli ərizədən görünür ki, X9 yoldaşı – X2 qalan miras əmlakın ona çatmalı olan hissəsindən qızı Cavabdeh xeyrinə imtina etmişdir.

11. xx.xx.2025-ci il tarixli 2V-266 reyestr nömrəli “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 45 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-cui il tarixli məktubuna əsasən son haqqq hesabı 23.56 AZN və DSMF tərəfindən ödəniləcək xəstəlik vərəqəsinin məbləği 1191.15 AZN pul vəsaitindən ibarətdir.

12. xx.xx.2025-ci il tarixli 891 nömrəli məktubdan görünür ki, X3 vəfatı ilə əlaqədar verilən əmək haqqının üç misli miqdarında müavinət (1287.1 manat) miras əmlakın toplusuna daxil deyildir. X3 vəfatı ilə əlaqədar verilən müavinət onun qızı – Cavabdeh ödənilməlidir.

13. "xxxx" ASC tərəfindən X3 vərəsəsi Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, BPM**********83 nömrəli xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən 7289.56 manat əsas və buna müvafiq hesablanmış faiz borcu, həmçinin BPM**********90 nömrəli xx.xx.2023-ci il tarixli tam kart müqaviləsinə əsasən 700 manat əsas və buna müvafiq hesablanmış faiz borcu barədə xəbərdarlıq edilmiş və bütün borcun 3 gün ərzində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

14. 21.06.2025-ci il tarixli, **********nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən hazırkı tələb üzrə məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 101.45 AZN (bir yüz bir manat qırx beş qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

15. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

17. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

18. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

19. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

20. 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

21. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

22. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

23. 1254-cü maddəsinə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün bu Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Mirasın siyahıya alınması barədə vərəsənin notariusa müraciət etdiyi andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı dayandırılır. Mirasın notarius tərəfindən siyahıya alındığı (siyahıya alınacaq əmlakın olmadığı hallarda isə vərəsənin müraciətinin cavablandırıldığı) andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı bərpa edilir. Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

24. 1255-ci maddəsinə əsasən, vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər.

25. 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.

26. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

27. 1306.4-cü maddəsinə əsasən, mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

28. 1306.5-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarına əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 aprel 2023-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsinə əsasən, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

Məhkəmənin mövqeyi:

32. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir.

33. Məhkəmə araşadırması ilə müəyyən edilən iş üçün əhəmiyyət kəsb edən hallar ondan ibarətdir ki, iddiaçı Bank ilə kreditalan X5 arasında iki kredit müqaviləsi – xx.xx.2023-ci il tarixli tam kart müqaviləsi və xx.xx.2024-ci il tarixli kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən X4 xx.xx.2023-cü il tarixli müqavilə üzrə 35 ay müddətinə, illik 24% ödəmək şərtilə 700 manat məbləğində və xx.xx.2024-ci il tarixli kredit müqavilə üzrə 59 ay müddətinə, illik 22.9% ödəmək şərtilə 7800 manat məbləğində nağd pul krediti verilmişdir. X1 xx.xx.2024-cü il tarixində vəfat etmiş və vəfat etdiyi tarixə onun banka xx.xx.2023-cü il tarixli müqavilə üzrə 700 AZN məbləğində əsas və 15.79 AZN faiz borcu olmaqla, cəmi 715.79 AZN, xx.xx.2024-ci il tarixli kredit müqavilə üzrə 7289.56 AZN məbləğində əsas və 138.74 AZN faiz borcu olmaqla, cəmi 7428.3 AZN, ümumilikdə 8144.09 AZN borcu yaranmışdır. X3 vəfatından sonra vərəsəlik işi açılmış, onun əri X9 miras əmlakın ona çatmalı olan hissəsindən qızı Cavabdeh xeyrinə imtina etmiş, miras əmlakdan tam hissədə pay Cavabdeh tərəfindən qəbul edilmiş və ona xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli bildiriş göndərilərək, miras qoyanının borcları barədə xəbərdarlıq edilmiş və bütün borcun 3 gün ərzində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. (§ 5-13) Həmçinin cavabdeh izahatında ana və atasının birgə nikah dövründə tikdiyi fərdi yaşayış evinə faktiki sahiblik etdiyini, ancaq evin sənədinin olmadığını qeyd etmişdir.

34. Yuxarıda qeyd olunan qanunvericilik normalarının işin faktiki hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, X1nın miras əmlakı vərəsəsi Cavabdeh tərəfindən tam hissədə qəbul edildiyindən, o, universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş sayılır və ona görə də iddiaçının həmin vərəsədən (cavabdehdən) mərhum tərəfindən ödənilməmiş borcun ödənilməsini tələb etmək hüququ vardır. Belə ki, hazırda iddiaçının cavabdehə qarşı olan iddia tələbi miras qoyanın iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsindən yaranmış olan öhdəlikləri ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan, yəni üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xaraketerli öhdəliklərdir. Bu səbəbdən kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsəsi tərəfindən icra edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh miras qoyan borcludan miras əmlakı yeganə vərəsə olaraq tam həcmdə qəbul etdiyindən, kredit müqaviləsi üzrə ödəliklərin icrasının cavabdehdən tələb olunması əsaslıdır.

35. Bununla yanaşı, Cavabdeh etirazına, yəni onun anasından (borcludan) qalmış miras əmlakın yalnız DSMF tərəfindən ona ödəniləcək 1191.15 manat və son haqq hesab olaraq 23.56 manat ödənişdən ibarət olduğu və borcun yalnız həmin məbləğə yönəldilməli olduğu barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən, vərəsə mirasın bir hissəsini qəbul etdikdə, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş sayılır. Vərəsə mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində “Notariat haqqında” Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu halda miras əmlak notarius tərəfindən siyahıya alınır, siyahıya alınacaq əmlak olmadığı hallarda isə vərəsənin müraciəti müvafiq olaraq cavablandırılır. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. (MM mad. 1243, 1254, 1306) Həmçinin, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddənin tələbinə görə, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (istisnasını həmin Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir).

36. Qanunvericiliyin tələbindən göründüyü kimi, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükü vərəsənin üzərinə düşür. Cavabdeh (vərəsə) hər nə qədər miras qoyandan qalmış miras əmlakın yalnız vərəsəlik şəhadətnaməsində göstərilən əmlakdan (pul məbləğindən) ibarət olduğunu qeyd etsə də, bunu təsdiq edən hər hansı mümkün və mötəbər sübut təqdim etməmişdir. Habelə notarius tərəfindən miras əmlakın siyahıya alınması halı da sübut edilmir. Beləliklə, vərəsə (cavabdeh) miras əmlakın kütləsini və onun miras qoyanın borclarından az olduğunu sübuta yetirə bilməmişdir. Ona görə, cavabdehin həmin dəlili (etirazı) əsaslı hesab edilə bilməz.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli tam kart müqaviləsinə əsasən 700 manat əsas borc və 15.79 manat faiz borcu və xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən 7289.56 manat əsas borc və 138.74 manat fazi borcu olmaqla, ümumilikdə 8144.09 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Məhkəmə iddia tələbinin ödənilmiş 101.45 (bir yüz bir manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx) qəpik məbləğində xidmət haqqının cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb edilməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması hissəsində təmin edilməli, 101.45 (bir yüz bir manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx) qəpik xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

40. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli, xx.xx.2023-cü il tarixli tam kart müqaviləsinə əsasən 700 AZN (yeddi yüz manat) əsas borc və 15.79 AZN (on beş manat yetmiş doqquz qəpik) fazi borcu və xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən 7289.56 AZN (yeddi min iki yüz səksən doqquz manat əlli altı qəpik) əsas borc və 138.74 AZN (bir yüz otuz səkkiz manat yetmiş dörd qəpik) fazi borcu olmaqla, ümumilikdə 8144.09 AZN (səkkiz min bir yüz qırx dörd manat doqquz qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 101.45 AZN (bir yüz bir manat qırx beş qəpik) dövlət rüsumu və 0.4 AZN (qırx qəpik) xidmət haqqı X3 vərəsəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli tam kart müqaviləsinə əsasən 700 AZN (yeddi yüz manat) əsas borc və 15.79 AZN (on beş manat yetmiş doqquz qəpik) fazi borcu və xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən 7289.56 AZN (yeddi min iki yüz səksən doqquz manat əlli altı qəpik) əsas borc və 138.74 AZN (bir yüz otuz səkkiz manat yetmiş dörd qəpik) fazi borcu olmaqla ümumilikdə 8144.09 AZN (səkkiz min bir yüz qırx dörd manat doqquz qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 101.45 AZN (bir yüz bir manat qırx beş qəpik) dövlət rüsumu və 0.4 AZN (qırx qəpik) xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar